107 saylı Qazax seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş jurnalist Sevinc Kərimovaya yerli icra qurumları imza toplamağa mane olurlar.
Bu barədə Mia.az-a Sevinc Kərimovanın özü məlumat verib.
O bildirib ki, hazırda namizədliyin təsdiqi üçün imza toplamaqla məşğuldur: "Dekabrın 26-da Qazax rayonun Kosalar kəndində imza toplayarkən bir neçə nəfər 35 BE 386 dövlət nömrə nişanlı avtomobillə bizi izləməyə başladılar. Hətta bir az irəli gedərək, "siz kimsiz burada imza toplayırsız? Bizim öz namizədimiz var, ona səs toplayırıq", - deyib, bizdən Kosaları tərk etmək tələb olundu. Onlar özlərini təqdim etmədilər. Ancaq bizi kəndi tərk etməyə məcbur buraxdılar. Şünki kənd sakinlərini çətin vəziyyətdə qoymaq istəmədik.
Sonradan bizə məlum oldu ki, həmin maşın kohnə və yeni seçilmiş bələdiyyə sədri Elşad Məmmədova məxsusdur. Əlbəttə, seçkiyə belə kobud müdaxilə yolverilməzdir, ümid edirəm ki, müvafiq qurumlar bu faktı araşdırıb, tədbir görəcəklər".
S.Kərimova deyir ki, belə xoşagəlməz halla dekabrın 27-də Daşsalahli kəndində də qarşılaşıblar: "Burada da kənd icra nümayəndəsi gələrək, imza toplamamıza açıq formada mane oldu. Eyni zamanda, təhsil müəsissələrinin birində mənə imza toplayan insanlarına da təzyiqlər olunub, onlar rəhbərlik tərəfindən hədələniblər. Məhz buna görə narahat olan bəzi şəxslər imza vərəqəsindən adlarının çıxarmamızı xahiş ediblər. Bütün bunlarla bağlı DSK-ya və MSK –nın "qaynar xətti"nə məlumat vermişəm".
Sevinc Kərimova deyir ki, büdcə təşkilatlarında işləyənlərin bəzilərinin şəxsiyyət vəsiqləri toplanıb, nömrələri qeydə alınıb: "Onlara açıq deyilib ki, "yad namizəd"ə imza verəcəyinizi belə müəyyən edəcəyik, sonrasını özünüz düşünün. Yəni işinizi itirə bilərsiniz".
Xatırladaq ki, S.Kərimova jurnalist olmaqla yanaşı, həm də "Əks-səda"Beynəlxalq Jurnalist Tədqiqatlari Mərkəzi Ictima Birliyinin sədridir. O, 1975-ci ildə Qazaxda doğulub, BDU-nun Jurnalistika fakültəsinin məzunudur.