Bu gün Tiflisdəki M.F. Axundzadə adına Mədəniyyət Mərkəzində “Gürcüstan Azərbaycanlı Jurnalistləri Birliyi”nin təşəbbüsü ilə Dünya ictimaiyyətinə, azərbaycanlı diaspor təşkilatlarına və bütün Dünya azərbaycanlılarına müraciət qəbul edilib
Tədbiri “Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi”nin sədri Nizami Məmmədzadə açaraq, iyulun 4-də Ermənistan parlamentində çıxış edən Moldova ombudsmanı Aureliya Qriqoriunun Azərbaycan torpaqlarının işğal olunması və Xocalı soyqırımı ilə bağlı fikirləri barədə qısa məlumat verib. Sonra tədbirdə M.F. Axundzadə adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, AZƏRTAC-ın Gürcüstan müxbiri İslam Əliyev, Azərbaycan Televiziyasının müxbiri Şahismayıl Şəmmədoğlu, “Regionpress” qəzetinin redaktoru Binnət Məmmədov, ANS-in müxbiri Adil Rəhimli, Bakıdan gələn qonaqlardan psixoloq İbrahim İbrahimov, şair-jurnalist Givi Paçxatişvili, “Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov, “Göyərçin” Demokratik təşkilatın sədri Səbinə Talıbova, “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev və başqaları çıxış edərək Moldova ombudsmanınının Ermənistan parlamentindəki çıxışını Azərbaycan diplomatiyasının xarici diplomatik korpuslarla apardığı müsbət işin nəticəsi kimi qiymətləndiriblər. Çıxışçılar Azərbaycan torpaqlarında ikinci qondarma dövlətin yaranmayacağını və Azərbaycan torpaqlarının kiməsə hədiyyə verilməyəcəyini bildiriblər. Tədbir iştirakçıları Moldova ombudsmanı Aureliya Qriqoriunun İrəvandakı çıxışını peşəkarcasına qurduğunu və onun cəsarətini alqışlayaraq, Ermənistan hakimiyyətinin ombudsmana qarşı təhdid və təziyqləri pisləyiblər. Çıxışçılar A. Qriqoriuya rəsmi şəkildə təşəkkür məktubun ünvanlanması təklifi ilə çıxış ediblər. Tədbirdə Dünya ictimaiyyətinə, azərbaycanlı diaspor təşkilatlarına və bütün Dünya azərbaycanlılarına müraciət qəbul olunub. Sənədi Gürcüstanda faəliyyət göstərən jurnalistlər QHT nümayəndələri və ziyalılar imzalayıblar.Tədbirdə “Xocalı” barədə və ermənilərin törətdiyi vəhşiliklərdən fraqmentlər olan film nümayiş olunub, eyni zamanda M.F. Axundzadə adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımı qurbanlarının foto-sərgisi təşkil olunub. Tədbirdən sonra təşəkkür məktubu və müraciətin bir surəti Moldova ombudsmanına göndərilib. Məktuba fasebook vasitəsilə cavab verən Moldova ombudsmanı Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinə cavab göndərib: “Dəstək üçün çox sağ olun, Bu mənə indi daha çox lazımdır.”