"Dövlət Gömrük Komitəsi ölkə ərazisinə müvəqqəti olaraq gətirilən avtomobillərin ölkəyə yenidən girişinə qadağa qoya bilərmi?".
Mia.az xəbər verir ki, bu sualı informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz sosial şəbəkədəki hesabında verərək, Azərbaycana gətirilən Gürcüstan seriyalı maşınlarla bağlı yaranan ajiotaja münasibətdə yazıb.
Ekspert xatırladıb ki, Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı yaranan problemlərlə bağlı açıqlama yayıb:
"DGK xarici maşınlarin 90 gün Azərbaycan ərazisində olma müddəti bitdikdən sonra yenidən ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirəcəyini bildirib. DGK bununla bağlı bir xeyli səbəblər açıqlayıb ki, onların heç birinin DGK səlahiyyətinə, qurumun qarşısına qoyulan vəzifələrə hər hansı aidiyyatı yoxdur.
Məhz bu səbəbdən diqqət etsək, görərik ki DGK xeyli absurd səslənən açıqlamasında məhz "nəzarəti gücləndirəcəyini bildirib”, yəni müvəqqəti gətirilən avtomobillərin qarşısını alacağını qeyd etməyib. Çünki belə bir açıqlama qanunazidd olardı. DGK-nın ölkə ərazisinə müvəqqəti gətirilən avtomobilləri buraxmamaqla bağlı və onların yenidən girişinə qadağa qoymaq səlahiyyəti yoxdur.
Bu tip məsələlər DGK açıqlaması və ya təlimatı ilə deyil, qanunla və hökumətin qərarları ilə tənzimlənir. Dərhal da qeyd etmək istərdim ki, qurum bu açıqlamanın ünvanını da düz seçməyib.
Fikrimcə, DGK hökumətə yönəlik təkliflə çıxış etməliydi. DGK-da bu tip maşınlarla bağlı xeyli DATA formalaşıb. Onlar mərkəzi icra qurumu olaraq bu dataya sahib olmaqla yaranmış situasiyanı daha yaxşı bulirlər.
Ona görə də, düşünürəm ki, DGK öz açıqlamasında qeyd etdiyi vəziyyətin dəhşətli dərəcədə yüksək gömrük rüsumları ilə bağlı olduğunu hökumətin diqqətinə çatdırmalı və bu vəziyyətin normallaşdırılması üçün gömrük rüsumlarına yenidən baxlmasını təklif etməliydi.
Ümid edirəm, DGK vəziyyəti ciddi analiz edib mövcud durumun sağlamlaşdırılması üçün hökumətə normal təkliflər verə biləcək və hökumət də gömrük rüsumlarına yenidən baxacaq".