İqtisadçı-ekspert: “Hava limanı AZAL-ın nəzarətində olduğu və şərtləri də istədiyi kimi diktə ediyi üçün xarici aviaşirkətlərin reyslərinin qiyməti bahalı olaraq qalacaq”.
“Ölkənin xarici bazara çıxışı, o cümlədən, turizm potensialının artırılması üçün rəqabətqabiliyyətli hava nəqliyyatının təmin edilməsi ilkin şərtdir”.
Bu sözləri iqtisadçı Vüsalə Əhmədova Azərbaycanda beşinci və yeddinci qrup tətbiq edilən“hava azadlığı”nı PİA.az-a şərh edərkən qeyd edib.
Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunmağa başlayıb. Belə ki, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verir.
“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.
Qeyd edək ki, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.
Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.
Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.
Daha əvvəl Azərbaycandan sərnişindaşımada monopoliyanı əlində saxlayan AZAL-ın belə bir addım atması nəylə bağlıdır və “hava azadlığı” yüksək qiymətlə şağı keyfiyyətli xidmət göstərməsinə baxmayaraq, “ziyanla” işləyən AZAL-ın maliyyəsinin dəfələrlə azalmasına səbəb olmayacaq ki?
Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.
Vüsalə Əhmədova: “İlk öncə hava limanını AZAL-ın monopolyasından xilas etmək lazımdır”.
AZAL-ın zərərlə işləməsinin səbəbini yeyinti və şişirdilmiş qiymətə təyyarə alınmasında görən iqtisadçı PİA.az-a açılamasında əlavə edib ki, bütün hallarda AZAL-da idarəetmə sistemi dəyişmədikcə şirkət yenə də “zərərlə” işləməyə davam edəcək. Çünki bu şirkətin rəhbırliyinə sərf edir:
“Xatırlayırsınızsa Bakı hava limanının qitələrarası nəqliyyat və logistika mərkəzinə çevrilmə şansının olmadığı ilə bağlı bir açıqlamam olmuşdu. Ümumiyyətlə, ölkənin xarici bazara çıxışı, o cümlədən, turizm potensialının artırılması üçün rəqabətqabiliyyətli hava nəqliyyatının təmin edilməsi ilkin şərtdir. Yanvarın 1-dən ölkəmizdə beşinci və yeddinci qrup “hava azadlıq”larının tətbiq edilməsi gözlənilir. Hesab edirəm ki, bu yenilik müstəqil ekspertlərin, jurnalist dostlarımızın davamlı olaraq səsləndirdikləri haqlı iradlardan müsbət nəticə çıxarılması nəticəsində mümkün oldu. Burada mənim də cüzi də olsa payım varsa nə gözəl.
Məlumat üçün bildirmək istərdim ki, “Hava azadlığı” dövlətlər arasında hava əlaqələri haqqında hökumətlərarası sazişlər əsasında təsbit edilən sərnişin, baqaj və yük daşımalarını həyata keçirmək hüququnu müəyyən edən razılıq hesab olunur. Dövlətlər arasında bağlanan hava əlaqələri haqqında hökumətlərarası sazişə əsasən şərti olaraq “hava azadlıqları” bir neçə kateqoriyaya ayrılır. 1-ci və 2-ci qrup “hava azadlıqları” – üçüncü ölkəyə gedən uçuş marşrutu üzrə yerləşən dövlətlərin ərazisi üzərindən uçuşun təmin edilməsidir. 3-cü və 4-cü qrup “hava azadlıqları” – tərəflər arasında müqaviləyə əsasən daşımaların təmin edilməsidir. 5-ci, 6-cı və 7-ci qrup “hava azadlıqları” – partnyor dövlətlərdən üçüncü ölkəyə və əksinə müqavilə əsasında daşımaların təmin edilməsidir.
Vüsalə Əhmədova: “Azərbaycan yeganə ölkədir ki, aviaşirkət dolayı olaraq hava limanının sahibidir”.
Beynəlxalq hava hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir ki, bu sahədə ilk çoxtərəfli müqavilə 1919-cu il tarixli “Paris Konvensiyası”dır. Konvensiyada dövlətlərin öz hava məkanı üzərində müstəsna suvernliyi birbaşa təsbit olunur. Eyni zamanda, Konvensiya əcnəbi hava gəmilərinin başqa dövlətlərin hava məkanından “dinc uçub keçməsini” nəzərdə tutur.
İkinci çoxtərəfli müqavilə beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üzrə 1929 “Varşava Konvensiyası” sayılır. Beynəlxalq hava hüququ sahəsində ən mühüm akt isə 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında “Çikaqo Konvensiyası”dır. Hansı ki, Azərbaycan Respublikası da bu Konvensiyanın iştirakçısıdır. Konvensiyada iştirakçı dövlətlərin əraziləri üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb.
Yanvarın 1-dən etibarən Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkətin ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcəyi, əməliyyatın ikinci ilində endirimin 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcəyi deyilir. Qeyd edim ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi qaydada təqdim edilirdi.
Hava limanı AZAL-ın nəzarətində olduğu üçün və şərtləri də istədiyi kimi diktə ediyi və xarici aviaşirkətlərin reyslərinin qiyməti bahalı hal alır və hesab edirəm ki, bu belə də davam edəcək. Azərbaycan yeganə ölkədir ki, aviaşirkət dolayı olaraq hava limanının sahibidir. Düşünürəm ki, ilk Öncə hava limanını AZAL-ın monopolyasından xilas etmək lazımdır.
AZAL-ın zərərlə işləməsinin səbəbinə gəlincə isə, səbəb şirkətin yeyinti və şişirdilmiş qiymətə təyyarə alınmasındadır. Bütün hallarda AZAL-da idarəetmə sistemi dəyişmədikcə, şirkət yenə də “zərərlə” işləməyə davam edəcək. Çünki bu şirkətin rəhbırliyinə sərf edir. Dövlətdən əlavə maliyyə yardımı ala bilmək üçün AZAL-ın ziyanla işləməsi rəhbərliyin əsas strategiyasıdır”.
Nərminə UMUDLU
pia.az