Qazaxıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin belə bir bəyanatla çıxış edib.
Rusiya lideri bildirib ki, digər ərəb dövləti olan Suriyada artıq vətəndaş müharibəsi gedir: " İstəməzdim ki, Misir xalqına bu tale qismət olsun”,-deyə V.Putin əlavə edib.
Qeyd edək ki, Rusiya prezidenti Misirdə baş verən hadisələrə hərbi çevriliş deməkdən yayınıb.
Xatırladaq ki, azad və demokratik seçkilərdə səs çoxluğu qazanaraq qalib gələn bir şəxsin ordu tərəfindən vəzifəsindən uzaqlaşdırılması hadisəsi bir qayda olaraq hərbi çevriliş adlanır. Misirdə də baş verənlər başqa bir şey deyildi. Ancaq nə ABŞ prezidenti Barak Obama, nə də ABŞ-ın müttəfiqi olan Avropa ölkələrinin rəsmiləri Misirdə baş verənləri dəyərləndirərkən “çevriliş” ifadəsini işlətmədilər.ABŞ prezidenti məsləhətçiləri ilə keçirdiyi təcili toplantıdan sonra çox diqqətlə hazırlanmış bir mətn ilə çıxış etdi. O, Misirdə baş verənlərlə bağlı şərhində “tezliklə mülki rəhbərliyin qurulması” çağırışı edərək “çevriliş” ifadəsini dilinə gətirmədi. Avropalı liderlər də “çevriliş” sözündən qaçdılar.
B.Obamanın çıxışının bu cür hazırlanmasının ən böyük səbəbi kimi ABŞ-ın Misirə etdiyi hərbi yardımlar göstərilir. Vaşinqton Qahirəyə hər il 1,3 milyard dollar dəyərində hərbi yardım edir. ABŞ qanunlarına görə, hərbi çevriliş həyata keçirilən bir ölkəyə hərbi yardım edilməsi mümkün deyil. Ancaq ABŞ İsrail ilə sülh razılaşması olan Misirin ordusunun güclü olmasının tərəfdarıdır. Səlahiyyətlilər hərbi yardımın kəsiləcəyi halda “Misirin ən güclü qurumu və ABŞ-ın daimi müttəfiqi olan ordunun” zəifləyəcəyini düşünür.
Avropa İttifaqı isə Misirə ən böyük maliyyə yardımını həyata keçirir. “Çevriliş” sözünün işlədilməsi Aİ ölkələrinin Misirə qarşı sanksiyalar qəbul etməsini gündəmə gətirə bilər.
Türkiyə isə ABŞ və Avropa ölkələrindən fərqli davranıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirdiyi mətbuat konfransında Misirdə baş verənləri “hərbi çevriliş" adlandırıb.