Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinin təqdimat mərasimi və qhtxeber.az saytının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən qhtxəbər.az saytının baş redaktoru Sənan Nəcəfov çıxış edərək saytın fəaliyyəti haqqında məlumat verib.
Daha sonra çıxış edən QHT şurasının sədri, deputat Azay Quliyev müsabiqə haqqında məlumat verib və seçimlərin şəffaf şəkildə həyata keçirildiyini vurğulayıb. Daha sonra Sənan Nəcəfova QHT şurasının xüsusi hədiyyəsi plaket təqdim olunub.
Münsifləri səhnəyə dəvət edən Azay Quliyev onlara seçim prosesində iştirakına görə təşəkkür edib. Qeyd edib ki, onlar çox çətin və məsuliyyətli məsələnin öhdəsindən gəliblər.
Münsiflərdən söz alan sabiq deputat, yazıçı Sabir Rüstəmxanlı yazılarla bağlı tənqidi fikirlər səsləndirib. Qeyd edib ki, yazıların əksəriyyəti rəsmi dövlət qərarlarından və ekspert rəylərindən ibarət olub. Müsabiqə iştirakçılarına tövsiyələrini verən yazıçı onları dil qaydalarına riayət etməyə çağırıb.
Qeyd edək ki, müsabiqənin münsifləri media kapitanları Rauf Arifoglu, Vüsalə Mahirqızı, Rəşad Məcid, Hikmət Babaoğlu və xalq şairi Sabir Rüstəmxanlı olub.
Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu yazılarda köçürmələrin çox olduğunu, 12 yazının bütünlüklə internet materiallarından hazırlandığını vurğuladı. Qeyd etdi ki, yazıların əksəriyyətinə aşağı bal verib.
Digər münsiflər də müsabiqə iştirakçılarına yazı dili və üslubu ilə bağlı qeydlərini çatdırdılar.
Sonda müsabiqə qalibləri mükafatlandırılıb.
Müsabiqədə birinci yerin qalibləri Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli, "Yeni Müsavat" qəzetinin müxbiri Sevinc Telmanqızı, Fərəh Sabirqızı olub.
İkinci yerə teleqraf.com saytının müxbiri Asif Nərimanlı, Moderator.az saytının əməkdaşı Seymur Əliyev, Fidan Afər layiq görülüb.
Üçüncü yerin qalibləri isə Afn.az saytının əməkdaşı Həbibə Abdulla, ayna.az saytının müxbiri Rumiyyə Miraslan, Ruhiyyə Daşsalahlı olub.