2020-ci il başlayandan avtomobil bazarında qiymət artımı müşahidə edilir. Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarının satıcıları bu barədə Report-a danışıblar.
Əksər satıcıların sözlərinə görə, ötən ilin dekabr ayında bazarda alıcı sayında müəyyən canlanma müşahidə edilib. Paralel olaraq avtomobillərin qiymətləri də artıb. Ən çox qiymət artım isə maşın bazarına yeni avtomobillərin daxil olmasından sonra qeydə alınıb. Belə ki, ay ərzində bazara ən çox Koreya və Yaponiya istehsalı olan maşınlar gətirilib.
Ümumilikdə, bazarda ən çox tələbatın “Mercedes” modellərinə və qiyməti 12-17 min manat arası Koreya istehsalı olan avtomobillərə olduğu bildirilib. Satıcılar qeyd edib ki, insanlar ən çox dizellə çalışan və mühərrikinin həcmi aşağı olan maşınlara üstünlük verirlər. İrihəcmli mühərriki olan avtomobillərin və Rusiya istehsalı olan maşınların isə satışının xeyli zəif olduğu bildirilib.
“Yeni Müsavat” maşınların qiymətləri ilə maraqlanıb. Məlum olub ki, doğrudan da bir çox modellərin qiymətində müəyyən qədər artımlar var. Qiymət artımına səbəb kimi xarici dövlət qeydiyyat nişanı ilə ölkədə olan avtomobillərlə bağlı qəbul edilən yeni qərarlarında təsir etdiyi bildirilir. Bu kimi məsələlərə keçməzdən öncə ən çox tələbatın olduğu bir neçə model maşının qiymətinə nəzər salaq. Belə ki, hazırda bazarda 1990-cı ilin “Mercedes 190” modelləri 5-7 min manata satılır. İli 2003-cü il olan “Mercedes E220” 15 min manat və daha yüksək qiymətədir. “Mercedes C180” (çeşkalar) 10-14 min manata, “Mercedes” E-classlar (dördgözlər) 12-16 min manata satılır. İli 2008-ci ildən yuxarı olan “Kia”lar (sedan) vəziyyətindən asılı olaraq 10-29 min manata satılır. İli 2008-ci ildən yuxarı olan Hyundai də 15-29 min manata satılır.
Ekspert Fikrət Yusifov bildirib ki, qiymətlərin artmasına bir neçə faktor təsir göstərə bilər:
“Bu yaxınlarda rəsmi şəkildə çağırış oldu ki, 7 il öncəyə qədər istehsal edilən avtomobillərin Azərbaycana gətirilməsi üçün idxal rüsumları qaldırılsın. Doğrudur, qərar qəbul olunmasa da bu, bazarda müəyyən canlanmaya səbəb olur. Yəni qiymətlər artır. Digər faktor isə Gürcüstandan bura gətirilib, 3 aydan bir sərhədi keçməklə istifadə olunan avtomobillərlə bağlı tətbiq edilən qadağadır. Çox adam tanıyıram ki, onlar burada həmin avtomobilləri sərbəst istifadə edirdilər. İndi isə məhdudiyyət var və bu da o deməkdir ki, həmin insanlar avtomobillərini satıb, daxili bazarda avtomobil almağa yönlənəcəklər. Onların da bazara yönlənməsi qiymətlərə təsir edir. Yəni tələb və təklif arasındakı balans dəyişir. Bu isə qiymətlərin artmasına səbəb olan faktlardan biridir. Başqa səbəb isə bütövlükdə ölkə iqtisadiyyatında aktivliyin artması ilə şərtləndirilə bilər. İnsanların banklardakı əmanətlərinin artım tempinə baxsaq, son bir ildən artıq müddət ərzində kifayət qədər artımın olduğunu görərik. Bu da əhalinin gəlirlərinin artmasına işarədir. Nəticədə bütün bunlar özünü maşın bazarında da qiymətlərin artması kimi göstərə bilər”.
Ekspert bildirib ki, ölkədə maşın bazarının durumu ciddi təhlil edilməlidir:
“Bu gün Azərbaycanda köhnə maşınların sayı çoxluq təşkil edir. Hesab edirəm ki, buna görə də məsələ ilə bağlı ciddi təhlillər aparılmalıdır. Ölkədə maşın bazarının durumu kompleks şəkildə təftiş edilməlidir. Eyni zamanda maşın bazarının təzələnməsinə də diqqət olunmalıdır. Yaxın bir neçə ilə hesablanan proqram hazırlanmalıdır ki, həm qiymətlər bu şəkildə qalxmasın, həm də paralel olaraq avtomobil parkında köhnə avtomobillərin sayı azalsın, yenilənmə olsun. Hesab edirəm ki, bu, xüsusi aidiyyəti qurumlar tərəfindən aparılmalı olan zəruri bir işdir”.