“Araz” marketlər şəbəkəsində satışda olan daha bir qida məhsulu ilə bağlı narazılıq yaranıb. Bu narazılığa səbəb məhsulun istehsal müddəti ilə bağlıdır.
BakuPost.az xəbər verir ki, söhbət Veysəloğlu firmasına aid “Salatto” adlı konservləşdirilmiş yaşıl noxuddan gedir. Belə ki, paytaxt sakinlərindən biri həmin firmadan olan eyni ölçülü iki qab yaşıl noxud alıb. Lakin qablaşdırılması və tərkibində heç bir fərq olmayan bu noxudların istifadə müddəti fərqlidir. Belə ki, qablardan birinin üzərinə istehsal tarixi 05.07.2017-ci il yazılıb və istifadə müddəti 36 ay göstərilib. Digər qabın üzərində isə istehsal tarixi 23.07.2017-ci il və yararlılıq müddəti 48 ay göstərilib.
Nəzərə alaq ki, onların tərkibində heç bir dəyişiklik yoxdur. O zaman belə bir sual ortaya çıxır: Eyni firmanın istehsalı olan və 18 gün fərqlə satışa çıxan noxudun yararlılıq müddətindəki fərq nə ilə əlaqəlidir? Hansı səbəbdən birində 3, digərində 4 il istifadə müddəti qeyd olunsun?
Məsələyə aydınlıq gətirmək üçün adı çəkilən şirkət ilə əlaqə saxladıq. Şirkətin aşıqlamasında deyilir:
"Qeyd etdiyiniz məhsul ilə bağlı suallarıza cavab olaraq məlumat vermək istəyirik ki, Белгородские овощи fabrikində istehsal edilən, Veysəloğlu distributor tərəfindən dağıtım və satışını həyata keçirilən Salatto məhsulunun istehsal prosesi eləcə də qablaşdırma zamanı istifadə olunan rəf ömrü nəzərə alınmaqla son istifadə tarixi qeyd edilir.
Standartlara əsasən emal təbəqə ilə örtülmüş dəmir qabda məhsulun saxlanma müddəti 48 aydır. Distribüterliyini etdiyimiz bütün markaların ölkəyə idxalı zamanı hər bir partiya məhsul AQTA tərəfindən müasir labaratoriyalarda standartlara uyğun şəkildə yoxlanışı həyata keçirildikdən sonra satışına icazə verilir.
Eyni zamanda şirkətimiz son istifadə tarixi bitməsinə ən az 40 gün qalmış məhsulları satış rəflərindən çıxarılaraq prosedura uyğun şəkildə utilizasiya edilir".
"Araz" marketlər şəbəkəsi isə məsələyə belə aydınlıq gətirdi:
“ “Araz” supermarketlər şəbəkəsi qətiyyən saxta məhsul satışını həyata keçirmir. Saxta məhsul staişından söz gedə bilməz. Marketlərimizdə keyfiyyətli yerli və idxal məhsulları müştərilərə təqdim olunur. Bütün məhsullar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq yoxlamalardan keçəndən sonra satışa çıxarılır. Sözügedən məhsul isə müştərilərin rəğbətini qazanmış, uzun illərdən bəri istehlak olunan məhsuldur.”