2020-ci ildən etibarən icbari tibbi sığorta mərhələli şəkildə Azərbaycanda tətbiq ediləcək. Birinci mərhələdə, yəni ilk üç ay ərzində vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq, aprel ayında isə ikinci mərhələ başlayacaq. İkinci mərhələdə vətəndaşların icbari sığortasına görə onların əmək haqlarından müəyyən vəsait tutulacaq.Xəbər verildiyi kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq 5 özəl xəstəxana ilə müqavilə bağlayıb. Bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir.
Maraqlıdır, özəl xəstəxanalar bu prosesə cəlb olunacaqmı?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cebhe.info-nun sorğusunu cavablandırıb. Qurumun sorğusunda qeyd olunub ki, Agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək.
“2020-ci ilin yanvar ayından başlayaraq icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərəcək dövlət tibb müəssisələrinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (https://its.gov.az/files/1/tbib_siyahi.pdf) yerləşdirilib.
Agentlik pilot layihə müddətində baza zərfinə daxil olan, lakin icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdəki (Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonları) dövlət tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlərin göstərilməsi məqsədilə qeyri-dövlət tibb müəssisələri ilə müqavilələr bağlayıb.
1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər zərfində nəzərdə tutulan, lakin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərin əhaliyə göstərilməsi üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin bağlanılması nəzərdə tutulub. 2020-ci ildə qüvvədə olacaq xidmətlər zərfi təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”-deyə sorğuya cavabda bildirilib.