Tanınmış təhsil eksperti, 31 saylı Suraxanı 2-ci Seçki Dairəsindən deputatlığa namizəd Etibar Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinə açıq məktub ünvanlayıb.
Demokrat.az xəbər verir ki, E.Əliyev məktubda rəqibi, 10 il bu dairədən deputat olmuş Fərəc Quliyevi hədəfə götürüb.
“Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixinə növbədənkənar parlament seçkiləri təyin olunub. Mən də bu prosesə 30 illik ictimai fəaliyyətimi nəzərə alaraq qoşulmuşam. 31 saylı Suraxanı 2-ci Seçki Dairəsində rəqiblərimizin sırasında 10 il bu dairədən deputat olmuş, lakin bu müddətdə dairənin ərazisində böyük nifrət qazanmış Fərəc Quliyev də var”, - E.Əliyevin məktubu belə başlayır.
Namizəd daha sonra yazır: “Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olmuş F.Quliyev adını çəkdiyim dairədən yenə namizədliyini irəli sürüb və onun 26 yanvarda Qaraçuxur qəsəbəsində Qurban Abbasov adına Mədəniyyət Sarayında keçirdiyi görüşdə müəllimlərin məcburi iştirakı təmin edilib. Bunu təsdiq edən video-görüntülər də var. Fərəc Quliyev kimi yarıtmaz bir adamın keçirdiyi tədbirə gətirilən insanların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. Ona məmurların və hakim partiyanın dəstəyi açıq hiss olunur.
Bu məsələ çox təəccüblüdür. Heydər Əliyev tərəfindən təsis olunmuş Yeni Azərbaycan Partiyası artıq neçə illərdir hakim partiya funksiyasını daşıyır. Belə olan təqdirdə Heydər Əliyevi ağır ifadələrlə ittiham etmiş Fərəc Quliyevin artıq üçüncü müddətə - 15 il 31 saylı 2-ci Suraxanı Seçki Dairəsindən deputat olmasına dəstəyi heç vəchlə anlamaq olmur.
Əli Həsənov üçün şəkil nəticəsi
Fərəc Quliyev “Yeni Müsavat” qəzetinin 10 sentyabr 1992-ci il tarixli sayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə ünvanladığı “Açıq məktub”da ona ən ağır ittihamlar səsləndirib.
Fərəc Quliyev Heydər Əliyevi Azərbaycanın maraqlarını düşmənlərə güzəştə getməkdə ittiham etməkdən belə çəkinmir, nələr söyləmir. Kimsə istəsə həmin yazını tapıb oxuya və hər şeyi öz gözləri ilə görə bilər. Amma indi Fərəc Quliyev YAP nümayəndələrinin dəstəyinə arxalanır”.
E.Əliyev məktubun bu hissəsində Fərəc Quliyevin sözügedən müsahibəsindən bir sitat verir və davam edir:
“Yeni Azərbaycan Partiyasının 100 minlərlə üzvü partiyanın qurucusuna qarşı yönəlmiş bu cür absurd iddiaları unudublarmı? Amma Fərəc Quliyevin keçirdiyi seçki tədbirinə gətirilən insanların içərisində əksəriyyət Yeni Azərbaycan partiyasının üzvləridir. Yenə də onu dəstəkləyib, səs verəcəksiniz? Özü də dairədə 10 nəfər tərəfdarı olmadığı halda. Həm də dəyişikliklər elan olunduğu bir vaxtda!
Fikrimcə partiyanın rəhbərliyində olan insanlar və sıravi üzvlər bu barədə düşünməlidir”.(“AzPolitika”)