ANN.Az-ın "BBC"yə istinadən verdiyi xəbərə görə, bu, Niderlanddan olan tədqiqatçıların 10 ildən çoxdur üzərində işlədiyi genişmiqyaslı araşdırma nəticəsində məlum olub.
Niderlandlı alimlər on il ərzində 14 min qadın və kişi üzərində təcrübə apararaq onlarda ürək xəstəlikləri və infarkt hallarını müşahidə edib. Uzun müddətli təcrübə zamanı 600-ə yaxın şəxs ürəklə bağlı xəstəliyə tutulub, onlardan 129-u vəfat edib. Tədqiqatın nəticəsinə görə, mütəmadi olaraq idman edən, sağlam yemək yeyən, həddindən artıq spirtli içki içməyən və siqaret çəkməyən şəxslərin ürək xəstəliyinə tutulma ehtimalı digərlərindən daha azdır. Gün ərzində 7 saat və artıq yatmaq isə bu ehtimalı daha da azaldır.
Gün ərzində 7 saat yatan, sağlam qidalanan, idman edən, az içki içən və siqaretdən imtina edən şəxslərin ürək-damar xəstəliklərinə tutulma riski 65%, bu xəstəlikdən ölmə ehtimalı isə 83% daha azdır.