Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Milli Məclisin beşinci çağırışı buraxılıb. Parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin elan edilməsi ilə bağlı aparılan müzakirələr istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə Azərbaycanda aparılan islahatların növbəti və daha mühüm mərhələsi kimi qəbul edilib. Hər kəs anlayır ki, qanunverici orqan hakimiyyətin icraedici qolunda aparılan, bütün sahələri əhatə edən islahatlardan kənarda qala bilməz. Parlament ölkədəki dəyişikliklərə adekvat olmalı, yenilənməli, yeni təfəkkürə malik şəxslərdən ibarət olmalı və müasir, smart düşüncə tərzinə uyğun qanun yaradıcılığında iştirak etmək adekvatlılığı göstərməlidir.
Məsələ bundadır ki, bu gün Azərbaycanın siyasi və iqtisadi həyatında ciddi dəyişikliklər baş verir. Belə siyasi kursun nəticəsi olaraq, ölkədə kadr və struktur islahatları gedir. Bu baxımdan, parlamentin buraxılması qərarı qanunauyğundur. Azərbaycanda islahatların davamlı olması üçün yeni parlamentə ehtiyac yaranıb və qanunverici bazanı təkmilləşdirmək üçün bir sıra mühüm qanunlar qəbul edilməlidir. Belə qanunverici təşəbbüslə isə yalnız yeni, daha müasir düşüncəli, adekvat şəxslərdən ibarət parlament çıxış edə bilər.
Onu da unutmaq olmaz ki, bölgədə cərəyan edən ciddi proseslər fonunda ölkə bir sıra məsələlərə də hazır olmalıdır. Baxmayaraq ki, Milli Məclisin indiki tərkibi də qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb, lakin ciddi islahatlar zərfinin işə düşdüyü bir vaxtda tamamilə yeni qanunverici təşəbbüslərə ehtiyac yaranıb. Təhsil, səhiyyə, müdafiə sisteminin, iqtisadi blokun islahatları üçün yeni hüquqi bazanın qəbul olunması zərurəti mövcuddur. Dayanıqlı inkişaf yeni güc, yeni təfəkkür tələb edir və yeni parlamentlə islahatların davam etdirilməsi daha məqsədəuyğundur.
Məsələ ondadır ki, Azərbaycanın müasir, demokratik dövlət kimi güclənməsinin bir yolu da tam işlək vəziyyətdə olan yeni Milli Məclisdən keçir. Bu baxımdan, növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan dövlətinin gücünü artırmağa xidmət edəcək.
Növbədənkənar parlament seçkilərində istər hakim Yeni Azərbaycan Partiyasının, istərsə də digər partiyaların gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclər korpusunu deputatlığa namizəd kimi irəli sürəcəyi gözlənilir. Bu isə tamamilə yeni dönəmin başlanğıcıdır.
Qeyd edək ki, Milli Məclisin tərkibinin peşəkar komanda səviyyəsində yenilənməsi həm də ona görə zərurətə çevrilib ki, hakimiyyətin hər üç qolunun (icra, qanunverici və məhkəmə) işində qarşılıqlı çeviklik artırılsın və qanun çərçivəsində koordinasiya sürətləndirilsin.
Yeni deputat korpusu ilə qanunverici hakimiyyətin dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirməsi üçün faydalı iş əmsalını artıracağı gözlənilir.
Bəzən tənqidçilər parlamentin seçkili orqan olduğunu, buna görə də orda təmsil olunan şəxslərin yaşını, təcrübəsini və s. seçicinin müəyyən etdiyini qeyd edirlər. Əlbəttə, bu belədir. Lakin danılmaz həqiqətdir ki, cəmiyyət Prezident İlham Əliyevin islahat kursuna dəstək verir, onun apardığı dəyişiklikləri, yeni təyinatlarını alqışlayır. Faktiki olaraq, buraxılmış parlamentin bəzi üzvləri ictimaiyyətin əsas tənqid hədəfləri sırasında idi. Həm də elə buna görə YAP-çı deputatlar tərəfindən irəli sürülən, Prezident tərəfindən də qəbul olunan parlamentin buraxılması təklifi cəmiyyətdə çox müsbət qarşılandı. Cəmiyyət daha proqressiv, çevik, müasir və adekvat düşüncəyə malik şəxslərdən ibarət, daha sağlam müzakirələrin gedəcəyi parlament formalaşmasını gözlədiyini ifadə edir. Məhz buna görə də indidən əminliklə yeni parlamentin daha çox gənclərdən, yeni düşüncəli və müasir təfəkkürlü şəxslərdən formalaşacağını deyənlər yanılmırlar, onlar cəmiyyətin rəyinə və istəyinə əsaslanırlar.
Bir sözlə, yeni parlament seçkiləri dövlət idarəçiliyi sistemini tam dəyişir. Belə ki, Prezident Administrasiyası, Nazirlər Kabineti, icra hakimiyyəti başçıları ilə bağlı həyata keçirilən dəyişikliklər fonunda, iqtisadi sahədə də ciddi addımlar atıldı. Vergilər, Əmlak Məsələləri Dövlət Komitəsi, digər iqtisadi qurumların birləşdirilməsi, habelə, sosial blokun islahatları - maaşların, pensiyaların, müavinətlərin və s. artırılması müşahidə edildi. İslahatlar davam etdirilir. Bu baxımdan, Milli Məclisin də yenilənməsinə zərurət yaranmışdı. Odur ki, yeni Milli Məclisə seçkilər islahatlara ən yaxından yardım etmiş olacaq.