Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumunda Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb və bu təklif yekdillə plenum içtirakçıları tərəfindən yekdilliklə dəstəklənib.
Plenum iştirakçıları hesab edib ki, ölkə ictimai-siyasi həyatında aktiv iştirak edən, peşəkar hərbçi və tanınmış alim olan Cəlil Xəlilovun parlamentdə təmsilçiliyi, xalqın, eləcə də müharibə və əmək veteranlarının arzu və istəklərinin parlamentdə dolğun şəkildə əks edilməsi baxımından faydalı ola bilər.12 sentyabr 2017-ci il tarixindən Azərbaycan Respublikalsı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini general-polkovnik Tofiq Ağahüseynov həyata keçirir. 28 yanvar 2014-cü ildən isə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vəzifəsində ehtiyyatda olan polkovnik Cəlil Xəlilov çalışır.
Cəlil Xəlilov kimdir, yaxud döyüş yolu keçməyən veteran?
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı haqda araşışımızda sədr müavini Cəlil Xəlilovun adını xüsusi olaraq qeyd etməyimiz təsadüfi deyil. Məsələ burasındadır ki, təşkilatın faktik idarəsi artıq uzun illərdir ki, bu şəxsin əlindədir. C.Xəlilovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda onun döyüş yolu keçməməsi ilə bağlı xeyli ittihamlara rast gəldik. htiyyatda olan polkovnikin Qarabağ döyüşlərində iştirak etməməsi belə bir quruma rəhbərlik etməsi üçün ona ən azı mənəvi baxımdan məhdudiyyətlər yaradır: “C.Xəlilov bir gün də olsun Milli Ordunun zabiti olmayıb. O, 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. “Ştab zabiti” olan, səngər görməyən, Milli Ordu sıralarında olmayan birinin bu gün Silahlı Qüvvələrin formasını geyməsi, hələ üstəlikMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyində təmsil olunması ciddi etirazlar yaradır. Çünki bu qurumda Qarabağ müharibəsində, Əfqanıstan döyüşlərində iştirak edən kifayət qədər mərd və hörmətli, cəsurluğu ilə ad çıxarmış zabitlərimiz var”. Məsələn, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev mediaya açıqlamasında C.Xəlilovun Əfqanıstan döyüşlərində iştirakı ilə bağlı hər hansı bir məlumata malik olmadığını, belə bir fakta rast gəlmədiyini və Əfqanıstan müharibəsi veteranı olan soydaşlarımızdan kimsənin də onun bu müharibədə iştirakının şahidi olmadığını bildirib. Yeri gəlmişkən, digər bir mənbədən aldığımız məlumata görə C.Xəlilov Əfqanıstan müharibəsi dövründə Sovet-Əfqan sərhəddinin Tacikistan hissəsində sərhədçi kimi xidmət keçmiş və açıq döyüşlərdə iştirak etməmişdir.
Sədr müavini təşkilatı necə idarə edib?
Cəlil Xəlilovun Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyəti barədə kifayət qədər ciddi ittihamlar var. Mediada yer alan və rəsmən təkzib olunmayan bu iddialardan bəzilərini cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Cəlil Xəlilov şəxsi marağı naminə Heydər Əliyevin 1975-ci ildə təşəbbüsü ilə yaradılmış, uzun müddət sovet ittifaqı qəhrəmanı, generalların rəhbərlik etdiyi Bakı Şəhər Veteranlar Şurasının ləğvinə nail oldu. Eyni zamanda Respublika Veteranlar Təşkilatının balansında olan Bakı Şəhər Veteranlar Şurasının mənzil qərargahının satılmasına nail oldu. Həmin bina Sahil metrosuna yaxın ərazidə yerləşirdi. Oradan əldə olunmuş külli miqdarda pul vəsaiti mənimsənildi. Gördüyü bütün işləri yuxarılarla məsləhətləşdiyini qeyd edir. Ölkədə ağır iqtisadi böhranın olmasına, Respublika Veteranlar Təşkilatının tələbatını ödəyə biləcək sayda avtomobil nəqliyyatının olmasına baxmayaraq, Cəlil Xəlilov çox baha qiymətə müasir avtomobil alaraq istifadə etməyə başladı. Baxmayaraq ki, bu vəsait veteranların ehtiyaclarının ödənilməsinə xərclənə bilərdi. Prezidentin 2016-cı ildə Təşkilata ayırdığı 500 min manat vəsaitin hara xərclənməsi məlum deyil. Veteranlar üçün hazırlanmış veteran döş nişanları baxmayaraq ki, Azərbaycanda daha ucuz hazırlana bilərdi, nədənsə Cəlil Xəlilovun təşəbbüsü ilə çox baha qiymətə Serbiyada sifariş olundu və Cəlil Xəlilov bu məsələ ilə bağlı dövlət vəsaiti hesabına bir neçə dəfə Serbiyada səfərdə oldu. Bu ezamiyyət xərcləri Təşkilatın hesabından silindi. Bu döş nişanlarının veteranlara verilməsi nəzərdə tutulmuşdu, minlərlə döş nişanı veteranlığa aid olmayan adamlara 7-10 manata satıldı. Oradan gələn vəsaitin hansı məqsədlər üçün xərcləndiyi məlum deyil. Təşkilatın nizamnaməsində nəzərdə tutulmayan veteran həmrəyliyi medalının, Cəmşid Naxçıvanski medalının, Həzi Aslanav medalının, Əliağa Şıxlınski medalının, Səmədbəy Mehmandarov medalının qanunvericiliyə zidd olaraq təsis olaraq hazırlanması Cəlil Xəlilovun təşəbbüsü ilə həyata keçirildi. Həmin medallar ucuz nüfuz qazanmaq üçün veteran hərəkatında əməyi və iştirakı olmayan insanlara verilir”.
Dadaş Rzayevin ifşa cəhdi və Veteranlar təşkilatına polis müdaxiləsi
Bildirək ki, Tofiq Ağahüseynova qədər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr postunda ehtiyatda olan general-mayor Dadaş Rzayev çalışıb. Dadaş müəllim sədrlik dövrünün son günlərində təşkilatdakı yeyintilər və maliyyə maxinasiyalarını araşdırmaq qərarına gəlib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, D.Rzayev xəstəliyi ilə əlaqədar 11 (on bir) ay, yəni 2016-cı ilin sentyabr ayının 25-dən 2017-ci ilin avqust ayının 28-dək müalicədə olub. İşə çıxandan sonra təşkilatda baş vermiş mənimsəmə faktları barədə aldığı məlumatlardan narahat olan general dərhal – avqust ayının 31-də təşkilatın 11 aylıq fəaliyyətini yoxlatdırmaq üçün komissiya yaradıb. Avqust ayının 31-də yaradılmış komissiyanın tərkibindəki zabitlərin hamısı təşkilatın ali orqanı olan Plenumun üzvləri olub. Onların dördü ehtiyatda olan polkovnik, bir nəfəri isə polkovnik-leytenant, iki nəfər – e.o polkovnik – Həsən Əmirov və Rasim Muxtarov, həm də Rəyasət Heyətinin üzvləri, ehtiyatda olan polkovnik Əliş Əliyev təşkilatın baş mütəxəssisi, e.o polkovnik-leytenant Zahiddin Abbasov isə təşkilatın daimi komissiyasının sədri olub. Komissiyanın beşinci üzvü e.o polkovnik Kamal Əliyev uzun illər təşkilatda baş mütəxəssis, şöbə müdiri vəzifələrində işlədikdən sonra öz ərizəsi ilə işdən çıxıb. Bu komissiyanın taleyi ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbə deyir: “Cəlil Xəlilov yol verdiyi yeyinti faktlarının üzə çıxa biləcəyindən ehtiyat etdiyindən təxribatçı hərəkətlərə yol verərək, havadarlarının köməkliyi ilə komissiyanın bir gündən artıq işləməyinə imkan vermədi: təşkilata çağırılan polis nəfərləri ertəsi gün komissiya üzvlərini inzibati binaya buraxmadıqlarından komissiya öz işini yarımçıq yekunlaşdırmağa məcbur oldu”.
Yeyinti rəsmən təsdiqlənib
Yoxlamaların nəticəsi olaraq təqdim olunan məlumatda isə bildirilir ki, komissiyanın fəaliyyətinə Cəlil Xəlilov tərəfindən maneçilik törədilir. Buna görə də komissiya işini tam görə bilməyib, təşkilatın fəaliyyəti tam yoxlanılmalıdır. Qeyd edək ki, Cəlil Xəlilov təşkilata 1 sentyabr 2016-cı il tarixindən 1 sentyabr 2017-ci il tarixinədək rəhbərlik edib. Komissiya qərar alıb ki, bu dövrdə baş vermiş maliyyə pozuntuları vəzifə cinayəti kimi qiymətləndirilsin. Təşkilata qanunsuz şəkildə vurulmuş zərər, yəni 12 330 manat 08 qəpik pul vəsaiti xəzinədarlığa qaytarılsın. Cəlil Xəlilov təşkilatın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayevə qarşı tabe olmadığına, ciddi maliyyə pozuntularına yol verdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılsın, məsələ Rəyasət Heyətində və növbəti plenium iclaslarında müzakirəyə çıxarılsın.