"Paytaxtda jurnalistlər üçün tikilmiş binadan ev almaq istəyən telejurnalistin sayı 27 nəfərdir. Amma bu siyahı arta da bilər, azala da bilər”.
Bu sözləri Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmlinin sözlərinə görə, özəl telekanalların hər birindən ev üçün üç nəfərin namizədliyi verilib: "İctimai televiziyadan üç nəfər, "AzTV”, "Mədəniyyət”, "İdman Azərbaycan” kanalından hərəsindən bir nəfər, regional kanallardan iki nəfər, MTRŞ-dan isə bir nəfərin namizədliyi təqdim olunub. Ev üçün hal-hazırda cəmi televiziya sahəsindən 27 nəfər namizəd var”.
N. Məhərrəmli ev üçün namizədliyi irəli sürülən telejurnalistlərin siyahısının telekanal rəhbərləri tərəfindən təqdim olunduğunu söylədi. Onun sözlərinə görə, qəzet redaksiyalarında olduğu kimi telekanallarda ev üçün adı təqdim ediləcək junalistləri müəyyənləşdirmək üçün toplantı keçirilməyib: "Bunun səbəbi telekanallarda işçilərin sayının qəzet redaksiyalarından dəfələrlə çox olmasıdır”.
N. Məhərrəmli artıq siyahının Prezident Adminstrasiyasına təqdim olunduğunu söylədi.
Xatırladaq ki, iyunun 15-də Mətbuat Şurası Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciət edənlərdən sənəd qəbulunu başa çatdırıb. Şura üzvü olan 27 gündəlik, 35 həftəlik və aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan 150 müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb”.