Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədə Konstitusiya dəyişikliyi edilməsi üçün referendum keçiriləcəyi ehtimalının olduğunu açıqlayıb. F.Ağamalı bildirib ki, ölkənin gələcək inkişafında mühüm rol oynaya biləcək çox ciddi hadisələr baş verə bilər.
“Ola bilsin ki, mən belə güman edirəm, Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum keçirilsin. Hazırda müzakirə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi ilə bağlıdır. Yəni mojaritar və proporsional seçki sistemi birlikdə tətbiq ediləcək. Bu ideyanın ardıcıl tərəfdarlarından biri də mənəm. Bu, partiyaların siyasi sistemdə yerini və rolunu gücləndirə bilər. Seçkidən sonra hər bir partiya biləcək ki, cəmiyyətdəki gücü nədən ibarətdir. Güman edirəm ki, yaxın vaxtlarda ölkədə referendum keçiriləcək. Konstitusiyada Milli Məclislə bağlı seçkilərin keçirilməsi noyabrında təsbit olunmuşdu. Biz artıq fevralda növbədənkənar seçkiləri keçirdik. Bu məntiqdən çıxış edərək düşünürəm ki, Azərbaycanda bir müddət sonra referendum keçirilə bilər. Konstitusiyada mühüm əhəmiyyət kəsb edən, ölkə prezidentinin ortaya qoyduğu siyasi iradənin və islahatların mahiyyəti olaraq bəzi dəyişikliklər ola bilər. Konstitusiyada mühüm əhəmiyyət kəsb edən, bu gün ölkə prezidentinin ortaya qoymuş olduğu siyasi iradənin və islahatların mahiyyətinə uyğun olaraq dəyişikliklərin olacağını gözləyirəm. Təbii ki, bu, mənim gümanımdır”, - deyə deputat qeyd edib.
Müxalifət düşərgəsi də hesab edir ki, proporsional seçki sisteminə keçid üçün referendum keçirilməsi lazımdır.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a şərhində bildirdi ki, referendum keçiriləcəyi, yeni “Siyasi partiyalar haqqında” Qanun qəbul olunacağı barədə gözləntilər var: “Tam olaraq proporsional seçki sisteminə keçiləcəyi barədə iqtidarın hansısa addım atacağı o qədər də inandırıcı görünmür. Qarışıq sistemə keçid isə ehtimal edilə bilər. Hakimiyyət özünə sərf edən nisbi majoritar sistemdən imtina edərmi? Əlbəttə yox. Amma siyasi sistemin, parlamentin, siyasi partiyaların özlərinin güclənməsi üçün proporsional seçki sisteminin bərpa olunması vacib şərtdir. Əks halda, siyasi partiyaların yerini radikal dini kəsim, söyüşsöyən müxalifət, feminizm və digər adlar altında Azərbaycana süni surətdə ixrac olunan qışqırıqçı müxalifət və s. tutacaq. Bunlar da olacaq yeni müxalifət”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, artıq bir müddətdir ölkədə yenidən konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcəyi barədə söhbətlər gəzir: “Əslində bir çox konstitusion dəyişikliklərlə bağlı referendumun keçirilməsi labüddür: ”Bununla bağlı həm biz, AĞ Partiya olaraq, həm də digər müxalifət partiyaları mütəmadi fikirlərimizi bildirmişik. Parlamentə keçirilən seçkilərin ya tam, ya da qismən proporsional sistemə keçməsi zamanın tələbidir və bunun üçün də mütləqdir ki, referendum keçirilməlidir. Yəni əgər proporsional seçki sisteminə keçid üçün referendum keçirilərsə, biz bunu dəstəkləyərik. Artıq parlamenti peşəkarlaşdırmaq zamanıdır, majoritar seçki sistemində isə təsadüfi namizədlər və millət vəkilləri təmsil oluna bilir. Ümumiyyətlə isə növbədənkənar parlament seçkilərinin keçirilməsi konstitusiya dəyişikliyini labüd edib. Belə ki, növbədənkənar seçkilər konstitusiyada seçkilərin zamanı barədə olan maddənin yenidən dəyişdirilərək hazırkı vaxta uyğunlaşdırılmasını tələb edir. Mən iqtidara təklif edərdim ki, bu prosesi fürsət bilərək qeyd edilən konstitusion dəyişiklikləri də etsinlər. Bununla da çoxpartiyalı sistemin yaşaması və güclənməsi üçün çox önəmli nüans olan proporsional seçki sistemini qəbul etsin. Beləliklə də dövlət bübcəsindən əlavə xərc olmadan 1 dəfəyə bir neçə məsələnin həllinə nail olar".
Prezidentin keçmiş köməkçisi, politoloq Eldar Namazov isə moderator.az-a deyib ki, referendum keçirilməsi ehtimalı yüksəkdir: “Bu yeniliklər təkcə parlamentlə bağlı deyil. Bilirsiniz ki, bu yeniliklərlə paralel olaraq Prezident Administrasiyasının Siyasi partiyalarla iş və qanunvericilik şöbəsi də ölkədəki partiya rəhbərlərini dəvət edib onlarla görüşlər keçirir, müzakirələr aparır.
Ölkədəki siyasi dəyişikliklər təkcə parlamentlə məhdudlaşmır, daha geniş bir prosesdir. Siyasi partiya nümayəndələri ilə görüşlərin keçirilməsi də bir yenilik idi və cəmiyyətdə kifayət qədər müzakirə predmeti oldu. Uzun illərdir müxalifət partiyaları ilə hakimiyyət arasında heç bir faktiki dialoq mövcud olmayıb. Lakin indi bu, adi hala çevrilir. Bu proses cəmiyyət tərəfindən fövqəladə bir hadisə kimi yox, normal siyasi proseslər kimi qəbul edilməyə başlayıb. Əslində bu, belə də olmalıdır və çox müsbət haldır. Parlamentdəki yeniliklərə də bu görüşlərin davamı kimi baxmaq lazımdır və əsas diqqət prezidentin parlamentin ilk icalsında verdiyi mesajlara yönəlməlidir. Burada ilk növbədə Azərbaycan prezidentinin Milli Məclisdəki çxışına diqqət yetirmək lazımdır. Prezident İlham Əliyev açıq söylədi ki, ölkədə güclü çoxpartiyalı siyasi sistem formalaşmalıdır. Bununla bağlı müəyyən addımlar da atıldığını, siyasi partiyalarla görüşləri xatırlatdı və qeyd etdi ki, bunlarla bağlı ona müntəzəm məruzələr edilir. Parlamentdəki dəyişikliklə bağlı da öz fikirlərini bildirdi və bir daha dedi ki, Azərbaycanda çoxpartiyalı sistem qurulmalıdır. Düşünürəm ki, prezident açıq mesaj verdi ki, bu sistemi qurmaq üçün ona müəyyən kriteriyalar, siyasi instrumentlər lazımdır və bu, hələ formalaşmayıb. Dövlət başçısı bu mövzunu ictimai diskussiyanın öhdəliyinə buraxdı. Bu, gələcəkdə Azərbaycanda yeni seçki sisteminin formalaşdırılması zərurətindən xəbər verir. Mən hesab edirəm ki, bu kriteriyalar haqqında prezident mesaj verərkən ən yaxşı instrument elə parlament seçkilərində proporsional sistemin bərpa olunmasıdır. Söhbət tamamilə bu sistemə keçiddən yox, majoritarla proporsional sistemin qarışığı olan bir formatdan getməlidir. Prezidentin çıxışından da bu nəticəyə gəlmək olar. Çünki məhz proporsional sistemdə partiyaların real gücü ortaya çıxır, güclər nisbəti məlum olur və buna uyğun olaraq da partiyalar Milli Məclisdə təmsil olunurlar. Burada həm instrumentariya aydın olur, həm kriteriyalar müəyyənləşir. Mənim fikrimcə, burada ən efferktiv üsul proporsional seçki sisteminin bərpası və majoritar sistemlə birgə qarışıq seçki sisteminin yaradılmasıdır".(musavat.com)