“Diqqət etmisinizsə, toy mərasimində masanın üzərində soyuq qəlyanaltılar çox olur və onların bir çox isə mahiyyət etibarilə bir-birinə oxşardır. Bir çox hallarda bu toydan qalan qəlyanaltıları sabah başqa toyda da masaya düzürlər”
Bunu Moderator.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev toylarımızdakı zəhərlənmə hallarından danışarkən deyib. Ekspert restoran və şadlıq saraylarında təmizliyə riayət edilməsinin vacibliyini vurğulayıb:
“Ümumiyyətlə, bu gün zəhərlənmə halları çoxalıb. Zəhərlənmə hadisələr daha çox yay aylarında baş verir və bu da isti hava şəraitinin olmasından qaynaqlanırdı. Amma indi görürük ki, havaların soyumasına baxmayaraq zəhərlənmə halları yenə də var. Bu isə birinci növbədə restoran və şadlıq saraylarında ekonom məhsullardan daha çox istifadə edildiyi üçün baş verir. Sahibkarlar xərcləri azaltmaq , daha çox pul qazanmaq uğrunda çalışırlar. Onlar daha ucuz süd və süd məhsullarına, soyuq qəlyanaltılara üstünlük verirlər. Diqqət etmisinizsə, toy mərasimində masanın üzərində soyuq qəlyanaltılar çox olur və onların bir çoxu isə mahiyyət etibarilə bir-birinə oxşardır. Bir çox hallarda bu toydan qalan qəlyanaltıları sabah başqa toyda da masaya düzürlər. Bu kimi hallar isə yolverilməzdir. Bunlar şadlıq sarayı sahibinin daha çox qazanc əldə etməsinə xidmət edir. Birinci növbədə bu kimi hallar aradan qalxmalıdır, çünki buna görə insanları təhlükə gözləyir, zəhərlənmə hadisələri olanda restoran sahibi çox böyük məsuliyyət qarşısında qalır. Buna görə də onlar dövlət tərəfindən sertifiaktı olan məhsulları almalıdırlar.
Məhsulların restoranda saxlanma şəraiti düzgün olmalıdır. Bəzən görürsünüz ki, bəzi şadlıq saraylarının soyuduclarında problem olur, temperaturunu düzgün tənzimləmirlər və bunlar da mikroorqanizmaların minbüt şərait tapmasına kömək edir. Müştəri də bunu yedikdə zəhərlənmə hadisəsi baş verə bilir. Bundan başqa təmizlik məsələsinə də diqqət edilməlidir. Yeməyi bişirən aşbazın, qarsonların təmizliyə riayət etməsi də vacib şərtlərdən biridir. Daha bir məsələ yerin özünün təmiz olmasıdır. Bizim şadlıq saraylarında gözlə görünən yerlər təmizdir, amma hava boruları, tüstü ötürücülər necə təmizlənir, onu bilmirik. Belə olanda havada olan mikroblar yeməyə hopa bilir. Təəssüflər olsun ki, bir çox şadlıq saraylarında buna riayət edilmir”.