Bu gün ölkə mətbuatı və sosial şəbəkələrdə ən çox müzakirə predmeti olan bu sual hər bir vətəndaşı düşündürür. Öncə onu deyək ki, artıq bir neçə ildir ki, ölkənin səhiyyə sisteminin icbari tibbi sığortaya keçirilməsi istiqamətində intensiv işlər görülür. İcbari tibbi sığortaya keçidi tənzimləyən aidiyyatı qurumun başlıca hədəfi ölkə vətəndaşlarına ən yüksək tibbi xidmət göstərə biləcək bir sistemin qurulmasıdır. Yəni burada sadəcə texniki olaraq yeni tibbi xidmət sisteminə keçməkdən söhbət getmir. Söhbət bu xidmətin ən yüksək standartlar səviyyəsində təşkil edilməsindən gedir. Elə buna görədir ki, keçiddən öncə ölkənin üç bölgəsində - Mingəçevir və Yevlax şəhərlərində 3 ilə yaxın, Ağdaş rayonunda isə 2 ilə yaxın müddət ərzində tibbi sığorta sistemi üzrə sınaq layihələri reallaşdırılır. Artıq bu layihələrin nəticələri ortadadır. Əsasımız var deyək ki, nəticələr kifayət qədər uğurludur. Bu uğurun ən yaxşı göstəricisi, sınaq keçirilən bölgələrdə əhali arasında keçirilmiş tam müstəqil bir sorğunun nəticələridir. Mən bu sorğunun nəticələrini təsadüfən əldə edə bildim. Doğrusu aparılan sınaqdan vətəndaşlarımızın məmunluq səviyyəsinin belə yüksək olacağını gözləmirdim. Lakin nəticələr deyir ki, İnsanlar icbari tibbi sığortadan məmunluğu 90%-dən çoxdur. Hesab edirəm ki, bu sınağı təşkil edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri də belə yüksək göstəricilərin əldə olunacağını gözləmirdilər. Deməl, indi ölkənin bütün ərazisində toplanmış yaxş təcrübəyə söykənərək icbari tibbi sığorta sisteminə keçmək mümkündür. Artıq bu keçidin 4 mərhəllədən ibarət olacağı da bəllidir. Əslində bu işi ölkənin bütün ərazisi üzrə eyni vaxtda etmək mümkün idi. Lakin apardığımız araşdırmalar göstərir ki, yeni sistemə keçidin yüksək səviyyədə baş tutması məhz mərhəlləli keçidlə ola bilər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edib. Təklifə əsasən, birinci mərhəllədə yanvar-mart ayları ərzində icbari tibbi sığorta ölkəmizin şimal bölgəsində 20 rayonda tətbiq olunacaq, aprel-iyun aylarında baş tutacaq ikinci mərhələdə qərb bölgəsində olan 17 rayon, İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə cənub bölgəsində yerləşən 14 rayonda, oktyabr-dekabr ayların ərzində isə Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunu əhatə edəcək dördüncü mərhələdə olacaqdır.
Dövlətin yaxın 3 il ərzində tibbi sığorta üçün öz xəzinəsindən hər bir vətəndaşa 90 manat vəsait ödəmək barədə qərarı, eyni zamanda qanunda edilən dəyişiklik nəticəsində vətəndaşların, xüsusilə də qeyri-neft sektorunda çalışan vətəndaşların və bu sektora aid müəssisələrin tibbi sığorta ödənişlərinin əsaslı şəkildə azaldılması dövlətimizin sosial mahiyyətinin bariz təzahürü kimi dəyərləndirilməlidir.
Hər bir yenilik başlanğıcda heç də hamı tərəfindən eyni səviyyədə qarşılanmır və başa düşülmür. Lakin yenilik xidmətin keyfiyyətini kökündən dəyişməyi hədəfləyirsə, buna danışıqsız getmək lazımdır. Bicbari tibbi sığortaya keçid ərəfəsində bəzi tibb müəssisələrinin və onlarda çalışan bəzi həkimlərin bu işə tərəddüdüdlə yanaşması da tam normal haldır.
1990-cı illərin ikinci yarısından başlayaraq ölkədə büdcənin xəzinədarlıq sisteminin qurulması ilə bağlı durumu xatırlayıram. Buna qədər büdcə vəsaitlərinin bölgüsünü özləri istədikləri kimi aparan təşkilatların rəhbərləri birdən-birə onların əlindən bu səlahiyyətlərin alınmasından çox rahatsız olmuşdular. Hətta onlardan bəziləri ölkə başçısına müraciət edərək təşkilatlarının bir müddət “köhnə qaydalarla” fəaliyyət göstərməsinə razılıq almaq belə istəmişdi. Təbi ki, heç kimə istisna verilmədi və verilə də bilməzdi. Bir neçə ildən sonra qurulan xəzinadarlıq sistemi büdcənin gəlir və xərclərinin tam şəffaf bir şəkildə idarə olunmasına gətirib çıxartdı. Heç şübhə etmirəm ki, İcbari Tibbi Sığorta sisteminin fəaliyyəti də bir neçə ildən sonra bu şəkildə mükəmməl ola biləcək.
İcbari Tibbi Sığortaya keçidin mərhəlləli olması o demək deyil ki, bu sistemə bir qədər gec keçən bölgələrdə insanlar dövlətin, onların özlərinin və çalışdıqları müəssisələrin ödədikləri İcbari tibbi sığorta haqqılarının müqabilində tibbi xidmət ala bilməyəcəklər. Əldə etdiyimiz məlumata görə icbari tibbi sığortaya sonradan keçən bölgələrdə də insanlarımız ilk növbədə dövlət tibb müəssisələrində tibbi sığorta xidmətlərindən yararlana biləcəklər. Ölkənin bütün bölgələrində qurulmuş vahid elektron sistem bu xidmətləri icbari tibbi sığortaya sonradan keçəcək bölgələrdə də həyata keçirməyə imkan yaradacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı təkliflərdə sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusununa təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.
Fikrət Yusifov
iqtisad elmləri doktoru,
professor