Artıq bir neçə vaxtdır ki, Rusiya paytaxtında bazarların bağlanacağı barədə xəbərlər yayılıb. Moskva vilayəti hökumətinin istehlakçı bazarı və xidməti naziri Yekaterina Semyonovanın bu ilin sonunadək Moskva ətrafında 100-dən çox bazarın fəaliyyətini dayandıracağı ilə bağlı bəyanatı bazarlarda fəaliyyət göstərən azərbaycanlıların narahatlığına səbəb olub. APA-nın Moskva müxbiri Moskva və Moskva ətrafında bir neçə bazarda müşahidələr aparıb. Müxbirimizin müşahidələrini oxucularla bölüşürük.
“Paytaxtın cənub hissəsində yerləşən Prajskiy bazarı azərbaycanlılara məxsusdur. Bazarda piştaxta arxasında duranların əksəriyyəti əslən Gürcüstandan olan soydaşlarımızdır.
Bazarda çalışan Muxtar Səfərov adlı həmyerlimiz artıq bir neçə ildir ki, bu bazarda çalışdığını söyləyir. Sənədi qaydasında olan azərbaycanlıların elə də ciddi bir problem yaşamadığını söyləyən M. Səfərov ara-sıra OMON-çuların bazara reydə gəldiyini bildirir: “Bu bazar azərbaycanlıya məxsusdur. Ona görə, burada satıcıların əksəriyyəti də azərbaycanlıdır. Bir neçə il əvvələ qədər Moskva və Moskva ətrafında bir çox bazarlar azərbaycanlılara məxsus idi. O zaman bazarlarda azərbaycanlılar çalışırdı. İndi isə həmin bazarların əksəriyyəti ya dağıdılıb, ya da ki, onların əlindən alınıb. Daha sonra isə hökumət bazarlarda piştaxta arxasında yalnız Rusiya vətəndaşlarının dayana biləcəyi barədə qanun çıxardı. Azərbaycanlıların problemi də bundan sonra başladı. Bir çoxları özlərinə Rusiya vətəndaşı olan satıcı tutmağa məcbur qaldılar. Lakin bu qanunun çıxarılmasında məqsəd o idi ki, bizləri bazardan birdəfəlik uzaqlaşdırsınlar. Hazırda Rusiya vətəndaşı olan azərbaycanlılara da bazarlarda iş vermirlər. Ümumiyyətlə qeyri-slavyan görkəmi olanlara bazarlarda iş yoxdur. Bazarın yiyəsi azərbaycanlı olduqda isə bir qədər güzəşt olunur. Ruslara isə hər cür şərait yaradılıb. Onlara bazarın ən yaxşı yerində dükanlar verilir”.
M. Səfərov bazarların bağlanacağı ilə bağlı xəbərlərdən çox narahat olduqlarını deyir: ““Çox güman ki, azərbaycanlılara məxsus bazarlar bağlanacaq. Çünki orda çalışanların əksəriyyəti azərbaycanlılardır. Rusiya hökuməti öz vətəndaşlarını işsiz qoymaz. Əslində bu addımlar qeyri-rusları bazardan çıxarmaq üçün atılır. Şəhər prefekturasından bura gələnlər bir neçə dəfə bizə deyiblər ki, Moskvadan çıxıb gedin. İndi isə bazarların qeyri-qanuni fəaliyyət göstərdiyini və standartlara uyğun olmadığını bəhanə gətirib bu addımı atırlar. Yeni tikilən bazarlarda isə qeyri-slavyan görkəmli şəxslərə yer yoxdur”.rn
İkinci getdiyimiz bazar isə Rusiyanın ən böyük meyvə və tərəvəzin topdansatış bazarı olan Pokrov bazarı oldu. Bu bazarın bağlanacağı ilə bağlı xəbərlər artıq neçə illərdir gündəmdən düşmür. Moskva və Moskvaətrafı rayonlara meyvə və tərəvəz bu bazardan gedir. Bazarda da çalışanların əksəriyyəti azərbaycanlılardır. Obyektin sahibi isə əslən dağıstanlıdır, bazarı işlədən şəxs isə azərbaycanlıdır.
Bazarda çalışan Tofiq Məmmədov adlı həmyerlimiz neçə illərdir ki, bu bazarın bağlanması ilə bağlı xəbərləri eşitdiklərini bildirir: ”Pokrov bazarı bağlansa, burada çalışanların vəziyyəti çox ağır olar. Çünki, hamı neçə illərdir bu bazardan çörəkpulu qazanır. Digər bazarların bağlanması da bu bazara təsir edəcək. Çünki bütün məhsullar bu bazardan paylanır. Moskva hökuməti tərəfindən bizə o qədər də təzyiq olmur. Çünki bura Rusiyanın ən böyük meyvə-tərəvəz bazasıdır. Bura bağlansa, paytaxt əhalisi üçün də çox pis olar. OMON tez-tez burada reyd keçirir. Sənədi qaydasında olmayan azərbaycanlılar ya cərimə olunur, ya da ki, deportasiya...Yəni pulu olan qalıb fəaliyyətini davam etdirir, olmayan isə ölkədən çıxarılır”.
İxtisasca iqtisadçı olan Tofiq Məmmədov bildirib ki, bazarların bağlanmasında məqsəd qeyri-rusları bazarlardan çıxarmaqdır: “Digər məqsəd isə odur ki, paytaxt və paytaxt ətrafında yerləşən “Aşan” və digər supermarketlər bu sahəni öz monopoliyasına almaq istətir. Ona görə də, xırda bazarlar getdikcə sıradan çıxarılır”.
Bağlanmaq təhlükəsi ilə üz-üzə qalan digər bazar isə paytaxtın “Tyoplıstan” bazarıdır. Burada çalışanların da əksəriyyəti azərbaycanlılardır. Onlar öz iş yerlərini itirmək qorxusu ilə yaşayırlar. Bazarda çalışan Murad adlı həmyerlimiz bildirir ki, bazarların bağlanması burada çalışan azərbaycanlıların öz iş yerlərini itirməsi ilə nəticələnəcək: “Deyilənə görə, bu bazarların yerində yeni müasir tipli bazarlar tikiləcək. Şəhərin müxtəlif yerlərində belə bazarlar tikilir, lakin orada azərbaycanlılara yer verilmir. Yalandan sahibkarlar arasında müsabiqə keçirilir. Bazarlar yenidən rekonstruksiya olunur. Bazar hazır olanda isə, bizə konkret deyirlər ki, çıxın, öz ölkənizə gedin! Ruslar üçün isə hər cür şərait yaradılır”.rn
Moskva sakinləri isə bazarların bağlanmasının tərəfdarı deyil. Onlar bazarlarda qiymətlərin supermarketlərə nisbətən çox ucuz olduğunu söyləyirlər: “Bazarların bağlanması kasıb və orta yaşayan əhaliyə sərf eləmir. Çünki, bazarlarda qiymətlər aşağı olur. Burada istədiyin məhsulu ala bilirsən. Böyük supermarketlərdə isə qiymətlər həddən artıq yüksəkdir. Bazarlarda natəmizlik aradan qaldırılsa, yaxşı olar. Lakin bazarları bağlamaq çıxış yolu deyil”.
Məsələ ilə bağlı Moskva şəhər meriyasının ticarət və xidmətlər departamentinə müraciət etdik. Departamentdən bildirdilər ki, paytaxt və paytaxt ətrafında yerləşən standartlara uyğun olmayan bazarların hamısı bağlanacaq: “Bağlanması nəzərdə tutulan universal bazarların böyük hissəsinin profilinin dəyişdirilməsi və kənd təsərrüfatı bazarlarına çevrilməsi nəzərdə tutulur. Bu bazaların əksəriyyəti kənd təsərrüfatı bazarı olacaq”. Meriyadan bazarda çalışan Azərbaycan vətəndaşları ilə bağlı məsələyə də aydınlıq gətirilib. Bildirilib ki, bazarlarda qanunla fəaliyyət göstərmək üçün icazəsi olan hər kəsə imkan yaradılır: “Qanunda nəzərdə tutulub ki, bazarlarda piştaxta arxasında yalnız Rusiya vətəndaşları dura bilərlər”.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun sözlərinə görə, Moskvanın bazarlarla bağlı indi düşdüyü vəziyyəti Sankt-Peterburq 5-6 il əvvəl keçirib: “Köhnə tipli, sanitariya qaydalarına və müasir standartlara cavab verməyən bazarlar bu şəhərdən yığışdırıldı. Onların yerində ticarət mərkəzləri tikildi. Bu ticarət mərkəzlərinin daxilində isə müasir tipli bazarlar istifadəyə verildi. Və bu bazarlarda artıq MDB ölkələrindən gətirilən təbii məhsullar deyil, Avropa ölkələrindən gətirilən, kimyəvi yolla yetişdirilmiş məhsullar baha qiymətə satılmağa başladı. Hal-hazırda bu, yerli əhalinin narazılığına səbəb olub. İndi şəhər administrasiyası köhnə bazarları yenidən qaytarmaq üzərində baş sındırır. Moskvada da bu belə olacaq. Bu gün paytaxtda bazarların bağlanmasının burada yaşayan azərbaycanlılar üçün heç bir narahatçılığı yoxdur. Çünki burda yaşayan azərbaycanlılar çoxdan bazar statusundan çıxıblar. 15-20 il bundan qabaq gələn azərbaycanlıların əksəriyyəti orta və kiçik biznes sahibləridir. Bazarların bir dəfəlik bağlanması da mümkün deyil. Çünki, yerli əhali də buna qarşı çıxar. Sadəcə olaraq bazarlar müasirləşdirilir. Problemləri olan azərbaycanlılar sənədləri qaydasında olmayanlardır. Bizim həmyerlilərimizdə bir az səhlənkarlıq var. Onlar vaxt-vaxtında sənədlərini qaydasına salmırlar. Sabah da yoxlama olanda deyirlər ki, işləməyə imkan verilmir”.
“Moskva və Moskva ətrafında yaşayan azərbaycanlılar bazarların bağlanmasından narahat olmamalıdır”. Bu açıqlamanı isə APA-ya Ümumrusiya Azərbaycan Konqresinin icraçı katibi İlqar Hacıyev verib. Onun sözlərinə görə, bazarların bağlanması və onların yerində yeni müasir tipli bazarların və ticarət mərkəzlərinin tikilməsi Rusiya hökumətinin çoxdankı planıdır: “Artıq azərbaycanlılar neçə illərdir ki, Moskva və Moskva ətrafında yerləşən bazarlarda fəaliyyət göstərirlər. Onların əksəriyyəti satıcı kimi deyil, sahibkar kimi fəaliyyət göstərir. Müasir tipli bazarların aksiyalarını alan çoxlu sayda həmyerlilərimiz var. Ona görə də, bazarlarda qeyri-ruslara işləməyə icazə verilmir fikri ilə razı deyiləm. Bazarların bağlanması və onların yerində müasir tipli ticarət mərkəzlərinin tikilməsi hökumətin planıdır. Bu məsələni siyasiləşdirməyi düzgün hesab etmirəm. Çünki bu il Moskvada meriya, Moskva vilayətində isə qubernator seçkiləri keçiriləcək. Hökumətin planı gəlmələrə qarşı olsaydı, onlar bu planı seçkilər ərəfəsində həyata keçirməzdilər”.
İ. Hacıyev Rusiya vətəndaşı olan azərbaycanlıların yeni tikilən bazarlarda səhm almaq üçün hüquqşünas köməyinin göstərilməsi üçün onlara müraciət etdiyini də bildirib.rn
Göründüyü kimi, Moskva vilayəti hökumətinin istehlakçı bazarı və xidməti naziri Yekaterina Semyonovanın “Bazarları bağlayarkən biz orada çalışan insanların yeni iş yerlərini də nəzərə almışıq” bəyanatı ilə çıxış etməsi bazarda çalışan azərbaycanlılara inandırıcı gəlməyib. Çünki bazarda çalışan həmyerlilərimiz əmindirlər ki, yeni tikilən bazarlarda onlara yer verilməyəcək. 2006-cı ildə Rusiya vətəndaşları olmayan şəxslərə bazarlarda fəaliyyət göstərməyin qadağan olunması ilə bağlı qanunun qəbulundan bu günə qədər qazanc yerlərini itirmək qorxusu ilə yaşayan azərbaycanlılar özlərinə çıxış yolları axtarırlar.