“Yeni Sabah” Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin “AzPolitika.info”ya müsahibəsini təqdim edir:
- Sülhəddin bəy, son aylar hakimiyyət daxilində baş verən prosesləri, xüsusən də kadr dəyişikliklərini necə qiymətləndirirsiniz?
- Ümumi yanaşsaq, ölkədə yaranan durum elədir ki, kadr dəyişikliyinin radikal və köklü dəyişikliklərə gətirib çıxaracağına inanmıram. Hesab edirəm ki, idarəçiliyin mahiyyəti dəyişməyəcəksə, hakimiyyət sistemində təmərküzləşmə artacaqsa, vəziyyət pisləşə bilər. Əvəllər müxtəlif və ya potensial güc mərkəzləri var idisə, indi gələcəkdə iddia ortaya qoya biləcək bu güc mərkəzlərinin hamısı bir-bir sıradan çıxarılır.
- Son kadr dəyişikliklərində ən əhəmiyyətli hadisə, sözsüz ki, PA rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsi oldu. Uzun illər belə hesab olunurdu ki, akademik Ramiz Mehdiyev hakimiyyət daxilində böyük imkanlara, təsirlərə, rıçaqlara və xarici dəstəyə malik ciddi fiqurdur. Sizcə, bu təsəvvürlər nə dərəcədə əsaslı idi?
- Birincisi onu qeyd edim ki, Rusiyanın Azərbaycanda mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Bu mövqenin güclənməsində Ramiz Mehdiyevin də böyük rolu olub. Amma bu o demək deyil ki, yalnız Ramiz Mehdiyev bu işi görüb. Bu posta kim gəlir-gəlsin, Azərbaycanda Rusiyanın təsiri güclüdür. Sözsüz ki, belə yüksək postda əyləşən şəxsin imkan və qabiliyyətindən, habelə Rusiyaya nə dərəcədə bağlılığından da çox şey asılıdır. Şəxsi fikrim budur ki, Azərbaycanda Rusiyanın təsiri artır və bu proses Ramiz Mehdiyevdən sonra da davam edəcək.
- Kadr dəyişiklikləri, xüsusən gənclərə yolun açılması həm də Azərbaycanda SSRİ-dən qalma idarəçilik prinsipindən imtina olunması deyilmi?
- Burada ilk olaraq təbii proses gedir. İqtidardan gedən məmurların böyük əksəriyyəti qocalıb, əmək qabiliyyətini itirib. Söhbət təbii şəkildə nəsil dəyişikliyindən gedir. Burada təbii bioloji-tibbi faktor var. O da təbiidir ki, gənc və yeni nəsil ya sovet dövrünü görməyiblər, ya da həmin dövrün son illərində yaşayıblar. Yəni əvvəlkilər qədər sovet dövrünə duyğusal bağları yoxdur. Bu faktor var. Amma bu o demək deyil ki, Rusiyanın Azərbaycana təsiri azalacaq. Məncə, bu o deməkdir ki, ölkədə vəziyyətin dəyişəcəyi atmosferdə onların Rusiyanın təsirindən çıxma ehtimalı artacaq. Bu həqiqətdir.
- Siz kadr dəyişikliyinin davamı olaraq daha dərin islahatların aparılmasını gözləyirsinizmi?
- Əgər söhbət demokratik ölkədən gedirsə, burada islahat anlayışının üç göstəricisinə əməl olunmalıdır. Birincisi, islahatlar qanunvericilik əsasında baş verməli və köklü dəyişikliklərə gətirib çıxarmalıdır. İkincisi, islahatlar dövlətin ali məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında yazılır ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir. Demək istəyirəm ki, islahatlar bu məqsədə xidmət etməlidir. Üçüncüsü, islahatlar demokratik olmalıdır. Bu tələbə əməl edilməsə, atılan addımlar hakimiyyətin təmərküzləşməsinə xidmət edəcək.
- Uzun illər mətbuatda yazılırdı ki, oliqarxlar, böyük təsir gücü olan məmular dövlət içində problemə çevrilir. Doğrudanmı köhnə komanda təhlükə mənbəyi idi?
- Təbii ki, o komanda milli iradəni əks etdirmirdi. Milli iradəni ifadə etməyən də milli maraqlara xidmət etmir. Amma onu da nəzərə almaq lazımdır ki, bu insanlar potensial təhlükə olaraq qalacaq. Əvvəllər bu adamlar vəzifədə olduqları, hər cür şəraitə malik olduqları səbəbindən iqtidarı müdafiə edirdisə, indi vəzifəni itirdikləri səbəbindən potensial təhlükə ola bilərlər. Amma bu o demək deyil ki, onlar özlərində cəsarət tapıb mübarizəyə başlayacaqlar. Fikrimcə, siyasi fəallıq artdıqca həmin insanlar əvvəl gizli, sonra yarıaçıq fəaliyyətə keçə bilərlər. Yaşları ötsə də, nəvələri, övladları var. İdeyası, amalı olmayan insanlar qrupu vəzifəsini, səlahiyyətlərini itirəndə durumdan məmnun olmur. Bir daha qeyd edim ki, onların cəsarətləri yoxdur ki, etirazlarını bildirsinlər, təşkilatlansınlar və s. Onlar sadəcə vəziyyəti izləyəcəklər və ictimai-siyasi proseslər aktivləşəndə, hamısı olmasa da, bir qismi fəallıq göstərə bilər.
- Özünüz qeyd etdiniz ki, onlar siyasi baxımdan iddialı deyillər...
- Mən ehtimallar üzərində danışır və daima potensial sözünü işlədirəm. Onlar müstəqil güc deyillər. Onlar o zaman real gücə çevrilə bilərlər ki, mənsub olduqları xarici mərkəzdən komanda verilsin. Hələlik, uzaqgedən nəticələr çıxarmağa dəyməz. Biz sadəcə ehtimallar haqqında danışırıq.