Xəbər verdiyimiz kimi, Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzlayıb. Dövlət başçısının digər sərəncamı ilə Şahin Məmmədov Masallının icra başçısı təyin edilib.
Şahin Məmmədov 1959-cu il yanvarın 1-də Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub.
Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində işləyib.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti Başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004-cü il tarixli sərancamı ilə Samux Rayon İcra Hakimiyyətinin Başcısı vəzifəsinə, 26 dekabr 2005-ci tarixli sərancamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
28 dekabr 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müdafiə Nazirliyi 1918” yubiley medalı, Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “Veteran Həmrəyliyi” medalı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Fədai” medalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
YAP Siyasi Şurasının üzvüdür.
Ailəlidir, 4 övladı var.