Artıq bir necə aydır ki, bütün dünyanı sarsıdan ölümcül koronavirus epidemiyasının Azərbaycanda da aşkarlanması ölkədə ciddi narahatçılğa səbəb olub. Məlum olduğu kimi, artıq Azərbaycanda 3 nəfərin koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu da əhali arasında təşvişi bir qədər də artırıb.
Düzdür, Azərbaycan hökuməti koronavirus epidemiyasının ölkədə kütləvi şəkildə yayılmasının qarşısının alınması üçün müəyyən addımlar atıb.Nazirlər Kabinetinin yanında operativ qərargah yaradılıb. Sərhəd-keçid məntəqələri, xəstəxanalar koronavirusa qarşı bütün diaqnostika və mübarizə vasitələrilə təmin edilib. Koronavirusun geniş yayıldığı İranla sərhəd bağlanıb. Baş Nazirin sədrliyi ilə hökumət komissiyasının yaradıldığı, yanvarın 30-dan epidemiyaya qarşı Fəaliyyət Planının təsdiqləndiyi açıqlanıb
Ölkədə beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları yaradılıb. Bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşan bu laboratoriyalar paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.
Ancaq bununla belə əhali arasında koronavirusla bağlı panikanın aradan qalxdığını söyləmək mümkün deyil. Bunun bir səbəbi əlbəttə, mediada, sosial şəbəkələrdə koronavirusla bağlı yalılan şişirdilmiş məlumatlar, bəzi xəstəxanalardakı xoşagəlməz vəziyyətə dair görüntülərdisə, digər səbəbi də işbazlların bu vəziyyətdən yüksək qazanc əldə etmək məqsədilə atdığı çirkin addımlardır.
Belə ki, hələ koronavirus Azərbaycana keçməmiş, qonşu İranda yayıldıqdan dərhal sonra ölkədə elementar tibbi vasitələr, xüsusən də spirt və sadə tibbi maskalar qıtlaşmağa başladı. Ölkədə ilk koronavirusa yoluxma faktının qeydə alındığı xəbərindən sonra isə spirt və tibbi maskalar apteklərdən yoxa çıxdı.
Artıq bir həftədən artıqdır ki, Bakının əksər apteklərində tibbi spirt və maskaları, hətta qrip əleyhinə dərmanları tapmaq qeyri-mümkündür. Baxmayaraq ki, Nazirlər Kabineti epidemiyadan qorunmaq üçün ölkədə kifayət qədər tibbi ləvazimatların olduğunu açıqlayıb… Apteklərdə isə bunun tam əksi müşahidə olunur.
Son 2-3 gün ərzində həmkarlarımız, o cümlədən saytımızın əməkdaşları paytaxtın bütün rayonlarında aptekləri gəzərək, maska və spirt almağa çalışsalar da, əksəriyyətində “yoxdur” cavabı alıblar. Bəzi apteklərdə isə maska və spirtlər dəyərindən dəfələrlə artıq qiymətə satılılmaqdadır.
Belə ki, əvəllər apteklərdə 10 qəpiyə satıılan sadə maskalar 1-1,5 manata qaldırılıb. Respublikanın bəzi şəhər və rayonlarında hətta bu maskaların 2-3 manata satıldığı xəbərləri yayılıb.
Əvəllər 2 manata olan filtirli maskalar isə apteklərdə 4-5 manata qədər qaldırılıb.
Təxminən 1 manata satılan spirtin qiyməti isə 3 manata qaldırılıb. Bu da təbii olaraq əhali arasında ciddi narazılığa səbəb olub.
Belə anlaşılır ki, işbazlar koronavirus epidemiyası ilə bağlı əhalinın narahatçılığından istifadə edərək əvəlcə maska və spirt qıtlığı yaradaraq, ölkədə təşvişin artmasına səbəb olurlar. Sonra isə maska və spirti apteklərdə baha qiymətdən satışa çıxardaraq böyük pullar qazanırlar. Yəni, klassik fırıldaqçılıqdan istifadə edərək ciblərini doldururlar.
Bəs bunu edən kimlərdir?
Apteklər problemin onlarla bağlı olmadığını bildirirlər. Bəzi aptek sahibləri maska və spirtləri satıb qutardıqlarını, yeni partiyanın isə gəlmədiyini söyləyirlər. Qeyd edirlər ki, depolar maska və spirt ehtiyatlarını qutardığını iddia edərək, onları əliboş yola salırlar.
Maska və spirti baha satan apteklər isə, qiyməti özlərinin deyil, onları dərman və tibbi ləvazimatlrla təmin edən şirkətlərin qaldırdığını iddia edirlər. Bu sırada ən çox adı çəkilən isə “Avromed” şirkətidir.
Bu da təsadüfü deyil, Məlum olduğu kimi, “Avromed” şirkəti ölkədə dərman, tibbi ləvazimat və peraparatlar bazarının böyük hissəsinə nəzarət edir. Ölkədəki apteklərin əksəriyyəti ya birbaşa “Avromed” şirkətinin nəzrətindədir, ya da dərman, tibbi ləvazimat və peraparatlarıi bu şirkətdən alır. Buna görə də, ölkədə maska və spirtlə bağlı yaranmış problemin həmdə “Avromed” şirkəti ilə bağlı olduğu şübhə doğurmur.
Elə şirkətin mətbuatın bu məsələ ilə bağl suallarını cavablandırmaqdan yayınması da bu ehtimalı artırır. Belə ki, bir sıra mətbuat orqanlarının əməkdaşları Bakıda maska qıtlığı ilə bağlı “Avromed” rəsmilərilə əlaqə saxlamağa çalışısalar da, buna nail ola bilməyiblər. Şirkətin telefon zənglərinə cavab verən operatoru səlahiyyətli şəxsin ölkədə olmadığını bildirib.
“Tibbi maskalarla bağlı suala ancaq şirkətimizin əməkdaşı Əzizə xanım cavab verə bilər. Amma o hələ Bakıda deyil, Moskvadadır. Gəldikdən sonra əlaqə saxlaya bilərsiniz”-deyə, bildiriblər.
Ötən müddətdə “Avromed”in məsələ ilə bağlı hər hansı açıqlama verməməsi, ictimaiyyət tərəfindən şirkətin rəhbərliyinə qarşı ittihamların daha da artmasına səbəb olub.
Sosial şəbəkələrdə, internet televiziyalarında “Avromed” şirkətinin sahibi kimi tanınan sabiq deputat, hazırda 115 saylı Şəki kənd seçki dairəsindən lider namizəd olan Cavanşir Feyziyevə qarşı ağır ittihamlar səsləndirilib. Məhz onun göstərişi ilə, apteklərə maskaların verilməsinin məhdudlaşdırıldığı, qiymətinin kəskin artırıldğı bildirilir.
İctimaiyyət nümayəndələri bu faktı qəti şəkildə pisləyərək, hökuməti “Avromed” şirkəti və onun rəhbərliyilə bağlı tədbir görməyə çağırıblar.
Məsələn, tanınmış yazar, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Cavanşir Feyziyevin dövlətin sityasətini sobataj etdiyini vurğulayaraq, ona deputat mandatının verilməməli olduğunu bildirib. Eyni zaman prokurorluğu ölkədə maska qıtlığı yaradanlar, o cümlədən Cavanşir Feyziyevlə bağlı araşdırma aparmağa çağırıb.
Əvəz Zeynalı dərman və tibbi vasitələri bazarını inhisarda saxlayan şirkətlərin sadə maskaları dəyərindən 10 dəfələrlə artıq qiymətə satmaqla, son bir həftə ərzində 20 milyon əlavə qazanc əldə etdiyini vurgulayıb.
Ölkədə maska və spirt qıtlığının yaradılmasında da məqsədin məhz bu cür qeyri-qanuni yüksək qazanc əldə etmək olduğu bildirilir.
Eyni zamanda dərman şirkətlərinin, o cümlədən “Avromed”in qarşıdakı aylarda regionda, eləcədə ölkədə vəziyyətin daha da kəskinləşə biləcəyini nəzərə alaraq, sonralar daha baha qiymətə satmaq üçün maska və spirtin böyük hissəsini gizli anbarlarında saxladığına dair iddialar var.
Bəzi iddialarda isə, dərman şirkətlərinin ölkədəki bəzi tibbi ləvazimat və preparatları, o cümlədən maskaları koronovirusun geniş yayılması səbəbindən ciddi ehtiyac duyulan və bu üzdən də qiyməti qalxan ölkələrə – Cinə, İrana satdıqları bildirilir.
Nazirlər Kabineti ötən həftə bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən müxtəlif yollarla aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verməsinin də bununla bağlı olduğu bildirilir…
Ortada bu cür ciddi ittihamların olmasına baxmayaraq nə “Avromed” şirkəti, nə Cavanşir Feyziyev məsələyə aydınlıq gətirmək üçün hər hansı açıqlama ilə çıxış etmirlər. Bu da iddialara veriləcək cavablarının olmadığı qənaətini yaradır.
Qeyd edək ki, dərman şirkətlərinin, o cümlədən “Avromed”in ölkədə vəziyyətin ağırlaşmasından istifadə edərək, yüksək qazanc götürmək üçün satdıqları dərman, tibbi ləvazimat və preparatların qiymətlərini kəskin qaldırmaları faktına bundan əvvəllər də rast gəlinib.
Məsələn, 2015-ci ildə manatın kəskin devalvasiyasından sonra dərman şirkətləri, o cümlədən “Avromed” qiymətləri kəskin artırmışdılar. Prezidentin tapşırığından sonra Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi apteklərdə monitorinqlər apararaq, qiymətlərin ən azı 30 faiz, bəzən isə dəfələrlə artdırıldığını təsbit etmişdi.
Həmin vaxt dövlət strukturları dərman şirkətlərinin rəhbərlərini yola gətirməyə çalışdılar ki, heç olmasa qiymətlərin artımını müvəqqəti dayandırsınlar. Şirkət rəhbərləri dövlət qurumlarının bu çağırışına razılıq versə də, apteklərə dərman verilməsini dayandırmişdılar. Depolardan apteklərə yalnız gündəlik ehtiyac duyulan ucuz dərmanlar verilir, bir çox xəstələr üçün həyati əhəmiyyət daşıyan dərmanların satışı isə dayandırılmışdı. Başqa sözlə, dövlətin siyasəti sabotaj edilmişdi.
Həmim vaxt Prezident İlham Əliyev buna sərt reaksiya verərək, ölkədə dərmanlara vahid qiymət qoyulmasının zəruri olduğunu bildirmişdi.
“Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır…
Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.
“Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”. – deyə, prezident dərman şirkətlərinə xəbərdarlıq etmişdi.
Ancaq hazırkı vəziyyət dərman şirkətlərinin bu xəbərdarlığı yaddan çıxardığını göstərir. Dövlət qurumları isə sadəcə vəziyyəti müşahidə edirlər. Görünür, problemin həlli üçün yenə də Prezidentin müdaxiləsinə ehtiyac var!
Qeyd olunan iddialar və ittihamlarla bağlı “Avromed” şirkətinin və Cavanşir Feyziyevin də mövqeyini işıqlandırmağa hazırıq.