Modern.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində may-iyun aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirib.
O, deyib ki, Azərbaycan teleməkanında ədəbi dillə bağlı nöqsanlar çoxdur və bu nöqsanların aradan qaldırılması üçün işlər aparılmalıdır.
”Hazırda ədəbi dilin qaydalarının pozulması halları ən çox ANS telekanalında müşahidə olunur”-deyə MTRŞ sədri qeyd edib.
N.Məhərrəmlinin sözlərinə görə, hazırda Azərbaycanın televiziya və radio məkanında ədəbi dil normaları küçə, bazar, şou-biznes danışıq normalarına uduzur, balans çox ciddi şəkildə pozulur: "Bizdə bəzən belə bir fikir formalaşdırılır ki, xalq danışıq dili hər yerdə olmalıdır. Bu, tamamilə yanlış bir fikirdir. Azərbaycanda teleradio kanallarında çalışan aparıcılar kimliyindən asılı olmayaraq, yəni istər idman, istər mədəniyyət, istərsə də xəbər aparıcıları Azərbaycanın ədəbi dil qaydalarını mütləq bilməlidirlər".
MTRŞ sədri deyib ki, rusdilli insanların Azərbaycan telekanallarında aparıcılıq etməsi çox böyük nöqsanlarla müşayiət olunur. O, aparıcıları dialekt, şivələr, jarqon və bayağı sözlərdən daha çox istifadə etməkdə qınayıb.