Bakıda evdə baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
"Report”un xəbərinə görə, hadisə noyabrın 30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 7-də qeydə alınıb.
Belə ki, Fərhad Hüseynova məxsus binanın 2-ci mərtəbəsində yerləşən ev 7 ünvanda Şəmkir rayon sakini, 1980-cı il təvəllüdlü Arzu Babayeva övladları - 2005-ci il təvəllüdlü Bayramzadə Xəyal Rauf oğlu və 2007-ci il təvəllüdlü Bayramzadə Ramal Rauf oğlu ilə birlikdə 3-4 aydır kirayədə yaşayıb. Həmin ailənin işıq sərfiyyatına borcu olduğu üçün təxminən 2 gün əvvəl işıq idarəsinin əməkdaşı tərəfindən elektrik naqili sayğacdan ayrılıb.
A.Babayevanın əri Rauf Bayramov isə Rusiya Federasiyasında ticarətlə məşğul olur və hazırda orada yaşayır.
Məlumata görə, noyabrın 29-da saat 16 radələrində A.Babayeva övladlarını evdə tək qoyaraq rəfiqəsigilə gedib, hava qarlandan sonra oğlu X.Babayev yaxınlıqda yerləşən marketdən şam alaraq evə qayıdıb. O, şamı yatdıqları çarpayının yanına qoyub. Onları yuxu tutduqdan sonra səhərə yaxın şamın odu mələfəyə keçib, nəticədə yanğın baş verib.
Daha sonra qonşular Fövqəladə Hallar Nazirliyinə (FHN) yanğınla bağlı məlumat verib və yanğınsöndürmə əməkdaşları hadisə yerinə gəlib. Saat 05:40 radələrində yanğın tam söndürülüb.
Xəyal və Ramal Bayramzadələr isə orta ağır dərəcəli zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Mərkəzi Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Məlumat əsasında hadisə yerinə baxış keçirilib, yanğın və təhlükəsizlik texnikası ekspertizası təyin edilib, izahatlar alınıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoymaq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.