“Qafqazinfo” xəbər verir ki, sabiq deputat Hüseyn Abdullayev musavat.com-a yeni bəyanat göndərib. “Oğuz eli” İctimai Birliyinin rəhbərinin növbəti bəyanatla çıxış etməsinə səbəb onun ailə üzvlərinin Azərbaycanda hakimiyyətin təqiblər və hədələri ilə üzləşməsidir. Xalqa ünvanlanan bəyanatda deyilir: “Əziz və çox dəyərli Azərbaycan xalqı. Sizlərə bildirmək istəyirəm ki, son bir həftə ərzində mövcud iqtidar nümayəndələri, başda İlham Əliyev, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Bəylər Əyyubov, Kəmaləddin Heydərov və Fazil Məmmədov olmaqla, ailə üzvlərimə və mənə yaxın olan digər şəxslərə qarşı olduqca misli görünməmiş bir repressiv təqib üsuluna əl atıblar və hər gün onlara yeni bir saxta cinayət ittihamı tətbiq edib hədə-qorxu gəlirlər. Men Hüseyn Abdullayev öz adımla onlara bəyan edirəm ki, əgər onların doğurdan da dini İslamdırsa və onların doğurdanda şərəfi, mənliyi varsa o zaman mənimlə olan ədavətlərini və qisaslarını yaşlı valideyinlərimdən – ata-anamdan almasınlar. Onlar əmin olsunlar ki, hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq bir gün törətdiyi bütün qanunsuzluqlara görə artıqlaması ilə cavab verəcək. Sonda qədim Roma fəlsəfəsindən istifadə edib o rus dilli məmurlara bir aforizm deyirəm: “Predatelstvo i podlost eto poslednyaya dastoenstvo rimskoy imperii”.
H.Abdullayev bildirir ki, o, Azərbaycan hakimiyyətinin haqsız təqiblərinə cavab olaraq Almaniyadan siyasi sığınacaq istəyib: “Artıq müvafiq sənədləşmə işi yekunlaşmaq üzrədir. Gələn həftənin 1-ci günü, iyulun 8-də siyasi sığınacaqla bağlı Almaniya hökumətinə rəsmi müraciət edəcəm”.
Sabiq deputat onu da bildirdi ki, o, İnterpolu və Azərbaycanın Vergilər Nazirliyini məhkəməyə verəcək.
Xatırladaq ki, H.Abdullayev xeyli müddətdir ki, Azərbaycan hakimiyyəti tərəfindən təqib olunur. Ötən ayın əvvəllərində onun yazdığı “Susma” əsəri ictimailəşəndən sonra bu təqiblər daha da şiddətləndi. Onun qardaşını işdən çıxardılar, özünə isə vergidən yayınmaq ittihamı ilə cinayət işi açdılar. Ötən həftə “Yeni Müsavat”a açıqlamasında o, bildirmişdi ki, açılan cinayət işi quramadır və onun yaradıcılığı ilə bağlıdır. H.Abdullayev bildirmişdi ki, 10 ildir Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmadığı halda onu necə vergidən yayınmaqda ittiham edə bilərlər.