AMEA-dan Lent.az-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətinin dünən keçirilən iclasında yeni təyinatlar təsdiq olunub. Belə ki, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əminağa Bəhmən oğlu Sadıqov Elmi-Təşkilat İdarəsinin, fizika-riyaziyyat üzrə elmlər doktoru Ədalət Bədəl oğlu Həsənov Beynəlxalq əlaqələr İdarəsinin, Sara Əhməd qızı Əfəndiyeva Təhsil və kadrlar şöbəsinin, Səid Şahin oğlu Hüseynov İctimaiyyətlə əlaqələr şöbəsinin, hüquq üzrə fəlsəfə doktoru Azər Zərqara oğlu Namazov Hüquqi təminat şöbəsinin rəisi vəzifəsinə təyin ediliblər.
Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevə həvalə edilib.
Qeyd edək ki, Rəyasət Heyətinin Mərkəzi Aparatında yeni yaradılmış İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olunan Səid Hüseynov indiyədək Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Hüseynov Səid Şahin oğlu 1980-ci il noyabrın 30-da Bakıda ziyalı ailəsində anadan olub. 1997-ci ildə Bakı şəhərində 144 nömrəli orta məktəbi bitirib, 2003-cü ildə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilini başa vurub. 1998-ci ildən jurnalistika ilə məşğul olan S. Hüseynov son 15 ildə "Hər gün", "Gülüstan" və “Xalq qəzeti” qəzetlərində çalışıb, "Sara" televiziyasında təcrübə keçib. O, “İctimai TV”də yayımlanmış palçıq vulkanlarına dair sənədli filmin müəllifi və aparıcısıdır.
S.Hüseynov 2004-cü ilin fevral ayından etibarən AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsində çalışaraq institutun KİV-lərlə əlaqələrini qaydaya salıb və xeyli genişləndirib. O, adıçəkilən şöbənin rəhbəri kimi çalışdığı dövrdə Geologiya İnstitutunun tədqiqatlarını yalnız yerli deyil, xarici mediada da geniş məqalələrlə təbliğ edib. Onun elmlə bağlı məqalələrinin dərc olunduğu nəşrlər sırasında ölkəmizin “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və Rusiyanın “Poisk” qəzetləri, ABŞ-ın “Natural History”, "Azerbaijan International" və İngiltərənin “NewScientist” jurnallarını qeyd etmək olar. O, xarici mətbuatda Azərbaycanın yalnız elmi tədqiqatlarını deyil, elm siyasətini və ətraf mühitin mühafizəsi istiqamətindəki islahatlarını da işıqlandırıb. İctimaiyyətlə əlaqələr şöbəsinin yeni rəhbəri Azərbaycan elmini xarici mətbuatda ardıcıl işıqlandıran ilk jurnalistdir.