İrəvanda təhdidə məruz qalan Moldovanın ombudsmanı Aureliya Qriqoriu bu gün Kişinyovda mətbuat konfransı keçirərək Ermənistanda onun həyatına yaranmış təhlükə barədə məlumat verib.
Ermənistan parlamentində Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etdiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırım törətdiyini bəyan etdiyinə görə İrəvanda hədə-qorxu ilə üzləşən moldovalı ombudsman vətəninə qayıtdıqdan sonra bir sıra məqamlara aydınlıq gətirib. Ombudsman bildirib ki, həqiqətləri dediyinə görə, erməni diplomatların ondan üzr istəməsini tələb ediblər. Lakin o, bunu etməyib.
Onu da deyək ki, Moldovanın paytaxtı Kişinyovda keçirilən mətbuat konfrasında erməni diasporu və erməni KİV-lərinin nümayəndələrindən başqa heç kim olmayıb.
Hüquq müdafiəçisi İrəvanda parlamentin binasında keçirilən konfransda səsləndirdiyi “Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib” fikrini dedikdən sonra baş verənlərdən danışıb: "Mənim oteldəki nömrəmə zənglər gəldi, Facebookdakı səhifəmə hədə dolu şərhlər gəldi, mənə başa salmağa çalışırdılar ki, mən ermənilərə qarşı səhv etmişəm. Məni meydana çıxarıb necə lazımdır payımı verəcəkləri ilə hədələdilər".
Hüquq müdafiəçisinin sözlərinə görə, o, sadəcə olaraq həqiqəti deyib və baş verənlərin arxasında Ermənistan rəsmiləri durub.
Mətbuat konfransında Aureliya Qriqoriu bir sıra ittihamlarla rastlaşıb və bu sonda hüquq müdafiəçisində erməni diasporunun nümayəndələrinin az qala onu təqib etdiyi təəssüratını yaradıb...//anspress.com//