Şəhər nəqliyyatının əsas problemlərindən biri və sürücülərin daha çox şikayət etdiyi məqam parklanmadır. Sürücülər bəzən avtomobili saxladığı yerdə Bakı Nəqliyyat Agentliyinin cərimə protokolu tərtib etməsi ilə razılaşmırlar. Avtomobillərin qanunsuz parklanmaya görə kameraya düşüb ən çox cərimə yazıldığı yerlər isə şəhərin mərkəzi hissələridir. Məsələnin əsas tərəfi isə sürücülərin nəqliyyat vasitələrini harada saxlamasıdır. Bakıda parklanma üçün alternativ yerlər varmı?
"Yeni Sabah" xəbər verir ki, şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev Lent.az-a parklanmaya əvvəllər, ümumiyyətlə, diqqət yetirilmədiyini qeyd edib:
“Təəssüf ki, Bakı Nəqliyyat Agentliyi də daxil olmaqla problemi normal başa salan yoxdur. Vaxtilə Bakıda yol hərəkətinin təşkili yol polisində olanda, hər hansı səbəblərdən parkinq qadağan edilirdi. Yol kənarında parklanmanı qadağan edən nişan qoyulurdu və sürücülər, adətən bunu görmürdülər. Həmin nişanı sürücülər də nəzərə almırdılar. Mahiyyəti bundan ibarət idi ki, bəxtiniz gətirməsə, evakuator sizin maşınınızı aparacaq. Nəzarət şəhər icra hakimiyyətinə keçəndə də harda gəldi, qanuna məhəl qoymadan parklanma yerləri yaradırdılar. Pul alırdılar və yenə də kim necə və harada istəyirdi maşın saxlayırdı. Bəzi yerlərdə ona görə tıxac yaranırdı”.
Hüseyn Abdullayev cərimələri nəyə görə avtomobil sahiblərinin qəbul etməməsinə də aydınlıq gətirib:
“Ancaq parklanmaya nəzarət Bakı Nəqliyyat Agentliyinə keçəndə sürücülər coşmağa başladılar. Çünki əvvəlki nəzarət qaydaları sürücülərdə "harada gəldi saxlaya bilərəm" təəssüratı yaratmışdı. Təbii ki, nə sürücülərin bu fikri, nə də küçədə parkinqin olmaması da düzgün deyil. Şəhərdəki küçə parklanmalarının sayı az deyil. Ancaq hələ də bəzi yerlərdə yol polisindən qalma qadağanedici nişanlar var. Bakı Nəqliyyat Agentliyinin cərimələmək haqqı var, ancaq parklanma siyasəti qaydasına düşməlidir”.
Parklanma ilə bağlı problemlərin heç vaxt aradan qalxmayacağını xatırladan ekspert, Bakıda parklanmayagörə qiymətin artırılmasını təklif edib:
“Parklanma ilə bağlı şəhərdə problem olmadığını heç vaxt deyə bilməyəcəyik. Şəhərin hansısa bir hissəsini söküb parkinq yaratmaq da mümkün deyil. Parklanma yerlərinin sayı və qiyməti də şəhərdə avtomobillərin hərəkətinə təsir edən amildir. Bakı Nəqliyyat Agentliyi Bakıda tıxacı aradan qaldırmaq istəyirsə, ilk növbədə parklanma siyasətindən başlamalıdır. Küçə və ya küçədən kənar olmasından asılı olmayaraq, müəyyən qədər parklanma yeri olmalı və qiymət də təyin edilməlidir. Şəhərdə küçə parkinqinin pullu olması hər bir iri şəhər üçün məcburidir. Çünki qiymət olmadan küçə parkinqinə tələbatı tənzimləmək mümkün deyil. Həmçinin şəhərin mərkəzi yerlərində küçə parkinqi küçədən kənar parkinqə nisbətən baha olmalıdır. Ona görə də Bakıda parkinqlər pullu, eyni zmanda baha omalıdır. Bakı Nəqliyyat Agentliyi problemli ərazilərdə parklanma yerlərinin tikilməsi barədə sahibkarlara təkliflər verməlidir”.
Hüseyn Abdullayev Bakı şəhərinin nəqliyyat problemlərinin yalnız parklanma ilə bitmədiyini vurğulayaraq, ictimai nəqliyyatın da problemlərindən danışıb. Onun sözlərinə görə, şəxsi avtomobili olan sürücüləri ictimai nəqliyyatdan istifadəyə yönləndirsək, nəqliyyat sistemi buna tab gətirə bilməz. Ekspert bütün problemlərin aradan qaldırılmasının yalnız Bakı Nəqliyyat Agentliyinın üzərinə düşmədiyini bildirərək, hökumətin də bu istiqamətdə qərarlar verməsini doğru hesab edib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə avtomobil saxlamağa icazə verilən yerlərdən danışıb. O, alternativin yalnız ictimai nəqliyyatdan istifadə etmək olduğunu bildirib:
“Bakı şəhərində avtomobil sürən hər kəs şəhər icra hakimiyyətinin təşkil etdiyi parklanma yerlərində rahat maşınlarını saxlaya bilərlər. Buna görə heç bir ödəniş də tələb olunmur. Ümumiyyətlə, Azərbaycanda hələ parklanma üçün konkret qiymət təsdiq olunmayıb. Ona görə də Bakı Nəqliyyat Agentliyi parklanma məsələsində idarəetməni yerinə yetirmir. Ödəniş məbləği təsdiqləndikdən sonra yeni idarəetmə qaydası da tətbiq ediləcək. Məqsədimiz insanları ictimai nəqliyyata cəlb etməkdir. 2-3 ildir ölkəyə yeni avtobusların gətirilməsini də elə-belə həyata keçirməmişdik. Məqsədimiz ictimai nəqliyyatdan istifadəni genişləndirmək idi. Parklanmalara alternativ yalnız ictimai nəqliyyatdan istifadədir. Digər tərəfdən, küçə parklanma yerləri hər zaman məhdud resurs sayılır. Bunu özümüzdən demirik, dünyanın hər bir iri şəhərində belədir. Ona görə, "hər bir küçədə, prospektdə parklanma yeri olmalıdır" kimi tələb yoxdur. Nə qanunvericilikdə, nə də nəqliyyat üzrə ixtisaslaşmış hər hansı bir ədəbiyyatda belə bir qayda yoxdur. Söhbət təbii ki, küçə parklanmasından gedir. Tam əksinə, hazırda dünyada prioritet olan məsələ şəhərin və şəhər yollarının piyadalar və ictimai nəqliyyat vasitələrindən istifadə edənlər üçün əlçatan olmasıdır”.