Almaniyada Müsavat Partiyasının üzvlərinin həbsi ilə bağlı ortaya çıxan mühacir biznesinə sərt reaksiyalar davam etməkdədir. Hadisənin baş vermə səbəbləri haqda detallara varmadan aktiv sosial şəbəkə istifadəçilərinin bu hadisə ilə bağlı reaksiyalarını təqdim edirik:
Müsavat Partiyasının fəalı Yadigar Sadıqlı:
- Son iki ildə azsaylı həmfikirlərimlə birlikdə Müsavat Partiyası daxilində apardığım mübarizənin nə qədər ağır olduğunu təsəvvür edə bilməzsiniz. Hakimiyyətə qarşı 19 illik mübarizəm bütün repressiyaları ilə bu qədər ağır olmayıb. Bu iki ildə baş verənlər mənəvi cəhətdən daha ağır idi. İllərlə çiyin-çiyinə mübarizə apardığın insanların eyhamına, şərinə, böhtanına, təhqirinə dözmək mümkünsüz idi. Hökumətdən mən şəxsən bu qədər böhtan və təhqir eşitməmişəm. Halbuki özümüz üçün heç nə istəmirdik. Bugün baş verənləri sadəcə ehtimal edirdik və qarşısını almağa çalışırdıq. Bütün istədiyimiz Müsavat üçün idi, bütün təlaşımız Müsavatın adına, nüfuzuna görə idi. Hər nəyə əlimizi yelləyib sakit dura bilərdik. Amma məzarları Fransadan Sibirə qədər bütün Avrasiyaya səpələnən o əski müsavatçıların ruhu qarşısında duyduğumuz məsuliyyət imkan vermirdi. İçimi dağıdırdı o məsuliyyət. Çox təəssüf ki, bacarmadım...
Meydan TV-nin rəhbəri Həbib Müntəzir:
- Müsavat (AKM) Avropa Koordinasiya Mərkəzinin sədri İlham Həsənlə danışdım. Saxlanılma xəbərini təkzib etdi. Son baş verənlərdən heç bir məlumatı olmadığını dedi. Halbuki mən izah etdim ki, Koblenz məhkəməsinin rəsmi sənədində istintaq işində adı müqəssir kimi hallanır. Dedi ki, o sənədlər 2-3 il öncənin sənədidir. Müsavat AKM-in saxta sənədlərlə əlaqəsi yoxdur və heç nədən də məlumatı yoxdur. 2 gündür telefonu itib, özü də işdə olub. Açığı özünə də bildirdim, mənim şübhələrim hələ də durur.
İctimai fəal İlkin Rüstəmzadə:
- Heç kim inciməsin, amma, mühacirət biznesində əli olan hər kəs cəzalandırılmalıdır, cəmiyyətin nifrətilə qarşılanmalıdır. Bu məsələdə güzəşt olmamalıdır. İnsanlar həyatlarını ortaya qoyurlar, illərini soyuq divarlar arasında çürüdürlər, kimlərsə də bundan istifadə edib biznes quracaq, özünə həyat təmin edəcək. Buralarda olsunlar.
Təvazökarlıqdan keçib, amma, mən 6 ilimi ona görə qurban verməmişəm ki, insanları qanmadıqları 2 mitinqə çıxarıb şəkil qaldırtdırıb, nə bilim kəndindəki iki inəyi satdırıb Almaniyaya, Fransaya qaçqın adıyla soxuşduran hansısa dümsük və ya dümsüklər , mənim, başqalarının, bu ölkədə qalıb mübarizənin əziyyətini çəkən və ön sıralarda olan insanların adından istifadə edib biznes qursun, hələ bir oradan bura da şıllağ atsın. Qurbanlarla işim yoxdu, onlar zavallı və bədbəxtdilər. Məsuliyyəti sənəd satanlar və mexanizmi quranlar daşıyırlar.
Amma, başda telefon kamerasını açıb "sənin ağzuuu ***** ay filan müxalif aktivist, lider və s" deyən gədə-güdənin başına qapaz, arxalarına təpik vurub bura göndərsələr heç üzülmərəm. Demirdilər, inqilab, ay nə bilim siz bacarmırsız, buyursunlar, gəlib öyrətsinlər.
Müsavat partiyasına gəlincə. İnanmaq istəyirəm ki, onların bu işdə əlləri yoxdur, amma mənim və eləcə də digər dostların inanması üçün, Müsavat rəhbərliyi susmamalıdır, ortaya siyasi iradə qoyulmalı, bu iş ciddi şəkildə araşdırılıb cəmiyyətə şəffaf şəkildə hesabatı verilməlidir. Bilməliyik ki, bu işi kim görüb. Bəlkə Tofiq Yaqublu və ya Yadigar Sadıqlı edib, istənilən halda biz bunu bilməliyik.
Bir də gələk, əsas günahkarlara. Bəli, bəli. Bu işdə ən böyük günahı dələduz maklerlərin vətəndaşlara 2000 manata viza düzəltməsində əməkdaşlığı olan səfirliklərə. Onlar da yaxalarını kənara çəkməsinlər. Ölkədən nə qədər tullantı, dələduz adama pulla viza satıb Avropada oturum veriblər, əsl dissidentlərə isə viza vermirlər ki, birdən qaçalar.
Jurnalist Aygün Muradxanlı:
- Mühacir biznesinin tarixini çox da yeni saymayın. 12 il öncə müxalifət düşərgəsi ilə yaxından-uzaqdan əlaqəsi olmayan və TV-lərdən birində texniki işçi kimi çalışan tanışım müxalifət partiyasının biletini almaqda ona yardım etməmi istəyəndə daş atıb başımı tutmuşdum. Deyirdi ki, dostu qısa müddət içində pulla alıb və o əsasla ailəsi ilə Almaniyada yaşayır. “Sən nə danışırdan?”, “heç vaxt ola bilməz”, “Nizamnamə nəyi necə tələb edirsə elə olmalıdı, başqa yolu yoxdur” deyib, müxalifətçilərə böhtan atdığına görə haqqında ağır danışmışdım. Heç tövrünü pozmadan gülə-gülə demişdi ki, əsəbləşmə, adam tapıb 2 saata Müsavatın vəsiqəsini alım, onda danışarıq. Dediyini eləmişdi. 2 saata, 2 aya bilmirəm, amma sonda “müsavatçı” oldu, Almaniyaya köçdü.
Müsavat Partiyası belə boşaldıldı, bu al-ver partiyanın nüfuzunu yerlərə düşürtdü, mühacir biznesi bu haqda danışanların üzərinə trol sürüsü salına-salına çiçəkləndi, mitinqlər təzə “bazar dalğası” yaratmaq üçün keçirildi. Partiya rəhbərliyi isə burnunu yuxarı tutub ali ideyalardan dəm vurdu.
Heç kim ölkəsini kefindən tərk eləyib elementar gigiyena, məişət mədəniyyəti olmayan Asiya, Afrika köçkünləri ilə eyni kamplarda oturum qərarını gözləmir. Mühacir həyatının çətinlikləri, əzabları sözə gəlməz. Doğma söz eşitməyib doğma üz görməməkdən insanların necə depresyona düşdüklərini dəfələrlə görmüşəm. Vətəndə gələcək görməyib Avropaya sığınanların çoxu psixoloji travmalarla ömür sürür. Övladlar dəyişir, nəsillər arasında əlaqə itir. Bəlli yaşdan sonra Avropanın sərt qanun-qaydası ilə yaşamaq asan gəlməsin. Suallardan biri də budur ki, niyə bu ağır şərtlər belə insanlarımızın Azərbaycandan köçmək istəklərinin qarşısını almır?
Amma indi mövzu bu deyil. Mövzu saxta müxalifət vəsiqələrinin satılmasıdır ki, özünü müxalifət lideri adlandıran şəxslər buna görə illərini müxalifət düşərgəsində keçirib vəsiqə ala bilməyən, tamamilə təsadüfi insanların vəsiqə almasına üsyan edən gerçək müxalifətçilər qarşısında mənəvi məsuliyət daşıyırlar.
Bu şəbəkə ifşa olunsa, hüquqi məsuliyyəti çoxları paylaşacaq. Avropaya bir partiya bileti ilə gedilmir ki?.. O bileti alanlara 40-50 dollarlıq vizaları kimlər 3000 dollara düzəldir, səfirlik dəllalları kimlərdir, hansı turizm şirkətləri qapısına “Bodrum, Antalya, Roma...” yazıb Avropaya mühacirdaşıma zəncirində bir halqa olmağı seçib, Avropa ölkələrinin miqrant idarələrində kimlər bu saxta sənədləri nə qədər rüşvət qarşılığında qəbul edir? Suallar çoxdur. Tələb təklif formalaşdırıb, avroplılar da hər zamankı kimi azadlıqlar sıxışdırılan ölkələrdə yeni biznes növləri kəşf ediblər. Tərəfdaşları da müxalifət partiyalarının rəhbərliyi...
Bunun adı dava satmaqdır... Çox ağır ittihamdır...
Jurnalist Könül Şamilqızı:
- Bilərək mövzunu “İlham Həsən içəridədi, ya azadlıqda”ya çəkməyə çalışırlar. Mahiyyətdən uzaqlaşmaq üçün. Mahiyyət çox aydındı - bu adamlar fırıldaqçılıqda, alverdə ittiham olunur və o sənəddə İlham Həsənin adı var. Mehdi Xəlilbəylinin isə - kəndiləri İlham Həsənin AKM-də müavini, Avropadakı tədbirlərin finansoru, “fədakar müsavatçı”ydı - həbsdə olduğu bildirilir. Mehdi Xəlilbəyli dünənə qədər “fədakar”, həbs xəbərindən sonra “sıravi” ola bilər, ancaq AKM-də sıradan fiqur deyildi - bunun əksini deyən sizin ağlınızı xəfifə alır. Tır qalmaqalını təkzib edə bilmədikdən sonra AKM Mehdi Xəliıbəylini “spisat” eləməyə çalışıb. Mehdi isə bundan qəzəblənib. Aşağıdakı mesajı da o qəzəblənmədən sonra yazıb - İlham Həsəni pul məsələsində qeyri-şəffaflıqfa ittiham edib. İndi Müsavat rəhbərliyi də Mehdidən imtina yolunu seçdi - yəqin imkanı olanda onlarla bağlı mesajlarını da görəcəyik. İlahi ədalət...