Moskva Azərbaycanın işğal altındakı Xankəndi şəhərinə Kremlin siyasi texnoloqlarından ibarət "siyasi desant" göndərib.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Past” nəşri məlumat yayıb. Bu informasiyaya inansaq, hazırda rus polittexnoloqlar martın 31-də keçiriləcək qanunsuz “seçki”lərdə “prezident”liyə namizəd, Qarabağ savaşında səhra komandiri olmuş general-mayor Vitali Balasanyanın “seçki”qərargahında çalışır...
Məlumatdakı daha bir detal xüsusi diqqətə layiqdir: guya Qarabağ “prezident”liyinə namizədlərdən biri və “parlament” “seçki”lərində iştirak edən qüvvələrdən birinin rəhbərinin Rusiya Federasiyası ilə problemləri var. Onlar 5 il müddətinə Rusiyaya daxil olmaq hüququndan məhrum ediliblər...
Deyilənlərdən bir daha Moskvanın Qarabağdakı proseslərə, o cümlədən “seçkilərə” biganə qalmadığı anlaşılır. Və məlum olur ki, Kreml daha çox “təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyanın “prezident” “seçilməsi”nə çalışır...
P.S. Yenə də aydın olur ki, Ermənistanda olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində də Rusiya və Qərbin, ABŞ-ın kəşfiyyat “müharibəsi” də gedir...
P.P.S. “KQB” “şineli”ndən çıxmış Rusiya prezidenti Putinin eyni sovet kəşfiyyat qurumunun Güney Qafqazda fəal fiqurlarından olan Robert Köçəryan və Serjik Sərkisyana, eləcə də onların klanından olanlara dəstək verməsi təəccüblü deyil. Qarabağ müharibəsində, Azərbaycan torpaqlarının işğalında fəal iştirak etmiş keçmiş “təhlükəsizlik” katibi, erməni səhra komandiri V.Balasanyanın da daha çox Köçəryanla bağlılığı və hələ 1980-1990-cı illərdən Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi haqda informasiyalar əvvəllər də səslənib. Ümumiyyətlə, Kreml postsovet məkanını hələ də “KQB” rıçaqlarıyla idarə etməyə, xalqların sərvətlərini talamağa çalışır və keçmiş müttəfiq respublikalarda, eləcə də onlardan “qoparılmış” separatçı qurumlardakı seçkilərdə də həmin qurumla bağlı olan fiqurlara dəstək verir...