"26-lar" filmində maraqlı bir epizod var. Fəhlə Süleyman iclasda soruşur ki, “çörək olacaq? Şaumyan cavab verir: ”Yox”. Süleyman: “bir həftəyə də olmayacaq? Cavab eyni olur - “bir həftəyə də çörək olmayacaq”. Başqa birisi də yaxınlaşıb: ”heç iki həftəyə də olmayacaq?”- soruşur, “heç iki həftəyə də olmayacaq” - cavabını alanda, Süleyman ingilislərin Bakıya gəlməsinə səs verir...
24 sentyabr 1993-cü ildə Azərbaycan MDB-yə daxil olub. Bir aydan sonra Zəngilan rayonu da işğal olundu və Rusiyanın çətirinin altına girmək bizi növbəti fəlakətdən qurtarmadı. Rusiyada Yeltsin dönəmi başa çatanda bəziləri sevincək oldular və xəbər yayıldı ki, Qarabağ məsələsində Rusiyanın mövqeyi tədricən dəyişəcək və münaqişə tezliklə həll olunacaq, həm də bizim xeyrimizə. Kremlin mövqeyi həqiqətən dəyişdi, amma daha pis istiqamətdə. Rusiya öz hesabına Ermənistanı silahlandırmaqda davam etməyə başladı. Rusiya dövlət xadimləri Qarabağın işğalına dəstək vermək üçün bütün vasitələrdən istifadə etməyə başladılar və bu proses davam edir.
Azərbaycandan isə Rusiyanın mənafelərinin gözlənilməsi tələb şəklində qoyuldu. Kreml ilk növbədə Qarabağın işğalında Rusiya faktorunu və 366-cı alayın Xocalı soyqırımında iştirakını hallandırmamağı, 20 Yanvar qətliamında Sovet-Rusiya məmurlarının adının çıxarılmasını, Qərblə münasibətlərdə xüsusi məsafə saxlamağı tələb etdi. Tələb yerinə yetirildi. Mədəni tədbirlər adı altında Rusiya mədəniyyət xadimləri Bakıda tez-tez görsənməyə və Azərbaycanın fəxri adları, əl altdan da pul mükafatları verilməyə başlandı. “Jara” festivalı ilə hər il Azərbaycanın heysiyyatına zərbə vurulduğu hamıya məlum olsa da, ora kimi gətirməyin ixtiyarının özlərində olduğunu bildirdilər və heç bir etiraz istəmədilər. Əməl olundu, olunur. Bakıda 400-dən çox rusdilli məktəb var, daha da artacaq və bu fəxrlə vurğulanır. Əsas Rusiyanın istəyidir. Rusiya bu işdən razılıq edir. Zabelin də öz yerində.
2013-cü ilin avqustun sonunda Rusiya hərbi gəmiləri Bakı bulvarına yan aldı. Gəmilərin topları göz çıxarırdı. Gəminin dalınca Putin özü də təşrif buyurdu. Dedilər, gəmilər boş gəlmişdi, amma dolu getdi. 2016-da aprel döyüşləri Rusiyanın bir kəlməsi ilə dayandırıldı. Həmin ilin sentyabrın 21-də Ermənistan Rusiyadan aldığı “İsgəndər” raket kompleksini nümayiş etdirdi və raketlərin bizə tuşlandığını, Qarabağ cəbhəsində bir də əlimizi ağdan qaraya vurası olsaq, Rusiyanın ermənilərə bağışladığı bu dəhşətli silahla Bakının külünü göyə sovuracaqlarını fəxrlə üzümüzə söylədilər. Azərbaycan susdu. Susqunluq təşəkkürsüz qalmadı və susanlar Rusiya medalları ilə təltif olundular. Sovet dövründə də belə idi -1984-cü ildə Qazağın Kəmərli kəndindən 10 min hektar torpaq erməniyə veriləndə, bizə Keçici Qırmızı Bayraqlar verirdilər...
Son illəri isə yada salmağa ehtiyac yoxdu - Lavrovun da, Zatulinin də, Zaxarovanın da və bu qəbildən olan ermənipərəst Rusiya dövlət xadimlərinin mövqeləri hər kəsə məlumdur. Yuxarıda qeyd etdiklərimizin heç birini Ermənistan Rusiyaya etməyib. Paşinyan hakimiyyəti isə sözün əsl mənasında Rusiyaya meydan oxuyur, bərabərhüquqlu münasibətlər tələb edir, üzünü də tutub Qərbə. Rusiya ermənilərə yalvarır, Qarabağ ermənilərinin iradəsindən kənar heç bir şey olmayacaqlarını bildirir, amma Ermənistan geri çəkilmir, 7 rayonun hamısını istəyir. Duma səlahiyyətlisi Zatulin Dağlıq Qarabağın üstündə Kəlbəcəri, Laçını da verəcəklərini televiziyadan and içib deyir, amma Ermənistan yenə razı olmur. Rusiya isə ermənilərə yalvarmaqda, bizim üstümüzə qışqırmaqda davam edir. Şərti də birmənalıdır. Heç vaxt Qarabağ adını bizim yanımızda çəkməyin.
Çəkmirik də. Süleyman kişi yenə səsini ingilisin gəlməyinə verdi. Biz lap mağmın gündəyik. Süleyman kişi deyir ki, “bax, məni ölümə göndər, gedərəm” əlini də üzünə qoyub: ”kişi deyil, getməyən”- deyir. Ardınca: “Amma, mənim balalarım var, onlar acdırlar, çörək olacaq?”. Indi bu Rusiyadan soruşan yoxdur ki, bax, dediklərinin hamısını elədim, hələ artıqlaması ilə elədim, amma de görək Qarabağı almağıma icazə verirsən? Qarabağı qaytarmağa yox haa, Qarabağı məhz almağa, öz gücümüzlə. Yoxdursa, olmaycaqsa, bu nə sevdadır? Səsvermə də yoxdur ki, Süleyman kişi kimi hərəkət edək.
Ilham İsmayıl