Baş nazir Əli Əsədovun imzaladığı Qərara görə, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən;
1. Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:
1.1. ünvanlı dövlət sosial yardımı alanlar;
1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
1.2.2. işsiz kimi qeydiyyatda olanlar;
1.2.3. yaşa görə əmək pensiyaçıları;
1.2.4. yaşa görə sosial müavinət alanlar.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirsinlər.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etsin.