"Baklift-2” İxtisaslaşmış İstehsalat Birliyinin keçmiş rəhbəri, həbsdə olan Ruslan Dilanovun məhkəməsi başlayıb.
Yenisabah.az xəbər verir ki, Ruslan Dianov liftlərin dəyişdirilməsi, təmiri məqsədilə ayrılan 1.8 milyon manat vəsaiti mənimsəməkdə, materialları satmaqda ittiham olunur.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadı etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilir.
Dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib.
İttihama əsasən, 2013-2015-ci illərdə 71 liftin yenidən quraşdırılması və təmiri üçün ayrılan 1 milyon 835 min manat vəsaitin bir hissəsi mənimsənilib. Həmçinin yeni liftlərin quraşdırılması, təmiri məqsədilə idarəyə verilən mal-materiallar satılıb. Lakin sənədlərdə onların təyinatı üzrə istifadə olunduğu göstərilib.
Ruslan Dilanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bu üzdən məhkəmə zərərçəkmiş tərəfi, şahidləri dindirəndən sonra Ruslan Dilanovun ifadəsini dinləmək barədə qərar qəbul edib.
Bu iş üzrə zərərçəkmiş qismində "Baklift” tanınıb.