Həm sosial mediada, həm də saytlarda Həsənovla bağlı sərəncam böyük maraqla – hətta əksər hallarda sevinclə qarşılandı. Ölkə.az saytının yazdığına görə, Əli Həsənov vəzifədən uzaqlaşdırılmasını mətbuata şərh edərkən deyib ki, o, son 3 ildə Prezidentdən bir neçə dəfə xahiş edib ki, onu vəzifəsindən azad etsin.Məsələnin aktuallığını nəzərə alaraq sayt araşdırma aparıb. Prezident Administrasiyasındakı mənbənin sözlərinə görə bu vaxta qədər onun ümumiyyətlə belə bir xahişi olmayıb. “Əgər Ə.Həsənov iddia etdiyi kimi öz istəyi ilə vəzifədən azad olunmağını istəmişdisə, baş nazirin müavinləri Hacıbala Abutalıbov, Əli Həsənov, həmçinin Ramiz Mehdiyev kimi öz istefa ərizəsini yazaraq ölkə başçısının stolunun üzərinə qoymalı idi. Prezident də, son ənənəsinə uyğun olaraq adlarını çəkdiyimiz şəxslər kimi Ə.Həsənovu da hörmətlə yola salacaqdı. Amma o da bu sərəncamdan deyəsən, elə hamı kimi media vasitəsi ilə xəbər tutdu” – deyə sayt yazır. Hökumətdəki mənbə daha bir maraqlı məlumat açıqlayıb: “Prezident yaxın zamanda olan mətbuata qapalı iclaslardan birində Əli Həsənovun şöbəsinin işinə ciddi narazılığını bildirdi. Daha sonra isə İlham Əliyev ictimaiyyətə açıq iclasda bu məsələyə yenidən diqqət çəkdi, Əli Həsənovu nəzərdə tutaraq Prezident Administrasiyasının yüksək vəzifəli şəxsinin digər yüksək vəzifəli şəxsi qaraladığını, onun haqqında həqiqətə uyğun olmayan, şantaj xarakterli məlumatlar yaydığını qeyd etmiş və bunun qəbuledilməz olduğunu xüsusi vurğuladı.Bakı Dövlət Universitetinin yubileyindəki çıxışında da Prezident media ilə bağlı bəzi problemləri dilə gətirib, ideoloji fəaliyyət istiqamətində görülən işləri zəif qiymətləndirmişdi. Bununla yanaşı yubileydəki çıxışında Prezident hökumətin gördüyü işlərin mətbuatda effektiv işıqlandırılmadığını da vurğulayaraq narazılığını dilə gətirmişdi.Bununla da nəticəyə gəlmək olur ki, Əli Həsənov iddia etdiyi kimi istefa xahişi ilə yox, sadaladığımız bu səbəblərə görə vəzifəsindən azad edilib”.