Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Şeyxulislamın yerinə başqası olsaydı, bu təklifə razılaşıb hakimiyyəti üzərinə götürərdi"


Bir neçə gündən sonra Azərbaycan xalqı qanlı Yanvarın 30 illiyini qeyd edəcək. Dövlətimizin müstəqilliyi uğrunda aparılan azadlıq mübarizəsinin şanlı səhifəsi olan Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlığını tarixə yazdı.



1990-cı ilin 20 yanvarında sovet ordusunun Bakıya qanlı hucumu ilə kütləvi şəkidə dinc sakinlərin qətlə yetirilməsi SSRİ tarixinin “qara səhifəsidir”. Bu cinayətin səbəbkarları xalqın əbədi lənətini qazandılar.Həmin ağır günlərdə xalqın informasiya təminatını öz üzərinə götürə bilmiş “Səhər” qəzetinin tarixi də 20 yanvar faciəsi ilə bağlıdır. Qəzetin qanlı qırğının  xalqa çatdırlmasında unikal rolu olub.Moderator.az Azpost.info-ya istinadən “ Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə ilə müsahibəni təqdim edir. Məzahir müəllim o faciəvi günlərdə qəzetin çapından,  şəhidlərin siyahısını necə çap etmələrindən, sovet ordusunun qəddarlığından və hərbi senzuradan  danışıb.



 - Azərbaycanın həm ictimai-siyasi həyatında, mətbuat tarixində oynadığı roluna görə, bu qəzet indiyə qədər nəşr olunmuş bütün qəzetlərdən fərqlənirdi. Bizim taleyimizə xalqın ən ağrılı günlərində yanında olmaq, dərdimizə peşəkar münasibət göstərmək məsuliyyəti düşmüşdü.  Yaddan çıxarmayaq ki, o zaman hələ SSRİ mövcud idi, Kommunist Partiyası dağılmamışdı, Mixail Qorbaçov hakimiyyətdə idi. Belə bir vaxtda partiya qəzetində işləyə-işləyə “Kommunist”in mövqeyindən fərqli mövqe tutmaq, söz demək lazım gəlirdi.



– “Səhər” qəzeti  partiya elitasının əsas ruporu olan “Kommunist” qəzetinin əlavəsi kimi çıxırdı. Yəni qəzet belə baxanda partiya nomenklaturasına aid sayılırdı.  Siz də o biri partiya üzvü olan jurnalistlər kimi bir müddət susa, yaxud vəziyyəti malalayan yazılarla çıxış edə bilərdiniz. Sizi  fəqrli mövqe tutmağa nə vadar etdi?



- Vətəndaşlıq mövqeyi, azərbaycanlı olmağımız… Xalqımızın başına gələn fəlakətin miqyasını dərk etməyimiz.  Biz həmin gecəyə aparan bu yolu görürdük. Qırğından bir neçə gün əvvəl Sov.İKP MK Siyasi Bürosunun üzvləri Bakıya gəlmişdi. Biz də onlarla təmasda olurduq,  görüşürdük.  Vəziyyətin nə dərəcədə təhlükəli olduğunu hiss edirdik. Əslində bu təhlükə yanvarın 13-dən aşkar hiss olunurdu. Düzdür, buna qədər Alma-Ata, Tbilisi hadisələri olmuşdu, insanlar ölmüşdü. Amma Bakıdakı kimi qırğının olacağını ağlımıza da gətirmirdik. İnanmırdıq ki, ölkənin ordusu öz xaqlına atəş açar, bu qədər amansız davrana bilər.  Mixal Qorbaçov sonrakı çıxışlarında deyir ki,ona  Bakıda 20 yanvar gecəsi çəkilmiş qırğın kadrlarını göstərəndə inanmayıb və bunu  “çox yaxşı montaj olunmuş film” adlandırmışdı.  Belə qəddarlıq hamını şoka salmışdı. Amma baş verdi.



-Ölkədə informasiya mühiti o zaman necə idi? Xalqın baş verən proseslərdən məlumat almaq  imkanları var idimi?



Qətliamdan 4 gün əvvəl –yanvarın 16-dan Azərbaycanda tam informasiyasızlıq mühiti hökm sürürdü. Ölkədə heç bir qəzet nəşr olunmurdu.



-Niyə?



- “Azərbaycan” Nəşriyyatının fəhlələri etiraz olaraq tətil etmişdilər.  Kommunist Partiyasının orqanı olan “Kommunist”, “Bakinskiy raboçi” qəzeti belə dayanmışdı.  Heç bir qəzet çıxmırdı.  Xalq yalnız televiziya  və radiodan məlumat alırdı. Yanvarın 19-da AZTV-nin enerji blokunu partladılqdıqdan sonra o mənbə də kəsildi. Azərbaycan tam informasiyasızlıq şəraitinə düşdü. 20 yanvar günü sovet hərbçiləri Bakıda fövqəladə vəziyyətin elan olunması ilə bağlı general Dubinyakın əmrini hərbi texnika ilə şəhər küçələrində gəzərək  bir-təhər Azərbaycan dilində səsgücləndirici ilə elan edirdilər.



- Ordunun şəhərə girməsini necə bildiniz?



– Biz- jurnalist həmkarım Şakir Yaqubov, Vasif  Səmədov  üçbucaq yaratmışdıq. Şakir Yaqubov 9-cu mikrayonda yaşayırdı. Ordu da oradan gəlirdi.  Sovet əsgərləri həmçinin indi “Hyatt Recensi” adlanan mehmanxanada da yerləşdirilmişdilər.  O ərazidə yaşayan Vasif Səmədov da orada müşahidə aparırdı. Mən də Mətbuat propektində yaşayırdım.  “11-ci Qızıl Ordu” küçəsi ilə baş verənləri görürdüm.  Nəsə baş verəndə bir-birimzə telefonla məlumat ötürürdük.  Saat 23-dən sonra havadan uçan güllələr görünməyə başladı, partlayış səsləri çoxaldı. Camaat səsə doğru axışmağa başladı. Atəş səhərə qədər davam etdi. Gecə olmadı həmin gün… Səhər Şakirlə piyada küçəyə çıxdıq. Hər tərəf əsgər, hərbi texnika…Mən “Kommunist” qəzetinin baş redaktorunun müavini idim, Şakir Yaqubov məsul katibi…Üstümüzdə olan vəsiqələrdə yazılmış “Kommunist” sözü bir sıra hallarda bizə manelərdən keçməyə kömək edirdi.  Piyada iş yerinə -indiki Bülbül prospektindəki  “Xalq Qəzeti”nin , o zamankı “Kommunist” qəzetinin  redaksiyasına gəldik.  Hamı küçədə olan sovet əsgərlərini nifrətlə söyür, qarğış edirdilər. Əsgərlərə gecə nə baş  verdiyini deyəndə onlar da inanmırdılar. Deyirdilər ki, “siz təxribat edirsiniz, sovet ordusu belə şey eləməz”.  Bu əsgərləri səhər şəhərə gətirmişdilər. Gecə qətli törətmiş başkəsən muzdluların yerinə… Beləcə  gəldik işə. Hamı  yığıldı.  Jurnalist Tahir Aydınoğlu, Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Rəşid Rüstəmov və digər başqa gənc əməkdaşlarımız binanın damına dırmaşıb oradakı böyük hərflərlə “KOMMUNİST” yazılmış lövhəni qoparıb  6-cı mərtəbədən yerə atdılar.  Hərbçilər dərhal gəldilər, və bizi provokasiyada ittiham etməyə başladılar. Böyük gərginlik yarandı.



- Bəs “Kommunist” qəzetinin baş redaktoru işə gəlmədi?



- Yox gəlmədi. Mərhum Cəmil Əlibəyov idi baş redaktor…Bir gün əvvəl o, Vəzirova görə kollektiv tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.  Vəzirovla Cəmil Əlibəyov yaxın qohum idilər. Həmin ağır günlərdə Vəzirov ölkəni qoyub qaçdığına görə,  Əlibəyova da münasibət birmənalı deyildi. Biz yanvarın 20-də Şakir Yaqubovla birgə çox çətinliklə Mərkəzi Komitəyə ( indiki Prezident Administrasiyası)  getdik. O boyda binada qapılar taybatay açıq idi, içəridə bir inc-cins yox idi.  Çətinliklə Mərkəzi Komitənin katibi Rafiq Zeynalovu tapdıq. Rafiq müəllim bizə dedi ki, Cəmil Əlibəyov artıq redaktor deyil, redaksiyaya rəhbərlik sizin öhdənizə düşür.  Cəmil müəllimin ərizəsini də göstərdi.  Qayıtdıq redaksiyaya. ”Səhər” qəzetinin  dünyaya  müraciətini hazırladıq. Araz Qurbanovla, Zülfüqar Rüfətoğlu müraciəti XİN-ə apardı ki, onların xətti ilə yayılsın.  Başqa vasitə yox idi. Şəhər telefonlarını kəsmişdilər.  Kollektivin yığıncağını keçirdik, qərar verdik ki, hökmən bu faciə ilə bağlı bütün vasitələrdən istifadə etməklə informasiya yayılmalıdır.  İlk ağlımıza gələn o oldu ki, redaksiyadakı hökumət telefonlardan istifadə edək.  Baş redaktor müavinləri olduğumuza görə, Rafael Nağıyevin və mənim otağımda hökumət telefonu var idi. Biz 2-3 saat ərzində ancaq keçmiş SSRİ respublikalarındakı və xarici ölkələrdəki ünvanlara, nömrələrə zəng vurduq. Həmin ölkələrin Yazıçılar Birliklərinə,  tanınmış şəxslərə… Əslində bizim üçün dəstəyi qaldıracaq adamın kimliyi əhəmiyyətli deyildi. Hərbi hissələrə, redaksiyalara zəng vururduq. Bakıda nə baş verdiyini onlar bizdən öyrənirdlər.  Xəbər yayıldıdan sonra dünyanın məşhur informasiya agentlikləri bizə zəng etməyə başladılar. Ta hərbçilər duyuq düşənə qədər. Axşama yaxın biləndən sonra hökumət telefonlarını da bağladılar. Həmin o telefonçu qızların qeyrəti qarşısında bu gündə baş əyirəm. Bizə çox kömək etdilər.



Redaksiya hərbçilər tərəfindən nəzarətə götürülmüşdü. Girib-çıxmağa qoymurdular.  Günortadan sonra qəzet buraxmaq qərarını verdik. Amma hansı qəzeti? “Kommunist” qəzetindən söhbət gedə bilməzdi. Onu heç kim çap da  eləməzdi. “Kommunist” sözü o zaman Azərbaycanda  dünyanın ən təhqiramiz ifadəsi idi.  Qərara gəldik ki, “Səhər” qəzetini buraxmalıyıq.  Amma necə? Materiallar yazılmalı, mövzular müəyyən olunmalı idi. Bizim üçün ən vacib olan qanlı faciə barədə məlumatları, tanınmaz hala salınmış şəhidlərin fotolarını yaymaq idi. Hərbi senzura  bunu heç buraxardımı?  Bu işi biz üçümüz –Rafael Nağiyev, mən və Şakir Yaqubov üzərimizə götürdük. “Azərbaycan” Nəşriyyatının direktoru Musa Nəbiyevi tapıb gətirdik otağına… Nəşriyyatda, direktorun kabinetində  sovet generalı  Aleksandrov otururdu. O, Nəşriyyata cavabdeh idi. Nəşriyyat isə 1 həftəyə yaxın idi ki, işləmirdi. Nə yığım, nə çap, nə də kağız  sexi… Fəhlələri işə gətirmək mümkün deyildi. Azərbaycan Xalq Cəbhəsi ölkədə ümumi tətillə bağlı qərar vermişdi. Nəşriyyat da bu qərara tabe idi.  Qəzeti başladıq hazırlamağa….Vaqif Bəhmənli yaradıcı qrupa rəhbərik edirdi. 11 əməkdaşımızı Bakının müxtəlif yerlərinə göndərdik. Onlar materiallarını hazırlayırdılar.  Qətlə yetirilənlərin Dağüstü Parkda dəfn olunması qərarı verilmişdi.  Şeyxulislam Allahşükür Paşazadə bu məsələdə böyük rol oynadı.  Qüdrət Əbdülsəlimzadə, Sabir Rüstəmxanlı məsələlərin içində idi. Xalq kütləvi şəkildə əllərində bel Dağüstü parkda qəbir qazmağa başladı. Biz yanvarın 22-də qəzeti buraxa bilərdik. Amma şəhidlərin dəfnini gözləmək qərarına gəldik.  Yazılara bir daha əl gəzdirdik. Həmin gün Şeyxulislam  Allahşükür Paşazadə  SSRİ rəhbəri Mixail Qorbaçovu lənətləyən məşhur bəyanatını verdi. Elmira Qafarovanın müraciəti, digər müraciətlər də oldu. Biz qəzetdə bunların hamısnın bir yerə toplanmasının, eyni zamanda dəfn mərasiminin, oradakı izdihamın əks olunmasını vacib saydıq. Qəzetə baxsanız görərsiniz ki, əsas material  “Vətən bu gün ağı deyir” adlı  reportajdır.  11 jurnalistin qələmindən çıxan müxtəlif  reportajları  Vaqif Bəhmənli bir cümlə ilə  birləşdirdi.  Baxsanız, sanki yazını bir müəllif  yazıb. Mən göz yaşları ilə yazını redaktə elədim.  Foto müxbirimiz  şəkilləri hazırladı.  Biz daha hansı vasitələrə əl atmırdıq?! Qorbaçov Moskvadan deyirdi ki, “Bakıda dinc əhaliyə güllə atılmayıb”.  Biz dövlət başçısına deyə bilməzdik ki, yalan deyirsən. Əvəzində güllə  ilə deşik-deşik edilmiş balkonun fotosunu verirdik. Bunu hərbi senzura buraxmaq istəmirdi.



Axır ki, birtəhər fotoları, nüsxələri  hərbi senzor, general Aleksandrova möhürlədə bildik.  Qəzetin çapına bir şərtlə icazə verdilər ki, Bakıda fövqəladə vəziyyətin elan edilməsi barədə komendant Dubinyakın 1 nömrəli əmri də dərc olunsun.  Bəs bu düşmən əmrini qəzetdə necə verək?  Qəzet bir gün də ona görə gecikdi.  Əli xaqlımızın qanına batan düşmən hərbçisinin əmrini vermək istəmirdik.  Digər tərəfdən böyük əziyyətlə qəzetin çapını da təşkil etmək lazım gəldi.  Mətbuatla  bağlı tətilə rəhbərlik edən AXC İdarə Heyətinin üzvü, mərhum Nəcəf Nəcəfovu tapmalı olduq. O, təqiblərə görə, Əhmədli tərəfdə gizlənirdi. Nəşriyyatdakı  fəhlələr, çapçılar qəti şəkildə dedilər ki, “sizə böyük hörmətimiz var, amma Nəcəf bəyin özü icazə verməyincə  çap maşının arxasına keçməyəcəyik”. Bir təhər əlaqə qurub Nəcəf  bəyə zəng vurduq, razılığını aldıq.  Amma fəhlələr dedilər qətiyyən mümkün deyil. Bəlkə heç Nəcəf Nəcəfovla danışılmayıb? İnanmadılar. Dedilər ki, özü şəxsən gəlməsə qəzeti çap eləməyəcəyik. Bəs necə olsun? Nəcəf axtarışdadır.  Gətirib onu burda güdaza verə bilmərik ki? Xalqın sevdiyi, bizim də böyük etimad bəslədiyimiz şəxs idi Nəcəf… Xeyli götür-qoydan sonra Nəcəf bəyin dalınca elə general Aleksandrovun xidməti maşınını göndərdik.  Nəcəf bəy mərd-mərdanə gəldi. Biz ona dedik ki, heç generalın otağına girmə, fəhlələrlə görüş, tapşır… Nəcəf bəy isə “niyə girmirəm, general kimdir ki?” deyib kabinetə keçdi.  Generala dedim ki, bu “Səhər” qəzetinin şöbə müdiridir.  Ən əsası odur ki, Nəcəf bəy materiallara baxdı, qəhərləndi, köks ötürdü. İnanmadı ki, bunun çapına icazə almışıq. Gecə məşhur qazax şairi Oljas Süleymanov da gəldi redaksiyaya.  20 yanvar qırğınını eşidən kimi gecə Qazaxstandan  uçub gəlmişdi Bakıya.



Dubinyakın əmrinin dərci ilə bağlı məsləhət elədik.  Oljas dedi ki, bu qanlı qırğının təkcə bir fotosunun xalqa çatmasından ötrü hətta 11 səhifədə də  düşmən sözünü deməyə də dəyər… Dubinyakın əmrini heç kim  Azərbaycan dilinə tərcümə etmədi. Qərara aldıq ki, mətni elə rus dilində verək.  General Aleksandrov  bir az etiraz etdi. Birtəhər başdan elədik.  12-ci səhifədə Dubinyakın əmrini yerləşdirdik. “Səhər” qəzetini 2 miyon tirajla çap etdik.  Səhər 11 iri yük maşınına yüklədik və paylanması üçün Şəhdilər Xiyabanına, adamaların izdihamlı olan yerlərə göndərdik. 2 milyon tiraj pulsuz paylandı…





-Şəhidlərin ilk siyahısını “Səhər” qəzeti verib.  İnformasiyanı hardan alırdınız? Şəhidlərin nəşi Təzəpir məscidində aparılıb. Orada qeydiyyat aparılırdı? QMİ bu prosesin idarə olunmasında hansı rol oynayırdı?



– Şeyxulislam Allahşükür Paşazadənin şəhidlərin dəfnində və prosesin idarə olunmasında çox böyük rolu olub.  QMİ sədrinin Mixail Qorbaçovu ittiham edən bəyanatı  çox cəsarətli və ciddi mövqe idi. Bu, bütün dünyada əks -səda verdi.  Sonralar biz bildik ki, hətta Şeyxə o vaxt Azərbaycanda hakimiyyəti götürmək də təklif olunubmuş…



- Primakov təklif edibmiş…



-O vaxt biz bunları bilmirdik.  Şeyxulislamın yerinə başqası olsaydı ola bilərdi bu təklifə razılaşaydı, hakimiyyəti üzərinə götürərdi. Bununla da şəhidlərə islam fundamentalizmi damğası vurardılar. Şəhidlərin ruhuna kölgə düşərdi.  Şeyx bundan imtina edib. Digər tərəfdən Allahşükür Paşazadə başda olmaqla din adamlarının bu prosesdə iştirak etməsi olduqca vacib idi və müsbət qarşılanırdı. Hakimiyyətsizlik və xaosun baş alıb getdiyi vaxtda, prosesin təşkil olunması və idarəsində Şeyxulislamın önəmli rolu oldu. O zaman əlaqələrimiz də, münasibətlərimiz də  var idi.



– Bəs şəhidlərin siyahısını necə topladınız?  Hərbi senzura onun çapa buraxılmasına necə razı oldu?



– O vaxt Rizvan Zeynalov adlı şəxs bu məsələdə fəal idi.  O, jurnalistlərlə  xəstəxanaları, yaralıların saxlandığı yerlərə gedir, onlarla bağlı məlumatları yığırdı. Rizvan indi adını unutduğum bir cəmiyyətin sədri  idi. Onun xətti ilə Moskvaya istntaq üçün çox qiymətli materiallar göndərmişdik. Elə bilirdik ki, onları Moskvaya göndərən kimi,  Qorbaçov bunu biləcək və Yazovu cəzalandıracaq. Hə, Rizvan Zeynalov siyahını gətirib bizə verdi. Bəs bu siyahını necə çap etdik? Mərhum prezident Heydər Əliyev  qanlı yanvarın 10-illik ildönümündə bunu xatırladaraq mənə dedi ki, “siz o vaxt jurnalistika qəhrəmanlığı göstərmisiniz”.  Şəhidlərin siyahısını gətirib senzorun qarşısına qoydum. General siyahıya baxıb soruşdu ki, “bunlar kimdir? Nə siyahıdır?”. Mən də dedim ki, bu yaxınlarda Azərbaycanda seçkilər keçiriləcək, bunlar deputatlığa namizədlərin siyahısıdr. Təsəvvür edirsiniz bu nə boyda risk idi?  Onlar bilsəydilər ki, bu şəhidlərin siyahısıdır, heç onu qoyardılar çap olunsun?  General da dedi ki, “elə mən də Belarusiya Ali Sovetinin deputatıyam”. Bir az özündən danışdı, sonra möhürlədi və çap üçün icazə verdi. Beləcə verdik siyahını… Səhər isə aləm qarşıdı bir-birinə…Bu siyahı bomba kimi partladı. Hərbçilər gəlib məni evdən apardılar General Ovçinnikovun yanına…  Ovçinnikov AZTV-də otururdu. Məni təpikləyə-təpikləyə, sürüyərək apardılar onun yanına… Görən kimi qışqır-bağır başlandı. Söz demək istəyirəm “molçaat” deyə bağırır, həbs olunduğmu deyirdi.  Açığı, qorxdum…Vertalyota qoyub naməlum istiqamətə aparmağa hazırlaşırdılar. Özüm məlumat almışdım ki, Ulyanovska aparıb həbs edəcəkdilər. Orada da ya öldürəcəkdilər, ya da əlil olub qayıdacaqdım. Məndən əvvəl də  xalq şairimiz  Bəxtiyar Vahabzadə ilə qalmaqal olmuşdu. Bəxtiyar Vahabzadə Ovçinnikovun üzünə tüpürmüşdü.  Kabinetdə çox gərgin vəziyyət yaranmışdı. Məni partiya bileti ölümdən xilas elədi.  General bağıraraq mənə “samozvanets” (yalançı) deyirdi.  Mən də dedim  ki, “niyə belə deyirsiniz?”  General dedi ki, sən özünü “Kommunist” qəzetinin rəhbəri kimi qələmə vermisən.  Dedim ki,  “yoldaş general, baş redaktoru işdən qovublar, mən də baş redaktorun müavini kimi o vəzifəni icra edirəm. Bəs kim olmalıdır? Ona görə demişəm qəzetin rəhbəriyəm”.  Yenə qışqırdı ki, “siyahı necə olub çapa verilib?” Dedim icazə almışıq.  Senzuradan keçən nüsxəni gətirdilər. Möhürü gördülər. Bundan sonra general Aleksandrova töhmət verdilər. O da mənə dedi ki, “bu boyda karyeram ərzində töhmət almamışam, sən mənə verdirdin”.  İşin üstü necə açılıbmış?  “Bakı” qəzetinin baş redaktoru Şamil Şahməmmədov  siyahını götürüb qəzetində vermək istəmişdi.  Senzurada soruşublar ki bu nə siyahıdır? Generalın yanında olanlardan biri də deyib öldürülənlərin siyahısıdır… Şahməmmədovu həbs edirdilər az qala… General soruşub ki, “necə yəni? Bəs deputatların siyahısı deyil?”  Məsələnin üstü orda açılıb. Ondan sonra məni gətiriblər Ovçinnikovun kabinetinə…  Dedi ki, mənə 30 sutka həbs verilir.  Hay-küy saldım ki, Qorbaçova yazacağam, bu ölkədə “Kommunist” qəzetinin redaktorunu  necə özbaşına həbs edə bilərsiniz? Partbileti cibimidən çıxarıb danşıram.  Amma həm də qorxuram. Evdə ailə, balaca uşaqlar…  Ovçinnikov dayandı:  “Necə yəni “Komunist” qəzeti? Bu qəzet axı “Kommunist” qəzeti deyil”- deyə əsəbi halda soruşdu . Mən “Səhər” qəzetinin üstündə nisbətən xırda şiriftlə yazılmış sözü göstərdim. Baxdı, baxdı… Zəng elədi, Mərkəzi Komitədən şöbə müdiri Tofiq Rüstəmovu çağırdı. O da mənim müəllimim olub.  Tofiq müəllim gəldi, general soruşdu ki,  “bu “samozvanets” deyir “Kommunist” qəzetinin rəhbəriyəm.  Düzdür?” Tofiq müəllim də dedi ki, “baş redaktorun müavinidir, onu əvəz edir…Düz deyir”. General yenə özündən çıxdı, başladı bağırmağa ki,  “onu həbs edirik. Xalqı orduya qarşı qaldırıb.  Öldürülənlərin adını deputat adı ilə qəzetdə verib”. Tofiq müəllim heyrətlə mənə baxıb “sən neyləmisən?”. Mən də dedim “vermək lazım idi, elədik”. 30 sutkalıq cəzanı şərti cəza ilə əvəz etdilər.



“Səhər” qəzeti şəhərdə sürətlə yayılırdı. Xalq məlumatları alırdı. Bu hərbçiləri narahat etməyə başladı. Əlində “Səhər” qəzeti olanları başladılar həbs etməyə… Senzura ona “vərəqə” deyirdi.  Bir yerdə biz qəzeti vitrinə yapışdırmışdıq. Çoxlu sayda adam yığışıb qəzeti oxuyur, müzakirə edirdi.  Əsgərlər adamları dağıtmaq üçün avtomatdan atəş açmışdılar. Güllələrin  bir neçəsi vitrindəki “Səhər” qəzetinə də dəymişdi. Ona görə qəzeti “güllələnmiş qəzet” adlandırırdılar. Qəzet həddən artıq populyar idi. “Səhər” Təbrizdə fars əlifbası ilə, İsraildə  ivritlə çap olunmuşdu.  Pribaltikanın “Baltiyskaya Pravda” qəzeti “Səhər”in 20 yanvarla bağlı 12 səhifəlik nömrəsini olduğu kimi rus dilinə tərcümə edərək yaymışdı. Ukraynada, Türkiyədə oxuyurdular.  Qəzet SSRİ məkanında geniş yayılmışdı.



Məşhur “Ağla qərənfil, ağla”şeri də “Səhər” qəzetinin tapşırğı ilə yazıldı. Bu barədə az adam məlumatlıdır. Mərhum Məmməd Aslana  dedim ki, Şəhidlərlə bağlı nömrədə şeir yazılmalıdır.  Yaz. Sən yazmalısan!  Məmməd Aslana axı sifariş də vermək olmur… Amma yazdı. Şedevr oldu o şeir. İlham və Fərizə haqında ilk yazını “Səhər” qəzeti verdi. Flora Sadıqova onların Yasamaldakı evinə getdi, dəfndə iştirak etdi, böyük bir yazı hazırladı.  Qəzetin xalqdan böyük dəstəyi var idi.





-Qəzetin sonrakı taleyi necə oldu?



-“Səhər” qəzeti 1989-cu ilin aprelindən çıxırdı.  “Kommunist” qəzetinin iqtisadi əlavəsi kimi nəzərdə tutulmuşdu. Amma biz onu ayrıca qəzet kimi nəşr edə bildik. “Səhər” adını da mən qoydum qəzetə… O vaxt qəzeti oxuyan Vəzirov da tərifləmişdi,  Cəmil Əlibəyova “qəzeti  belə çıxararlar” demişdi. 97 işçim var idi. Ən yüksək maaş bizim qəzetdə verilirdi. 90-larda vəziyyət dəyişdi. 1998-ci ildən sonra adda-budda çıxırdıq.  Qəzet  Heydər Əliyevin vəfatından sonra, 2003-cü ildə  dayandı. Qəzetə rəsmi və qeyri rəsmi heç kim dəstək olmayıb. Biz ümidlə yaşayrıdıq ki, qəzetin bərpa olunmasına şərait yaradacaqlar.



 -Nə əcəb KİVDF-yə qəzetin bərpası üçün müraciət etmirsiniz?



-Eləmişəm. Əli Həsənov orda ola-ola mümkün olmadı.  Nə “hə” dedilər, nə də “yox”, amma heç nə də eləmirlər. Bir də  mən yüksək tirajla qəzet buraxmış bir adam kimi indiki  reallıqla hesablaşıb 2-3 min tirajla qəzet çıxarmaq istəməzdim. İndi hətta “Səhər”i 10 min tirajla buraxsam belə mənə dərd olacaq. Bu mənim üçün ağrılı məsələdir. Amma bir az kömək göstərsəydilər ən azı onlayn variantda fəaliyyət göstərə bilərdik. Ona da elə də meyl olmadı. Belə…Kollektivin köhnə üzvləri ilə  xeyirdə-şərdə görüşürük. Səmimi münasibətlərimiz qalır, axıra qədər də qalacaq. Mənim yanaşmam vardı ki,“Səhər” qəzetinə gəldi var, getdi yoxdur”.  Bir məsələdə mən fəxr edə bilərəm. “Səhər”  qəzeti xalqımın ən çətin və ağrılı günündə onunla çiyin-çiyinə duraraq bu faciənin çatdırılmasında misilsiz rolunu oynadı və Azərbaycanın mətbuat tarixində öz layiqli imzasını qoya bildi.






Teqlər:
Bu xəbər cəmi 865 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR