Nərminin anası Bakı şəhərindən ev istəyir! Demir ki, mənim ailəmin, övladlarımın təhlükəsizliyini təmin edin! Deyir ev verin! Konkret məqsəd, niyyət var! Bakıdan ev almaq məqsədi!
10 yaşlı övladını itirən, dərd çəkən, 55 gün əzabla saxlanılan və nəhayət işgəncə ilə öldürülən Nərminin anasının belə bir xahişlə müraciət etməsi nə insanlığa, nə də analıq hislərinə yaraşır.
Mən 10 yaşlı Nərmini heç vaxt görməmişəm.Yaxın qohum-əqrabaların, dostlarımın az yaşlı uşaqları ilə ünsiyyətdə olmaq mənə xususi zövq verir, bütün dərdlərimi unutdurur. Həmin uşaqlarda məni çox istəyirlər. Bu uşaqlar saf, təmizdilər, heç bir xususi maraqlarının olmaması onları qəlbən mənə yaxınlaşdırır.
İndi tanımadığım məsum arzuları ilə yaşayan qızcığazın cansız o portreti gözümün qarşısına gəlir. Görəsən 55 gündə o necə yaşadı, yemək verdilərmi gecələr? Yeri çox soyuqmu idi? Nə fikirləşirdi?
Qətlə yetirilən zaman yalvarıb qatildən imdad istəyirdimi? Minlərlə suala cavab axtarıram. Ana ev istəyir və Bakı şəhərində yaşamaq istəyir. BU, birinci hadisə deyil. Qarabağ əlili öz uşaqları dolanışığını təmin etmək üçün iaşə obyekti açır, əlindən alırlar. Özünü yandırır və vəfat edir. Ailəsinin bütün ehtiyaclarını ödəyirlər. Ailəsi, övladları susur. Ana hərbi xidmətdə olan yeganə oğlunu işgəncə nəticəsində itirir! Qətl hadisəsi ictimailəşdirilir, sonra yeganə oğlunu itirən ana geri çəkilir, hətta yas mərasimində jurnalistlərin çəkiliş aparmağına icazə vermir. Millət olaraq niyə təəccüblənirik?
Bütün dəyərlərimiz maddiyyat üzərində qurulub. Torpağımızda, əzizlərimizdə, yaxınlarımızda mənəvi dəyərlərimizdə! Görək nə qazanırıq düşüncəsi ilə yaşayırıq. Çoxlarımız üçün müqəddəs heç nə qalmayıb.
Sonda olmuş bir hadisəni sizlərə xatırladım.
Almaniya vətəndaşı azərbaycanlı qadınla evlənmişdi. Qadının birinci həyat yoldaşından olan oğlu qətlə yetirilmişdi. Bu hadisənin ictimailəşdirilməsinə, qətlin hadisənin üstünün açılmasına və cinayətkarların cəzalanlanmasını tələb edən Almaniya vətəndaşı olan "ögey" ata idi. Onu sizcə kimsə satın ala bilərdi? Bu Avropa dəyəri idi!. O ədalət istəyirdi.
P. S. Yazıq olsun 10 yaşlı Nərminə, Qarabağ qazisinə, işgəncə ilə öldürülən əsgərə! Ailələrinizdə, millət xoşbəxtdirlər bircə sizlər...
Bəhruz Bayramov, Tanınmış vəkil