“REAL” TV-nin əməkdaşları Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu televiziyadakı işlərindən ayrılıb.
Bu barədə Modern.az-a danışan Afət Telmanqızı bildirib ki, qarşılarına qoyulan şərtə görə ikinci yolu seçmək məcburiyyətində qalıblar:
“İşdən çıxarılmağımızın səbəbi seçkilərlə bağlı sosial şəbəkədə yazdıqlarımıza görədir. Qarşımıza belə bir şərt qoyuldu. Ya statusları silməlisiniz, ya da işdən çıxarılırsız. Biz də ikinci yolu seçdik”.
Ləman Ələşrəfqızı isə “Qafqazinfo”ya açıqlamasında işdən ayrılmasına bu cür münasibət bildirib:
“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”.
Qeyd edək ki, Afət Telmanqızı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən, Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.