BakuPost xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucla Milli Məclisin buraxılması ilə bağlı axar.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- YAP SŞ deputatlarını geri çəkmək və Milli Məclisin buraxılması üçün Prezidentə müraciətlə bağlı qərar qəbul elədi. Ümumiyyətlə, bu qərar nə ilə əlaqədardır? Ölkə başçısının BDU-nun 100 illik yubiley mərasimindəki çıxışında yaşlı məmurlarla bağlı bəyanatları olmuş, gənclərlə bağlı mesaj vermişdi...
- Düşünürəm ki, ölkə rəhbəri qeyd etdiyiniz çıxışda yaş amilindən daha çox, məhz baş amilinə diqqət çəkmiş, insanların cəmiyyətdə, dövlət həyatında, idarəetmə sistemində, hökumətdə baş verən bu köklü yeniləşmə prosesində hansı tələbləri və istəklərinin nəzərə alındığını qabartmışdı. Bu üzdən çox açıq söyləmək lazımdır ki, hakim partiyanın bu qərarı son dərəcə cəsarətli, düzgün və zamanın çağırışlarına, ilk növbədə isə dövlət rəhbərinin 2018-ci ildən - yenidən prezident seçilməsindən sonra elan etdiyi kursun tələblərinə tamamilə uyğundur.
Biz 11 yanvardan start götürən, öz miqyasına, struktur tərkibinə, instutisional mahiyyətinə, hədəflərinə, bütün digər hakimiyyət qollarına əhatə etməsinə görə yaşadığımız 2019-cu ili Azərbaycan həyatının mühüm bir yol ayrıcı, yeni mərhələsi, yeni kurs dönəmi kimi qiymətləndirmişdik. Və o zaman təbii, haqlı olaraq belə bir sual yarana bilərdi ki, bu yeniləşmə prosesləri parlamenti, o cümlədən məhkəmə sistemini nə dərəcədə əhatə edəcək?
Burada zəruri olan başqa önəmli məqam ondan ibarətdir ki, biz artıq yeni bir hökumətdən danışırıq. Bu yaxınlarda Milli Məclisdə büdcə müzakirələri zamanı bir mənzərə diqqətimi çəkdi. MM-ə təşrif buyuran, orada yer alan nazirlərdən böyük əksəriyyəti fərqli şəxslərdir. Hansı ki, biz 2015-ci ildə formalaşmış bir Məclislə yeni büdcəni müzakirə etməkdə idik. Bu isə avtomatik olaraq vacib sualları meydana çıxarırdı ki, MM-in tərkibi bu qeyd etdiyimiz suallara, istəklərə, prosesin tələblərinə nə dərəcədə uyğundur? Onlar seçici qarşısında məsuliyyətlərini hansı formada yerinə yetirə bilirlər? Vətəndaş düşüncələri tribunaya nə dərəcədə gəlib çatır? O cümlədən dövlətin siyasi kursunda iştirak, hüquqi proseslərdə aktivlik, Azərbaycan dövlətinin əleyhinə olan proseslərdə siyasi sipər rolunu oynamaq, MM-in ifasında alınırmı? Açıq demək lazımdır ki, bu məsələdən çıxış edəndə biz görürdük ki, burada xeyli boşluqlar, problemlər mövcuddur.
Bizə indi sual verəndə ki, bəlkə burada hansısa şəxslərin hökumətin sıralarında yer alan keçmiş məmurlara bağlı olması ilə əlaqədardır? Əlbəttə, hesab edirəm ki, bu, müəyyən bir element kimi təhlil edilə bilər. Ancaq fundamental məsələ Azərbaycanda yeni formalaşması gözlənilən, arzulanan Milli Məclisin Prezident İlham Əliyevin yürütdüyü siyasətə, yeniləşən icra hakimiyyəti sisteminə, hökumətə uyğun olmasıdır. Bu siyasi balansı təmin etmək lazımdır.
- Sizcə, YAP yeni parlament seçkilərinə namizədlərini daha çox kimlərdən təşkil etməyə çalışacaq? Yeni parlamentdə müxalifətin əvvəlki illərə nisbətdə daha çox təmsil olunma ehtimalı nə qədərdir?
- Hakim partiyanın hansı namizədləri adlar olaraq irəli sürəcəyi təbii ki, bizə bəlli deyil. Lakin Prezidentin dəst-xətti, üslubu, hörmətli Mehriban xanımın dövlət idarəetmə sistemində Birinci vitse-prezident olaraq 2017-ci ildən təmsilçiliyi və onun Azərbaycanın həm hakimiyyət sistemini, dövlət idarəçiliyini yeniləşdirməsi və gücləndirməsi, eləcə də cəmiyyətə gətidiyi yenilik, fərqli yanaşmalar, yeni üslub bizə onu deməyə əsas verir ki, bu simaların adlarından asılı olmayaraq, onların hamısı daşıdıqları mandatı xalqdan alaraq, lakin eyni zamanda, təmsil etdikləri dövlətin həyata keçirdiyi kursda aktivlik göstərəcəklər, gözləmə mövqeyi tutmayacaqlar, passivliyə qədəm qoymayacaqlar, özlərini media məkanından kənar saxlamayacaqlar. Həmçinin siyasi məsuliyyətlərini daha çox dərk edəcəklər, vətəndaşın ayağına gedəcəklər, yalnız 5 ilən bir insanları yada salmayacaqlar və s. Beləliklə də hesab edirəm ki, siyasi tərkibin dəyişməsi də ehtimal olunur. Amma burada açıq demək lazımdır ki, STM-də aparılan müəyyən araşdırmalar, həmçinin sorğular onu göstərir ki, gələcəkdə formalaşacaq yeni qanunverici hakimiyyətdə radikalizmin meydanı çox dardır. Biz insanlarımıza konkret suallar ünvanlamışdıq ki, hakimiyyətdən kənar olan qüvvələrin perspektivlərini necə görürsünüz? Və ya həmin şəxslər və ya qüvvələr ictimai rəğbəti özlərində nə dərəcədə ifadə edirlər? Müsbət cavabların həcmi çox kiçikdir. Biz bunu məsuliyyətlə və eyni zamanda, mötəbərliklə, dəqiqliklə təqdim edəcəyik və hər kəs də görəcək ki, söylədiyimiz məsələlər gerçəkdir. Bununla bərabər, parlamentdəki rəngarənglik, fikir mübarizələri, siyasi platformaların yarışı, ideoloji fərqliliklər zəruridir. Bunu hər kəs dərk edir. Lakin onu da unutmaq olmaz ki, parlament mübarizəsi qətiyyən parçalanmalara, hansısa əlamətlərinə görə revanşizmə yol açmamalıdır. Gördüyünüz kimi, region dövlətlərində biz oxşar problemləri yaşamaqdayıq. İndi bizim üçün ən başlıca məsələ mərkəzi dövlət sisteminin güclülüyünün qorunub saxlanmasıdır. Hakimiyyətin bütün qolları yeniləndikcə əminəm ki, dediyimiz istiqamətdə tədbirlər dərinləşəcəkdir. Millətin hakimiyyətin bütün institutlarından razılıq əmsalı artacaqdır.
Xatırlayırsınızsa, bizim sentyabrın 24-də mərkəz olaraq keçirdiyimiz təqdimatda müxtəlif digər qurumlara cəmiyyətin münasibəti şkalasında Prezidentdən başqa yerdə qalan strukturların fəaliyyətinə münasibət o qədər də yüksək deyildi. Bu bir faktor kimi, həm də eyni zamanda dövlətə də bir siqnal olaraq mühüm məsələ kimi düşündürməkdə idi. Ona görə də hesab edirəm ki, Azərbaycan dövləti bu gün hakim partiyanın timsalında verilən qərarlarla sübut edir ki, bizim hazırda yaşadığımız proseslər tarixi xarakter daşıyır. Burada vətəndaşlarımızın aktivliyi ictimai prosesləri daha da canlı etmək, ona dinamizm gətirmək, eləcə də yaxın aylar içərisində formalaşan parlamenti millətin, dövlətin tələblərinə tamamilə uyğunlaşmaq imkanı verəcək. Həqiqətən bu gün Azərbaycan insanı bu yenilənməni arzulayır və cənab Prezidentin oktyabr ayındakı fəaliyyəti ilə bağlı biz ictimai rəyi ölçməyə çalışarkən onu görürdük ki, islahatların dərinləşməsi Prezidentin nüfuzunun güclənməsi ilə sinxron şəkildə bağlıdır, biri digərini tamamlayır, bir-birilə üzvi şəkildə vəhdətdədir. Belə olan təqdirdə indi islahatlar parlamenti, islahatların güclənməsində iştirak edən yeni Məclis 2020-ci il tarixinin Azərbaycan həyatının ən mühüm hadisəsi olaraq bizim siyasi həyatımıza daxil olacaq. Ümidvaram ki, bu seçkilərin elan olunması Azərbaycan xalqı içərisində də rəğbətlə, inamla qarşılanacaq və insanlarımız bu prosesə aktiv qoşulacaq.