Gələn il Vergilər Nazirliyi Azərbaycan ərazisində istehsal edilərək daxili bazarda satılan (topdan) yanacağa görə 76 milyon manat yol vergisi toplamağı proqnozlaşdırır.
"Yenimeydan.info" "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəyə istinadən bildirir ki, bu məbləğ 2019-cu ilin gözlənilən icrasına nisbətən 6 milyon manat və ya 7,3% az olacaq. 76 milyon manatlıq yol vergisinin 88%-i avtomobil benzini və dizel yanacağının hesabına toplanacaq.
Gələn il avtomobil benzininə görə yol vergisinin 27,8 milyon manat, dizelə görə isə 38,9 milyon manat olacağı gözlənilir. Avtomobil benzininə görə yol vergisinin məbləği bu ilin göstəricilərilə müqayisədə 19,2% azalacaq, dizelə görə yol vergisinin məbləği isə bu ilin göstəricilərilə müqayisədə 4,2% artacaq.
Maraqlıdır ki, Nazirlər Kabinetinin "2020-ci və gələn üç il üzrə İqtisadi və Sosial İnkişaf Konsepsiyası və Proqnoz Göstəriciləri"ndə qeyd olunur ki, bu illə müqayisədə gələn il avtomobil benzininin istehsalı 17,6% artacaq (1 milyon 133,5 min tona qarşı 1 milyon 333,5 min ton), dizel yanacağının istehsalı isə 1,3% azalacaq (2 milyon 60,1 min tona qarşı 2 milyon 33,9 min ton).
Dizel istehsalının azalacağı ilə bağlı proqnoza baxmayaraq yanacağına görə yol vergisinin artması necə mümkün olur? Bu yalnız o halda mümkün ola bilər ki, ölkə ərazisində dizel yanacağının satış (topdan) qiyməti artırılsın.
Məlumat üçün bildirək ki, hazırda 1 ton dizel yanacağı üçün tətbiq olunan yol vergisinin məbləği 23,8 manat təşkil edir. /Yeniavaz.com