Son günlər dünya mətbuatında əsas yeri Çində yayılan Korona adlı yeni virusla bağlı xəbərlər tutur. Artıq bu virusa yoluxanların sayı durmadan artır. İlk dəfə Çində rastlanan virusa yoluxma Yaponiyada da bir nəfərin ölümü ilə nəticələnib. Hətta qonşu Gürcüstan və Rusiyada da virusdan ölüm halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, ABŞ, Yaponiya kimi ölkələrdə virus təhlükəsinin qarşısını almaq üçün araşdırmalara başlanılıb və qabaqlayıcı tədbirlər həyata keçirilir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı da insanlara xəbərdarlıq edib. Qurum Çinə səyahət edən digər ölkə vətəndaşlarını ehtiyatlı olmağa səsləyib.
Bəs bizim ölkəmiz üçün Korona virusu nə dərəcədə təhlükəlidir? Korona virusu ilə əlaqədar olub-olmadığı bilinməsə də, ölkədə kəskin respirator virusa yoluxanların sayı az deyil. Onlardan ikisinin həyatını isə qurtarmaq mümkün olmayıb.
Bununla bağlı ABŞ-ın Rutgers universitetinin professoru, iqtisadçı alim Qubad İbadoğlu öz sosial şəbəkə hesabında məlumat yazıb. İqtisadçı kəskin respirator virusdan dünyasını dəyişən iki şəxsin olduğunu və virusun mənşəyinin hələ də bilinmədiyini qeyd edərək, narahatlığını bildirib:
“Rəsmi məlumatlara görə, son 10 gün ərzində Azərbaycanda 2 nəfər soyuqdəymədən dünyasını dəyişib. 11 yanvarda, 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. 12 yanvarda səhhətindəki ağırlaşma səbəbindən valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.
20 yanvarda isə Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. Xəstə X.İsayevanın səhhətində yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub. Bütün bunlara baxmayaraq, Azərbaycanda yayılan virusun mənşəyinə dair Səhiyyə Nazirliyi hələ də açıqlama verməyib”.
Qubad İbadoğlu Çinin digər ölkələrlə nisbətdə, Azərbaycana daha yaxın ərazidə olmasından və virusun bizim üçün xüsusi təhlükəsindən də söz açıb:
“Bu arada Çindən də qorxulu xəbərlər gəlir. Bu ölkədə fasiləsiz olaraq mənşəyi bilinməyin ağciyər iltihabı hallarının aşkar olunması səbəbi ilə onlarla insan dünyasını dəyişib. ABŞ Sərhəd Müfizəsi və Gömrük Federal xidməti artıq hava limanlarında karantin sistemi yaradıb, Çindən səfər edənləri xüsusi yoxlamadan sonra ölkəyə buraxır. Çinin ABŞ-la müqayisədə çox yaxınlığında olan Azərbaycanda isə nə Səhiyyə Nazirliyi, nə də ki, Dövlət Sərhəd Xidməti bu barədə heç bir açıqlama vermir. Baxmayaraq ki, Azərbaycanda artıq 2 qeydiyyatda olan ölüm hadisəsi vardır”.
Alim sonda mətbuatı bu mövzuda məlumatları daimi yaymağa, aidiyyatı orqanları isə ehtiyat tədbirləri görməyə səsləyib:
“Hesab edirəm ki, Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə vətəndaşları təlimatandırmalı, Dövlət Sərhəd Xidməti isə gömrük orqanları ilə birlikdə Azərbaycana Çindən gələnləri xüsusi tibbi yoxlamalardan keçəndən sonra ölkəyə buraxmalıdır. Sonra gec ola bilər, bu təhlükəli vurusdan artıq qonşu Gürcüstanda və Rusiyada da ölənlərin sayı artır. Azərbaycana gəlincə, məktəblərdə aşağı sinif şagirdlərin əksəriyyəti xəstə olduğundan dərsə gedə bilmir, onların əksəriyyəti də evdə müalicə olunur”.