Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın adından mətbuatda yayılan bəyanat etirazlara səbəb olub. Söhbət Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın ötən gün sərsəm münasibət bildirməsinə rəsmi Bakının olduqca loyal, dişsiz, bir az da ehtiyatlı reaksiyasından gedir.
Məlum olduğu kimi, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanata, mərhələli həlli özündə ehtiva edən razılaşma variantının masa üzərində olmasına dair dediklərinə Ermənistanın XİN rəhbəri kəskin münasibət bildirib. Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib. Eyni zamanda indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib. Mnatsakanyan həyasızcasına deyib ki, heç bir ərazi qaytarılmasından söhbət gedə bilməz.
O, hətta Ağdam rayonunu “təhlükəsizlik zolağı” olaraq təqdim edib və azərbaycanlı həmkarından tutarlı cavab almayıb. Daha sonra Azərbaycan XİN ənənəvi qaydada Helsinki Yekun Aktına və digər beynəlxalq sənədlərə istinad edərək öz aləmində rəsmi İrəvana cavab verib. Təbii ki, bu cavab mətbuat xidmətinin adına yazıla bilməz, bu, bütövlükdə XİN-in mövqeyidir. Bütün dünya bilir ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, işğal zonasında Nikol Paşinyanın oğlu daxil, Ermənistandan gəlmiş hərbçilər yerləşdirilib, süni məskunlaşdırma davam edir. Belə olan halda Ermənistan XİN rəhbərinin hətta Dağlıq Qarabağın hüdudlarından kənar rayonlara da açıq iddia ortaya qoyması, bunu danışıqların gedişində bəyan etməsi və üstəlik Qarabağ danışıqlarının davamı barədə anlaşmanın əldə olunması başa düşülmür. Məntiqlə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Lavrovun və həmsədrlərin iştirak etdiyi video-müzakirələrdə rəsmi Bakının və Azərbaycan xalqının mövqeyini ifadə edib danışıqların əhəmiyyətsizliyi barədə açıq mətnlə mövqe bildirməli idi. Cənab Məmmədyarov heç olmasa Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından, həmçinin dövlət başçımızın Münhendə Nikol Paşinyanı beynəlxalq aləmin gözü qarşısında rəzil vəziyyətə salmasından nümunə götürməli, hücum diplomatiyası barədə ali rəhbərliyin yürütdüyü siyasi kursa uyğun davranmalı idi.
Ermənilərlə savaşda bizim qəti mövqeyi olan Ali Baş komandanımız var, güclü ordumuz var, Vətən üçün qan tökməyə hazır xalqımız var, lakin diplomatik artilleriya qurğularımız və canlı birləşmələrimiz sınıq-salxaq vəziyyətdədir
|
Tofiq Zülfüqarov
Bu barədə Musavat.com-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun cavabı kifayət qədər sərt oldu: “Erməni nazirə bu şəkildə reaksiya verilməsinin səbəblərindən söhbət gedirsə, bunun çox sadə cavabı ondan ibarətdir ki, bu nazirlik bizə, yəni Azərbaycan adında ölkəyə işləmir. Azdan-çoxdan peşə baxımından mənim də hansısa biliklərim var. Bu mənada mən hal-hazırda nazirlikdən ayrı cavab gözləmirəm”.
T.Zülfüqarov onu da bildirdi ki, vəziyyəti bildiyindən nazirliyin cavabları heç vaxt onunçün maraqlı olmayıb. Nazirlərin virtual görüşünə gəldikdə, T.Zülfüqarov bildirdi ki, orda deyilən sözləri şərh etmək düzgün olmaz: “Mənimçün maraq kəsb edən bunlar deyil. Mənimçün maraqlı budur ki, bunlar nəyə görə birdən-birə oyanıb hamısı bir yerdə danışmağa başlayıb? Əsas məsələ budur. Hamı başa düşür ki, koronavirus ötüb keçəcək. Amma iqtisadi böhran, maliyyə böhranı, Rusiyanın mövcud vəziyyəti bir çoxlarını düşündürür. Bu mənada birmənalı demək olar ki, artıq Ermənistanın işğalçı mövqeyinin əsas potensialı olan Rusiyanın dəstəyi demək olar qalmayıb. Bir müddət əvvəl də buna aid fikirlər səsləndirmişik ki, indi Azərbaycan Ermənistanla üzbəüz qalıb. Təbii ki, bu vəziyyət ilk növbədə erməniləri və onların havadarlarını narahat edir. Onlar başa düşürlər ki, bu gün heç olmasa bəyanat vermək iqtidarındadırlar, böhran davam etdikcə heç bəyanata da ehtiyac qalmayacaq. Odur ki, öz varlığını göstərmək və Ermənistana hansısa proseslərin getdiyini, guya nə isə danışıqların getdiyini nümayiş etdirmək üçün təbii ki, bu səhnəciyi, teatrı bizim üçün yaradıblar”.
Fazil Mustafa
Deputat Fazil Mustafa bu mövzuda sosial şəbəkədə ayrıca statusla çıxış edib. Millət vəkili bildirib: “Ötən gün Rusiyanın xarici işlər naziri Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin də danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verdi. Ardınca Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Düşündüm ki, bu erməni həyasızlığının cavabının sərt şəkildə ilk olaraq görəsən hansı qurum verəcəkdir? Baxdım ki, yenə də sərt və tutarlı cavab Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən gəldi. İllərdir artıq alışmışıq: işğalçı Ermənistanın bütün sayıqlamalarının cavabını “Valday” Diskussiya Klubunda, MDB dövlət başçılarının zirvə görüşdə, yaxud Münhen Təhlükəsizlik konfransı çərçivəsində təşkil olunan açıq debatda birbaşa ölkə prezidenti cənab İlham Əliyevin özü verir. Bəzən də bu missiyanı başqa platformalarda onun administrasiyasının məsul şəxsləri öz üzərinə götürürlər”.
F.Mustafa bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” keçirməsinə münasibətdə də yenə bu yükü İlham Əliyev öz çiyninə götürərək 2020-ci ilin 1-ci rübünün sosial-iqtisadi yekunlara həsr olunan müşavirədə Azərbaycanın qəti mövqeyini ifadə etdi və sistemli çalışan erməni xarici siyasət maşınının formalaşdırdığı təbliğatın effektini heçə endirdi: “Bizim bu milli davamızın yükünü ən çox ölkə prezidenti, ardınca da ayrı-ayrı siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətənsevər ekspertlər, diaspora təmsilçiləri götürərək haqq işimizi təbliğ etməklə illərdir erməni yalanlarının effektini azaltmağa çalışırlar. Bu savaşda görünməyən yalnız bir qurum var. O da bu sahədə cəbhənin ön xəttində olması vəzifə borcu sayılan xarici işlər nazirliyimiz və xarici işlər nazirimiz cənab Elmar Məmmədyarovdur. Fərdi qaydada alt səviyyələrdə fədakarlıq edən bir sıra diplomatlarımızın əziyyətlərini yerə vurmadan əminliklə söyləyə bilərəm ki, bizim xarici işlər nazirliyimiz özünü ATƏT-in Minsk Qrupunun yaratdığı bir firma kimi aparır. Diqqət etsəniz, görərsiniz ki, Ermənistan xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda Azərbaycan xarici işlər naziri cəbhədə atəşkəsin gücləndirilməsindən, COVİD-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışır. Özünü ölkə prezidentindən mandat almış şəxs kimi deyil, sanki ATƏT-in Minsk Qrupu həmsədrlərindən mandat almış filial təmsilçisi kimi apararaq Ermənistan xarici işlər naziri ilə birlikdə 2+3 formatında birgə bəyanatla çıxış edir. Bu o deməkdir ki, ermənilərlə savaşda bizim qəti mövqeyi olan Ali Baş komandanımız var, güclü ordumuz var, Vətən üçün qan tökməyə hazır xalqımız var, lakin diplomatik artilleriya qurğularımız və canlı birləşmələrimiz sınıq-salxaq vəziyyətdədir”.
Deputat bildirib: “Bütün ölkə və dünya koronavirusla mübarizə apararkən xarici işlər nazirliyinin Azərbaycan idarəetmə sistemində qətiyyən rolu görünmür. Yalnız martın sonundan alayarımçıq nəsə bir iş görməyə başladı və onu da effektli şəkildə başa çatdırmadı. Azərbaycanın gördüyü uğurlu işlər, islahatların xarakteri və mahiyyəti hələ də beynəlxalq auditoriyaya lazımi səviyyədə çatdırılmır, beynəlxalq təşkilatlar və digər dövlətlərlə qalıcı faydalı əlaqələr qurulmur. Xaricdə olan vətəndaşlarla görüşmək və durumu izah etmək, həll yolu tapmaq əvəzinə, səfirlərin əksəriyyəti problemi Bakının üstünə atmaqla məşğuldur. Bütün dünyada durum gərgin olduğu halda Azərbaycanın bir sıra ölkələrdəki səfirləri Bakıda istirahətdədirlər. İndi də bəhanə edib işlədikləri ölkələrə qayıtmırlar. Səfirlərin əksəriyyəti çalışdıqları ölkələrin media məkanında deyil, daha çox Azərbaycan mətbuatında özlərini göstərməklə məşğuldurlar. Diqqət yetirdikdə görürsən ki, Azərbaycanın xarici işlər naziri yeni tezis və mahiyyət ortaya qoymadan dişsiz, tutarsız və yalnız təkrarlara əsaslanan tezislər əsasında çıxış edir. Sanki ölkənin milli maraqlara əsaslanan mövqeyini qəti, birmənalı və əsaslı şəkildə ifadə etməkdən çəkinir və ya qorxur. İşğalçı tərəf olan Ermənistan daha sərt və tələbkar formada çıxış edir və bizim xarici işlər nazirliyi isə əsasən özünü sığortalamaq prinsipindən çıxış edir. Özünü heç kimlə pis etməmək, “konstruktiv” görünmək kimi meyarlara üstünlük verir. Sanki öz fəaliyyəti ilə Azərbaycanın dövlət başçısını, Azərbaycan xalqını deyil, bizə qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatları, ATƏT-in Misk qrupunun həmsədrlərini razı salmaq üçün çalışır”.
F.Mustafa qeyd edib ki, mart ayının sonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilər keçirildi, ənənəvi olaraq Azərbaycanın xarici işlər nazirliyi öz rolunu sadəcə əvvəlki illərdə verdiyi bəyanatı təkrarlamaqda gördü: “Nə Azərbaycanın xarici işlər naziri, nə də müavinlərindən hər hansı biri başlarını özləri üçün diplomatik sanatoriyaya çevirdikləri nazirliyin virtual binasından çölə çıxarıb ciddi bir mövqe ifadə etmədilər. Qondarma “seçkilər”lə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı da Azərbaycanın maraqlarına uyğun gəlmirdi. Xarici işlər nazirliyi sanki bu işin səhiyyə nazirliyinə aid məsələ olduğunu düşünərək həmsədr ölkələrə tutarlı cavab vermədi. Bu qurumun başında duran şəxslərin öz vəzifə borclarına ciddi yanaşmaması, hər şeyi “öz-özünə düzələcək” inancı ilə əhəmiyyətsizləşdirməsi belə bir təşkilatın varlığı ilə yoxluğu arasında bir fərqin duyulmadığını göstərir. Onların əvəzinə yenə də bu işi Azərbaycan prezidenti gördü və ən sərt formada qondarma qurumun “saxta seçkilərinin” mahiyyətini ifşa etdi”.
Millət vəkili daha sonra yazıb: “Öz maraq standartlarından formalaşdırdıqları insan hüquqlarını əllərində bayraq edərək Azərbaycana təzyiq göstərməyə çalışan ermənipərəst beynəlxalq təşkilatların da cavabını çox nadir hallarda xarici işlər nazirliyi verir. Bu qərəzli qüvvələrin də tutarlı cavabını yenə də ölkə prezidenti İlham Əliyev verməyə məcbur qalır. Bütün bunlar, eyni zamanda xarici işlər nazirliyinin aparatında və bir çox diplomatik nümayəndəliklərdə mövcud olan yarıtmaz kadr siyasətinin nəticəsidir. Bu qurumda coğrafi bölgü prinsipi əsasında siyasi idarələrin rəisi olan şəxslərin əksəriyyəti, ümumiyyətlə diplomatik fəaliyyətə yararsızdılar. Ancaq gün keçirməklə məşğuldurlar və ölkənin tale yüklü problemlərinin həllinə biganə yanaşırlar. Bu gün xarici işlər nazirliyində olan ətalət və qeyri-peşəkarlıq mühitinə görə illər uzunu formalaşmış peşəkar kadrlar, vətənpərvər insanlar diplomatik fəaliyyətdən bezərək uzaqlaşırlar. Burada işə götürmə qaydaları qeyri-şəffaf xarakter daşıyır. Xarici işlər nazirliyinin konsulluq idarəsi də mahiyyət etibarilə vətəndaşları incitmək və rüşvətxorluq prinsipləri əsasında çalışır. Bir neçə dəfə Milli Məclisin plenar iclasında da səsləndirmişəm ki, Azərbaycanın xarici işlər nazirliyi ölkə prezidentinin yürütdüyü hücum xarakterli diplomatiyaya dəstək vermək və bundan irəli gələn tapşırıqları icra etmək gücündə və iqtidarında deyil. Həm də əminliklə söyləyə bilərəm ki, buna heç maraqlı da deyillər. Əgər biz, bu ölkənin maraqlarını fədakarcasına müdafiə edən, buna bir şərəf məsələsi kimi baxan bir xarici siyasət qurumuna, bir vətənsevər və peşəkar nazirə, eyni zamanda sağlam diplomatik korpusa sahib olmasaq, bu sahədə nöqsanları düzəltməsək, ciddi kadr islahatları aparmasaq, COVİD-19 fəlakətindən sonra başlayacaq yeni və daha ağır beynəlxalq münasibətlər sistemində fəal oyunçuya çevrilməkdə çətinlik çəkəcəyik”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında nazirliyin bu mövqeyindən təəccüblənmədiyini söylədi: “Xarici İşlər Nazirliyi həmişəki açıqlamaları verib. Guya bizim nazirlik nə zaman dişli açıqlamalar verib ki?” Ekspert hesab edir ki, mövqe konkret və birmənalı olmalı idi: “Əslində qətiyyətlə tələb qoyulmalı idi ki, bəli, münaqişə yalnız mərhələli şəkildə, BMT qətnamələrinə istinadən həll olunmalıdır, bunun xaricində istənilən yanaşma bölgəni müharibəyə aparır. Bəyan olunmalı idi ki, indiki ağır şəraitdə biz Ermənistandan yalnız mərhələli həll planının qəbul olunmasını gözləyirik. Əks halda vəziyyətin ağır olmasına baxmayaraq, yenə də gərəkli addımları ata bilərik”.