Bu sözləri Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Ekologiyanın zəhərli qazlardan xilas olunması üçün edilən təşəbbüslər son illər daha da aktuallaşıb. Təşəbbüslərdən biri ili köhnə olan avtomobillərin utilizasiyasıdır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə dizel mühərrikli avtomobillərin istismardan çıxarılmalı olduğunu bildirib. Şöbə müdiri həmçinin yeni nəsil hibrid avtomobillərinin ölkəyə gətirilməsi üçün stimullaşdırıcı tədbirlərin də mühüm rol oynayacağını qeyd edib.
“Yeni Sabah” xəbər verir ki, Fərhad Eyyubov məsələ ilə bağlı fikirlərini Lent.az -la bölüşüb. Ekspert ekologiyanın təmizlənməsi üçün irəli sürülən təkliflərin mexanizm olmadan həyata keçirilməyəcəyini qeyd edib:
“Nazirliyin şöbə müdiri deyib ki, Azərbaycanda dizel mühərrikli avtomobillərin istifadəsinə qadağa qoyulmalıdır. Elə bu sözü deməklə iş bitmir. Həm dizel mühərrikli maşınları, həm də köhnə avtomobilləri sıradan çıxarmaq və utilizasiya üçün mexanizm olmalıdır. Ancaq hələ ki, hər hansı mexanizm yoxdur. Hazırda ölkədə 1 milyon 400 min istifadədə olan avtomobil var. Onların da əksəriyyəti 30 ildən çox olan və 30 ilə yaxın istifadədə edilən nəqliyyat vasitələridir. Bu qədər avtomobil yükdaşıma və sərnişindaşıma üzrə əhalinin tələbatını yerinə yetirir. Tutaq ki, heç bir mexanizm olmadan bu qədər avtomobilin içərisindən qeyd etdiyimiz avtomobilləri çıxarıb 700 min maşın saxlamaqla kifayətlənmək olar. Bu isə böyük iqtisadi ziyandır. Təbii ki, bu zaman ekoloji böhran ortaya çıxan iqtisadi böhranın yanında kölgədə qalacaq. Ancaq bu rəqəm sərnişindaşıma və yükdaşıma fəaliyyətində tələbatı ödəməyəcək. Elə etmək lazımdır ki, balans pozulmasın. Bundan əlavə, hibrid və ya elektromobillərlə həmin tələbatı minimum 10 ilə ödəmək mümkün ola bilər”.
Fərhad Eyyubov hibrid avtomobillərinin Azərbaycanda aktiv istismarı üçün bir neçə problemlər olduğunu vurğulayıb:
“Azərbaycanda hibrid və ya elektromobillərin aktiv istifadəsi üçün bir neçə problem həllini tapmalıdır. Birincisi, yanacaqdoldurma məntəqələrində benzin və dizeldən əlavə alternativ enerji növü də olmalıdır. Özü də bu təkcə Bakıda yox, digər rayonlarda da. İkincisi, hələ də nəinki hibridlər, heç digər ekoloji cəhətdən təmiz olan maşınlar üçün də texniki servis mərkəzləri kifayət qədər deyil. Düzdür, ekoloji cəhətdən sərfəli olan avtomobillər gəldikdən 4-5 il sonra digərləri kimi təmir mərkəzləri olacaq. Üçüncüsü isə hibrid avtomobillərin idxalı üçün gömrük rüsumları endirilməlidir. Alqışlanası addımdır ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edilib. Ancaq həmin proqramın da konkret icra mexanizmi yoxdur. Bütün bunların hamısını həyata keçirmək və hibrid avtomobillərindən istifadə etmək bizə 10 ilə başa gələcək”.