MSK bu gün Bakının diqqət mərkəzində olan iki Dairə seçki Komissiyasının (DSK) tərkibində bəlli olmayan səbəbdən dəyişiklik edib.
Bu barəədə MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Mia.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, MSK-nın bu gün keçirilən iclasında 8 saylı Binəqədi birinci və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub. MSK-nın qərarına əsasən, Sahibə Məcid qızı Əmiraslanova 33 saylı Xətai birinci, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunları müəyyən edilənədək isə Nəsimi Abbas oğlu Cəfərov 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilblər.
Diqqətə çatdıraq ki, 8 saylı Binəqədi birinci seçki dairəsində hakim partiyanın rəsmi namizədi elə YAP-ın Binəqədi rayon təşkilatında adi təlimatçı işləyən Əliyarlı Kübra Məhəmməd qızıdır.
Bu isə mübahisəsiz o deməkdir ki, iqtidar bu dairədən əslində, tamam fərqli şəxsi deputat görmək istədiyini sərgiləyib. Bəzi ekspetlər düşünür ki, YAP bu addımı daha çox QHT Şurasının sədri, elə ötən seçkidə bu dairədən deputat seçilmiş və seçildikdən sonra seçiciləri ilə sıx işləyən Azay Quliyevə görə atıb. Lakin unutmayaq ki, bu dairədən Azay Quliyevdən əvvəl deputat olmuş müsavatçı Arzu Səmədbəyli də mübarizəyə qoşulub. Elə o üzdən də, bu dairə siyasi düşrəgələrin də xüsusi diqqətindədir.
Belə bir anda MSK-nın həm bu, həm də YAP Xətai rayon təşkilatının sədri, yaşı 70-i ötmüş deputat Hüseynbala Mirələmovun rəsmi namizəd olduğu 33 saylı DSK-nın tərkibinin dəyişməsi, əlbəttə, maraq doğurmaya bilməz.
Xatırladaq ki, 33 saylı Xətai Birinci seçki dairəsində Mirələmovun qarısındakı ən böyük əngəl, sözsüz ki, Xətainin sabiq icra başçısı Zəlimxan Məmmədli olacaq. Söz yox ki, YAP-ın namizədinə Müsavat funksioneri Nüşabə Sadıxlı, D-18 Hərəkatının sədri Ruslan İzzətli, AĞ partiya funksioneri Əhəd Məmmədlinin də başağrısı yaradacaqları mümkündür.
Hə, yeri gəlmişkən, səsvermə büllütenlərinin çapına 10 gündən sonra start veriləcək. Bunu da bu gün MSK sədri Məzahir Pənahov açıqlayıb. Və o, bu mövzudakı çıxışının arasında belə bir söz də işlədib: "Biz istəmirik ki, kimlərsə öz namizədliklərini geri çəksin".
Sözsüz ki, bu mesajı tərsinə də oxumaq mümkündür. Yəni MSK sədrinin bu mesajını belə də yozmaq olar: "kim geri çəkiləcəksə, yaxud hansısa namizədi geri çəkəcəksinizsə, qərar verin, büllütenləri salamat çapa göndərək".
Əgər bu gün Hacı Salayevin geri çəkilməsinin təsiri altında "qarşıda bəzi tanınmış namizədlər seçki yarışından geri çəkilməklə, növbəti sürprizlər yarada bilərlər" fikirlərinin çoxaldığını da nəzərə alsaq, o zaman 8 saylı Binəqədi ilə 33 saylı Xətaidə nə kimi sürprizlər yaşana bilər?
Yəqin ki, bu sualın cavabına qarşıdakı 10 gündə cavab tapacağıq.