"Gilan Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəmil Muradov apellyasiya şikayəti verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, direktorun şikayəti şirkətin cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarındandır. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Gilan Holdinq"in cərimə edilməsi barədə inzibati protokol tərtib edib. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430-cu (Valyuta tənzimi qaydalarının pozulması) maddəsinin 4-cü bəndi ilə cərimə edir.
Qanunvericiliyə əsasən, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qərarardan verilən apellyasiya şikayətinə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Gilan Holdinq"in Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir. Baş ofisi Bakıda yerləşən "Gilan Holdinq" müxtəlif biznes sahələri üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları sahələrini əhatə edir. "Gilan Tikinti"yə "Inspection Development Monitoring", Qəbələ Asfalt zavodu, Qəbələ Tikinti Məhsulları Müəssisəsi, Gilan Seramik Zavodu və "Lotos" şirkətləri daxildir. "Gilan Turizm"ə Qəbələnd istirahət və əyləncə parkı, "Qəbələ" Oteli, "Gilan" Oteli, Yengicə İstisu Sağlamlıq Mərkəzi, Heydər Əliyev adına Konqres Mərkəzi, "Pullman Baku", Qafqaz Baku City Hotel & Residences, Qafqaz Park Hotel, Qafqaz Resort Hotel, Qafqaz Point Hotel, Qafqaz Riverside", Resort Hotel, Qafqaz Sport Hotel, Qafqaz Sahil Hotel və Cresсent Hoteli daxildir. "Gilan Sənaye" müəssisələri kənd təsərrüfatı, tekstil, qida, kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər toplusudur. Bu şirkətlər Agro-Azərinvest, Bakı CD emalı zavodu, Qəbələ Fındıq Emalı zavodu, Gilan Agrotech, Beltmann Piano zavodu, Qəbələ Konserv Zavodu, Lənkəran Konserv Zavodu, Gilan Lift zavodu, Gilan dəyirmanları, Gilan Zeytun, Gilan Plastik, Gilan Servis, Gilan Dəri emalı zavodu, Gilan Çay istehsalı, Gilan Tekstil parkı aiddir.