Müsavat Partiyasının sədri Arif Hacılının rəhbəri olduğu partiyanın parlament seçkilərinə namizədlərinin adını açıqlayarkən “onlar arasında bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var” ifadələrini işlətməsi bəzi saytların fantaziyasının fışqırmasına səbəb olub.
“Prezidenti olmuş” söz birləşməsini əsas gətirənlər belə bir ağlasığmaz fərziyyə irəli sürüblər ki, guya Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov Musavat partiyasından namizədliyini irəli sürəcək.
Sabiq dövlət başçısının köməkçisi Qulu Həsənov məsələ ilə bağlı Moderator.az-a açıqlamasında belə deyib:
"Təəssüf ki, indi Ayaz müəllimin soyuqlarla əlaqədar səhhəti bir az qaydasında deyil. Ona görə özü cavab verə bilmir. Onu deyə bilərəm ki, bu cür xəbərlər ucuz sensasiya yaratmaq xatirinə yayılır. Ayaz müəllim dövlət başçısı ölduğu və ondan öncəki dövrlərdə o zamankı imkanlar çərçivəsində Azərbaycanın siyasət meydanında öz sözünü deyib. Hazırda isə onun yaşının ahıl çağında deputat olmaq fikri yoxdur. Bunu yazan müxbirlər öncə o suala cavab tapsınlar ki, Ayaz Mütəllibov siyasətlə məşğul olurmu. Əgər siyasətlə məşğul olmursa, onda hansısa partiyadan namizədliyini necəverə bilər...”
P.S. Müsavat başqanının “bu ölkənin prezidenti olmuş namizədlər” deyəndə kimi nəzərdə tutduğu bəlli olmasa da, dərhal Azərbaycanın 3 sabiq prezidenti arasında həyatda olan Ayaz Mütəllibov ağla gəlir. Amma düşünən yoxdur ki, bəlkə A.Hacılı cəmi bir aya yaxın Prezident səlahiyyətlərini icra etmiş eks-spiker və sabiq partiya başqanı İsa Qəmbəri nəzərdə tutub... Yaqub Məmmədov da 2 aya yaxın eyni səlahiyyətləri icra edib, amma onun da yaşı çoxdur...