Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumatverici lövhələr hazırlayıb.BDYPİ əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.
BDYPİ-nin Yol Patrul Xidməti Alayının komandir müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb.
Xosrov Nəcəfov onu da bildirib ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.