Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparıldığı barədə xəbərlərə aydınlıq gətirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir:
“Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”.
Qeyd edək bu gün BakuPost-un yaydığı məlumata görə, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparılıb. Aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub.
Bundan əlavə, idarə rəisi və alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən, firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.
Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub.