"Kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır".
Yenimeydan.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı deyib ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır: "Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb.
Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir".