Ölkə Prezidentinin Azərbaycanı təhdid edən inqilab prosesindən islahat prosesinə transformasiya olunmaq, inqilabla deyil, islahatla dəyişiklikləri həyata keçirmək məqsədilə elan etdiyi islahat bəyanatları və bu doğrultuda keçirilən yeni parlament seçkiləri hər kəsdə bir ümid doğurmuşdu. Parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi, hökümətin talançılıq, soyğunçuluq, klanlaşma və kastalaşma siyasəti nəticəsində xalqla dövlət arasında yaradılmış dərin uçurumu qapadacaqdı. Dövlət xalqı, vətəndaşı, fərdi əzən ədalətsiz bir mexanizmdən xalqı,vətəndaşı, ədaləti, insanı şəfqətlə qoruyan, müdafiə edən, hüquqi bir mexanizmə çevriləcəkdi. Hər kəs gözləyirdi. Hər kəs ümidli idi. Biz də dostlarımızın,iş yoldaşlarımızın, müəllimlərimizin, vətəndaşların ünvanımıza olan çox saylı müraciətlərini nəzərə alaraq parlamentdə Millətin vəkili olmaq haqqında düşünürdük.( Onu da qeyd edim ki, Millətin vəkili olmaq yalnız parlamentdə rəsmi şəkildə təmsil olunmaqla olmur. Millətin vəkili bir ömür boyu millətin sorunlarını yüklənən, çiyninə götürən, milli davanı yürüdən və təmsil edən şəxslərdir. Azərbaycanda Millətin Vəkilləri əslində parlamentdən kənarda fəaliyyət göstərirlər və 30 ildir ki, parlamentdə millətin vəkilləri yox, hökümətin(YAP-nın vəkilləri) vəkilləri fəaliyyət göstərirlər. Bir çoxları da Dövlətin və millətin maraqlarının əleyhinə işləyən adamlardır. Bunu hər kəs bilir, görür. Yazıqlar olsun ki, Parlamentdə 30 ildir ki, millət vəkili mandatı daşıyan deputatların əksəriyyəti nəinki Millətin, heç seçildiyi dairədəki, bölgədəki vətəndaşların belə vəkili ola bilmədi. Nə dövlətin, nə millətin vəkili olmadan 30 il Parlamentdə təmsil olunaraq Azərbaycan dövlətinə və vətəndaşına, dəyərlərinə xəyanət etdilər).
Bu məqsədlə Əli Mustafayev, Qələndər Muxtarlı, Hafiz Həsənov və başqa bir çox dostlarla Demokratik Dəyişim Platforması adlı şəxslərin və təşkilatların birləşdiyi bir koordinasiya mərkəzini qurduq və Ölkədə Parlament seçkilərinin keçirilməsi qaydaları haqqında layihə və təkliflərlə çıxış etdik. Lakin seçki islahatı aparılmadan, apar-topar təcili seçkilərə gedildiyi üçün biz namizədliyimizi verməkdən imtina etdik. Biz bilirdik ki, bu seçki əvvəlkilərdən fərqlənməyəcək, yenə də ümidlər qırılacaq. Ölkə yenə də inqilaba sürüklənəcək. Təəssüflər…
Yeni Parlament seçkiləri ölkəni qarşıdurmalara və qaranlığa sürükləyən inqilabi prosesi islahat prosesinə çevirmək, yeni şəxsiyyətlər, siyasətçilər, fikirlər , dəyərlər, arzular, yeni siyasət fəlsəfələri ilə milli enerjini səfərbər edərək Azərbaycanı böhrandan çıxartmağa yönəlməliydi. Əfsuslar olsun ki, belə olmadı. Millətimizin son ümidi də qırıldı. Ən pisi də odur ki, millətimizin islahatlara olan ümidləri də qırılmaqdadır. İnqilab qapımızı döyməkdədir…
Əlbəttə ki, bizim şəxsi mövqeyimiz budur ki, seçki islahatları keçirilməli və yeni, şəffaf və demokratik seçki keçirilməlidir.Eyni zamanda bizim şəxsi mövqeyimiz həm də ondan ibarətdir ki, bu günlərdə, bu böhran anlarında, ölkədə qarşıdurmaların, qan tökmələrin, nifrətin, aqressiyanın körüklənməsinə izn verməmək, ədalətli və hüquqi cəmiyyət qurmaq uğrunda dinc “yumşaq” mübarizə formalarına üstünlük verməklə ölkəmizi, dövlətimizi gücləndirmək üçün hər bir vətəndaş, ziyalı millətin vəkili olmalıdır.Azərbaycandakı bütün social-siyasi –iqtisadi dəyişikliklər dinc və “yumşaq” vasitələr və layihələrlə, ədaləti və hüquqi prinsipləri qorumaqla həyata keçirilməlidir.
Parlament seçkilərinin doğurduğu məyusluq və ümidsizlik içində çırpındığımız bir zamanda,yeni parlament seçkilərinin keçirilməsinə çağırışlar səsləndirildiyi bu günlərdə, manevr.az saytında “Qənirə Paşayeva Milli məclisin spikeri olacaq” başlıqlı bir yazıya rast gəldim. Yazıda Qənirə Paşayevanın tərcümeyi halı və ölkə daxilində və xaricində formalaşmış müsbət imici haqqında geniş bilgilər verildikdən sonra, sonda bildirilir ki, Parlamentin spikeri olmaq üçün üç namizədin 1. Ziyafət Abbasov-Naxçıvan İcmasının təmsilçisi kimi, 2.Ceyhun Məmmədov-Qarabağ icmasının təmsilçisi kimi, 3. Etibar Əliyev-Qərbi Azərbaycan icmasının təmsilçisi kimi adı hallandırılır. Yazı məni dəhşətə gətirdi. Deməli Azərbaycanda klançılıq, regionçuluq, icmaçılıq elə dərinləşib ki, namizədlər və hakimiyyət təmsilçiliyi, bölgüləri bu xəstə təfəkkür əsasında aparılıq. Dəhşətdir. Azərbaycanda millətləşmə prosesinin tamamlanmasına imkan vermədilər, klnaçılıq və bölgəçilik, icmaçılıqla bizi param-parça etdilər. Yazıda səsləndirilmiş Qənirə Paşayevanın spikerliyi haqqında fikirlərimi də bildirmək istəyirəm. Azərbaycanda son 30 ildə, hökümətin həyata keçirdiyi gender bərabərliyi siyasəti haqqında və beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlara əsla inanmıram. Azərbaycanda dövlət səviyyəsində gender bərabərliyi tətbiq olunmur. Gender bərabərliyi dövlət siyasətində qadınlarla kişinin bərabər səviyyədə təmsil olunması deməkdir. Yəni president kişidirsə, ya məhkəmə hakimiyyətinin, ya da qanunverici hakimiyyətin sədri qadın olmalıdır. Azərbaycanda bütün hökümət strukturlarında, vəzifələrdə rəhbərlər kişi, müavinlər qadındır. Qadın burada aparıcı lider yox, tamalayıcı kadr rolu oynayır. Bu isə gender bərabərliyi prinsipinə ziddir və demokratiya o zaman bərqərar olacaq ki, dövlət idarəetməsində qadın və kişilər bərabər təmsil olunacaqlar bir sözlə vəzifələr bərabər səviyyədə bölüştürüləcək. Son illərdəki qənaətimə görə, Azərbaycan dövləti sanki qanunlarla yox, mentalitetlə idarə olunur. Qənirə Paşayeva spiker olsaydı Gender bərabərliyi prinsipi qoruna bilərdi. Amma və lakin, bütün bunlarla yanaşı, qeyd etməliyəm ki,Qənirə Paşayeva təmsil etdiyi siyasi dünyagörüş və komanda baxımından hakim partiyanı təmsil etdiyinə görə spiker ola bilməz. Spiker siyasi dünyagörüş etibarı ilə bitərəf şəxs olmalıdır. Eyni zamanda spiker icmanı,klanı,bölgəni deyil, Milləti təmsil etməlidir və hal hazırda Parlamentə seçilmiş şəxslər arasında bu titulu daşıyan yeganə şəxs, siyasi lider Sabir Rüstəmxanlıdır. Kimdir Sabir Rüstəmxanlı. Millətlə-Dövlət arasında dialoq və harmoniya yarada biləcək lider və dövlət adamı. Kimdir Sabir Rüstəmxanlı. İqtidar-müxalifət-xalq- ziyalılar arasında güclü bağ və körpü. Kimdir Sabir Rüstəmxanlı. İnqilabi prosesi İslahat prosesinə çevirə biləcək yumşaq güc. Kimdir Sabir Rüstəmxanlı. Meydan Hərəkatının lideri, Müstəqillik Aktını imzalayan millət vəkili, Milli Azadlıq Hərəkatının təmsilçisi, Millətini tanıyan və ömrü boyu milli yüksəlişə, dövlət quruculuğuna xidmət edən təcrübəli, səbrli ziyalı. Siyasət fəlsəfəsi nə Rusiyaya, nə Atlantika-Avropaya yox,Azərbaycana və Türk Millətinə bağlı olan siyasətçi. Bu torpaqdan cücərmiş səs. Parlamentin spikeri Sabir Rüstəmxanlı olmalıdır ki, yeni Azərbaycana keçid prosesi yumşaq keçidlə baş versin.
Yasəmən Qaraqoyunlu, AMEA-nın əməkdaşı