“Xocalıda baş verən soyqırımı ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırım həyata keçirib”. APA-nın xəbərinə görə, bunu Moldovanın parlament vəkili Aureliya Qriqoriu bu gün Ermənistan parlamentində çıxış edərkən bildirib.
Qeyd edək ki, Ermənistan parlamentində Ümumavropa Konfransı keçirilir. Aureliya Qriqoriu “Dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması” mövzusunda məruzə ilə çıxış edib. Xanım Qriqoriu “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırım həyata keçirib” ifadələrini səsləndirərkən zalda olan bəzi iştirakçılar onu alqışlayıb.
Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan isə bildirib ki, Ermənistan parlamentinin tribunasından sifarişləri yerinə yetirmək üçün istifadə etmək lazım deyil: “Mən bilmirəm siz kimin sifarişini yerinə yetirirsiniz, amma öz çıxışınızı yazaraq sifarişçilərə göstərə bilərsiniz. Düşünürəm ki, yüksək səviyyəli qonaqlar elmi konfransdan yolverilməz müzakirələr üçün istifadəsinə etiraz etməlidirlər”.
Aureliya Qriqoriu buna cavab olaraq deyib ki, münaqişənin təfərrüatlarına varmaq fikrində deyil: “Yalnız onu deyə bilərəm ki, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulması yolverilməzdir”.