Artıq 2 aydan çoxdur ki, Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır.
BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində geniş tərkibli seminar-müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat verib.
Daha sonra müşavirədə uşaq bağçalarında sanitar-epidemioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.
Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilib, lakin bununla yanaşı bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb. Müşavirədə aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilib. Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və tibb işçiləri tərəfindən ətraflı izahat verilib.
Toplantıda aşkarlanmış nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qıza müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilmiş və məsələ nəzarətə götürülüb.